Hərbi ekspertdən Ermənistan MN-in yekun hesabatına CAVAB (MÜDDƏALAR)

2019/02/16965-1549439637.jpg
Oxunub: 16014     11:43     06 Fevral 2019    
Ötən günlər ərzində Ermənistan Müdafiə Nazirliyinin dərc edilən yekun hesabatı ilə tanış olduq. Hesabat daha çox Sovet İttifaqı Kommunist partiyasının qurultaylarında səsləndirilən hesabatlara bənzəyir. Bu hesabatın bəndlərinin ayrı-ayrılıqda hansı məsələləri nəzərdə tutduğuna qısaca nəzər salaq.

1-ci bəndin ilk abzasında Ermənistan silahlı qüvvələri və Ermənistan silahlı qüvvələrinin idaretmə sisteminin yaxşılaşdırılması, silahlı qüvvələrin modernləşdirilməsi prosesininin təmin edilməsi vurğulanır. Bu idarəetmə sisteminin yaxşılaşdırılması bir-iki ay ərzində başa çatacaq bir proses deyil. Bu abzasın yerinə yetirilməsi ən azından tabor-briqada-korpus-mərkəzi İdarəetmə məntəqəsi (digər qoşun növlərində bənzər sxemdir) arasında avtomatik idarəetmə sisteminin tətbiqini, rabitə sistemlərinin, texniki avadanlıqlarının təmamilə dəyişdirilməsini tələb edir.

Silahlı Qüvvələrinin idaretmə sisteminin yaxşılaşdırılması ən azından informasiya, proqram, texniki, təşkilati, riyazi, hüquqi və linqvistik təminat növlərinin tətbiqini nəzərdə tutur. Sadə dillə desək, idarəetmənin modernləşdirilməsi, bütün bu idarəetmə sisteminə daxil olan komandirlərin hər birinə tabeliyində olan zabitlərin real zamanda öz vəzifələrini necə yerinə yetirdiyinə, hansı qərarları qəbul etdiyinə nəzarət edilməsinə və ani göstərişlər verməsinə imkan verir. Komandir heyəti həm öz qüvvələri, həm də düşmən haqqında malik olduğu məlumatları hazır proqrama daxil edərək saniyələr ərzində doğru qərar qəbul edə bilir. Bu sistemin yaradılması hər bir qoşun növünün tələbatına uyğun proqram təminatının yaradılmasını və tətbiqini nəzərdə tutur.

İdarəetmə sistemlərinin yenidən qurulması və modernləşdirilməsi mürəkkəb bir proses olaraq tərkibində aşağıdakı elementləri əks etdirməlidir:

- Planlaşdırma və proqnozlaşdırma;
- Qeydiyyat, nəzarət və təhlil;
- Əlaqələndirmə və tənzimləmə.


Elementlərin tələb olunan tərkibi qoşun növlərinin və ya birliklərin konkret vəzifələrinə görə fərqli konfiqurasiyasına malik ola bilər.

İstənilən halda idarəetmənin modernləşdirilməsi qısa zamanda qərar qəbul edilməsini və məlumatların emalına sərf edilən zamanın qısaldılmasını təmin etməlidir. Buna görə də müasir idarəetmə komplekslərində xüsusi məlumat emalı funksiyalarını yerinə yetirən modullardan istifadə edilir. Onlar məlumatların qeydiyyatını, nəzarətini, qorunmasını, axtarılmasını, əks etdirilməsini, paylanmasını və dəyişdirilməsini həyata keçirir. Məlumat mübadiləsinə və qərar qəbul etmə funksiyalarına cavabdeh sistemlər fərqli quruluşa malikdir.

Bu siyahını daha da genişləndirmək mümkündür, lakin ehtiyac yoxdur. Çünki Ermənistanın siyasi-hərbi rəhbərliyinin iştirakı ilə keçirilən “ən yüksək səviyyəli” nümayiş, əslində “gözə kül üfürmə” təlimlərinin heç birində idarəetmədə Rusiyanın orta və qısa dalğalı radiostansiyalarından başqa bir vasitədən istifadə edilməsinə rast gəlinməyib. Yüksək rütbəli zabitlərin, hardasa orta səviyyəli mühafizə xidmətinin istifadə etdiyi rəqəmsal əl radiostansiyalarından istifadəsi də hələlik əlçatmaz arzudur. Mən peyk rabitə vasitələrindən, müasir radiorele maşınlarından, naviqasiya sistemlərindən, etalon tezlik ötürücülərindən, “Jammer” siqnal söndürmə stansiyalarından və s. bəhs etmirəm. Bunlardan hansına erməni ordusunda rast gəlinib ki, indi də idarəetmənin modernləşdirilməsindən danışırlar? Digər tərəfdən isə beynəlxalq təşkilatların hesabatlarında belə bir idarəetmə sistemlərinin Ermənistana satılması və ya çatdırılması barədə heç bir xatırlatma yoxdur.

Tək bu bəndin yerinə yetirilməsi Ermənistan Müdafiə Nazirliyinin illik büdcəsinin imkanları xaricindədir.

1-ci bəndin ikinci abzasında prioritet məsələnin yerinə yetirilməsi istiqamətində Ermənistan prezidentinin 17 fevral 2018-ci il tarixli ՆՀ-103-Ա nömrəli əmri ilə Ermənistan Respublikasının silahlı qüvvələrinin 2018-2024-cü illər ərzində modernləşdirilməsi proqramının təsdiq edildiyi öz əksini tapıb. Bu maddə üzərində dayanmağa ehtiyac yoxdur. Bir vərəq yazını hər kəs yazıb imzalaya bilər!

2-ci bəndin birinci abzasında silahlanma və hərbi texnikanın modernləşdirilməsi üçün vasitələr əldə edildiyi, silahlı qüvvələrdə tətbiq edilməsi məqsədilə yeni nəsil silahlanma və hərbi texnika nümunələrinin sınaqları keçirildiyi bildirilir.

Erməni hərbi ekspert Leonid Nersisyanın sözlərinə görə, Ermənistan yeni silahların alınması baxımından Azərbaycandan çox geridədir: “Ümumilikdə, 2016-cı illərə qədər Ermənistan tərəfindən demək olar ki, heç bir yeni silah alınmayıb, əsasən köhnə Sovet silahlarından istifadə edilib”.

Əslində şərhə ehtiyac qalmır. 2016-cı ilin yaz kompaniyasından sonra Ermənistan Rusiyada ayrılan 200 milyon dollar kredit hesabına bəzi silahlar əldə etmək məcburiyyətində qaldı, lakin onlar hərbi balansa təsir göstərəcək miqdarda deyil. Sonrakı illər ərzində Ermənistan tərəfindən əldə edilən silahları isə müasir sistemlər adlandırmaq doğru olmazdı, ən yaxşı halda söhbət modernləşdirilən silah nümunələrindən gedə bilər. Müdafiə rayonlarının hərbi texnikaların təchizatı baxımından gücləndirilməsi isə yalnız birinci və ikinci eşalon taborlarını nəzərdə tutur. Çünki müdafiə rayonu anlayışı yalnız tabora aiddir. Qoşun kəşfiyyatının daim müşahidə zonasına aid olan taborların müdafiə rayonlarında texnikalarla gücləndirilməsi faktı nə müşahidə məntəqələri, nə də PUA gürüntüləri vasitəsilə təsdiq olunmur. Əvvəl dediyim kimi, son illərdə Ermənistanın Rusiyadan bəzi silah sistemlərini alması barədə faktlar mövcuddur, lakin onların birinci və ikinci eşalon taborlarına paylanması həqiqətə uyğun deyil.

Yeni silahların sınaqlarına gəldikdə isə bu sınaqların bəziləri həqiqətən də keçirilib. Məsələn 57 il əvvəl SSRİ-də tətbiq edilən uzaqdan idarə olunan PKT silahını Ermənistanın “KB-X” sənaye şirkəti özünün “ixtirası” kimi dünyaya sırımağa çalışır.

2-ci bəndin ikinci abzasında “ön xəttin döyüş mövqelərində və dayaq məntəqələrində kamera qurğuları və sistemləri, günəş enerjisi mənbələri cihazları və daimi su ilə, bunlardan 86 mövqenin daimi cərəyan ilə təmin edildiyi” bildirilir. Burada müəllif bilərəkdən “bəzi” sözünü işlətməyərək sonradan “86” rəqəmindən istifadə edir. Əvvəlcə qeyd edim ki, döyüş mövqeyi anlayışı tək əsgərə və manqaya, dayaq məntəqəsi isə taqıma aiddir. Kameralar quraşdırılıb, lakin onların faiz nisbətində ön xəttin nə qədərini əhatə etdiyi göstərilmir. Adətən bu ilki və keçən ilki hesabatları təhlil etmək üçün əsas meyar rəqəmlərdir. Əgər bu rəqəmlər göstərilmirsə, deməli birmənalı olaraq bu rəqəmlər kifayət qədər kiçikdir və ordunun cüzi bir hissəsini əhatə edir.

Su təminatına toxunmuram. 27 il ərzində ən bol su mənbələrinə malik Qafqaz dağlarında bəzi manqalara su verilməsini illik hesabatda ciddi uğur kimi qələmə verənlərin dühasına qibtə etməkdən başqa bir şey qalmır. 86 mövqenin, yəni 86 əsgərin və ya maksimim 86 manqanın daimi cərəyan ilə təmin edilməsi isə minimum bir bölüyün, maksimum isə iki motoatıcı taborun bütün manqalarının daimi elektriklə təchiz edilməsi deməkdir. Bu isə 1007 kilimetrlik cəbhə xəttinin cəmi 10, maksimum 20 kimometri, yəni 1-2% deməkdir.

2-ci bəndin 3-cü abzasında “müddətli xidmət hərbi qulluqçularının ərzaq və təchizat şəraitinin yaxşılaşdırıldığı, qida təşkilinin və xidmətin təminatının bu sahədə ixtisaslaşmış təşkilatlara sifariş edilməsi istiqamətində iş aparıldığı” bildirilir. İş aparılması və real təminat fərqli anlayışlardır.

Hərbi qulluqçularının ərzaq və təchizat şəraitinin yaxşılaşdırılmasına gəlincə isə bütün bu təchizat zənciri keçən ilin oktyabrın 21-nə qədər hakim ailəyə məxsus olan şirkətlərdən birinin monopoliyasında olub. Ermənistanın Baş naziri Paşinyanın əsgərlikdə olan oğlu evdən ərzaq göndərilməsini xahiş etdikdən sonra Nikol mətbuat konfransı keçirərək orduda əsgərlər üçün verilən qidaların keyfiyyətindən narazı olduğunu bildirdi. Cəmi iki ay müddətinə bütün monopoliyanın ləğv edilməsinə, bu xidmətdə cibini dolduran cinayətkar dəstənin zərərsizləşdirilməsinə, qida rasionunun yenidən təyin edilməsinə, təchizatla bağlı tender sənədlərinin hazırlanmasına, tenderin elan edilməsinə, iştirak edəcək şirkətlərin tender sənədlərini əldə etməsinə, bu sənədlərin öyrənilməsinə, tenderin keçirilməsinə, tender təkliflərinin şifarişçiyə təqdim edilməsinə, təkliflərin dəyərləndirilməsinə, qalibin elan edilməsinə, vəsatin köçürülməsinə və təchizatın başlamasına heç bu hesabatı tərtib edənlərin özləri də inanmır. Çünki, yuxarıda sadalanan prosedurların hər biri ən azı bir ay müddət tələb edir. Ortalama olaraq tam səmərəli çalışma yalnız bir ildən sonra hansısa nəticə verə bilər. Burada da hardasa əlavə 50-60 milyon əlavə vəsait xərclənməlidir, lakin tək ərzaq xidmətinə hərbi büdcənin 9-10%-nin xərclənməsi real görünmür.

Paşinyan mətbuat konfransında Ermənistan silahlı qüvvəllərində əsgərlərin qida rasionunun düzgün olmadığını və yeməklərin keyfiyyətsiz olduğunu qeyd edərək “Mən yeməkdən narazıyam. Döyüş mövqelərinə gedəndə xahiş etdim ki, mənə dadmaq üçün əsgər yeməyi gətirsinlər. Qidaları yedikdən sonra sadəcə dedim: bu, dəhşətdir. Biz bu məsələ ilə bağlı ciddi məşğuluq, məşğul da olacağıq. Amma başa düşmək lazımdır ki, məsələni bir gündə həll etmək olmaz” deyə üsyan edib. Ermənistan Müdafiə Nazirliyi isə hərbi qulluqçularının ərzaq və təchizat şəraitinin cəmi iki ayda yaxşılaşdırıldığını bildirir. İki ayda sadalanan tədbirlərdən monopoliyanın ləğv edilməsinə, cinayətkar dəstənin zərərsizləşdirilməsinə və qida rasionunun yenidən təyin edilməsinə nail olsalar böyük işdir. Bu mövzuda Baş nazirin, yoxsa Müdafiə Nazirliyinin düz danışdığını təyin etməkdə çətinlik çəkirəm.

2-ci bəndin 4-cü abzasında “beynəlxalq inteqrasiya imkanlarının genişləndirilməsi məqsədi ilə hesabat dövründə Ermənistan Müdafiə Nazirliyinin müttəfiq və tərəfdaş ölkələr və beynəlxalq təşkilatlarla fəal beynəlxalq əməkdaşlığı davam etdirdiyi” bildirilir. Ermənistan bu bəndin müddəalarına əməl etmək məcburiyyətindədir, əks halda onun mövcudluğu sual altında olardı. Bu bənd Müdafiə Nazirliyinin Ermənistanın müttəfiq olduğu ölkələrə və beynəlxalq təşkilatlara bir az minnət qoyması kimi səslənir. Əslində onların İrəvana ehtiyacı yoxdur, əksinə onlar olmasaydı Ermənistan ərazisi fərqli bir ad daşıya bilərdi və bu gün mən də başqa bir mövzu üzərində işləyərdim.

2-ci bəndin 5-ci abzasında “Şərəfim var” (Pativ unem) və “Mənəm” (Yes em) layihələrinin tətbiq edildiyi, birinci layihə çərçivəsində təhsilini başa vurduqdan sonra zabit kimi xidmətə qəbul edilmək üçün 300 tələbə ilə müqavilə imzalandığı, 255 müddətli hərbi qulluqçu ilə 3 il müddətinə müddətdən artıq xidmətə keçid üçün isə müqavilə imzalandığı” bildirilir. Daim KİV-lərdə Ermənistanın hərbləşmiş bir ölkə olmasının İrəvan tərəfindən inkar edilməsinin şahidi olmuşuq, lakin indi özləri Nazirlik səviyyəsində bunu rəsmən etiraf edirlər. Ölkənin ümumi ehtiyat qüvvəsinin 3.8 faizinin hər il əlavə olaraq komandir heyəti kimi müharibəyə hazırlanması faktına dünyanın heç bir ölkəsində rast gəlinmir.

2-ci bəndin 5-ci abzasında “hərbi qulluqçuların sığorta fondunun qərarı ilə 2015-2016-cı illər ərzində hərbi əlillik təqaüdü hüququ olan keçmiş hərbi qulluqçulara və ölən, həlak olan hərbçilərin ailələrinə kompensasiya verildiyi və dövlət tərəfindən təqaüd təminatı çərçivəsində ödənilən bu vəsaitlərin ödənilməsi haqqında qanunla müəyyən edilmiş vəsaitlər arasındakı fərq həcmi nəzərə alınmaqla ödənildiyi, həmçinin 2019-cu il ərzində bu yeniliyi 2012-2014-cü illər ərzində ölən və əllilik dərəcəsi əldə edən hərbi qulluqçuların ailələrinə də şamil edilməsi nəzərdə tutulduğu” bildirilir. Bu abzasın yerinə yetirilməsi Müdafiə nazirliyinin birbaşa borcudur. Bunu əslində sığorta hadisəsi baş verən kimi 1-3 gün ərzində ödəmək vacib idi. 7 il qabaq ölənlərə və yaralananlara kompensasiyanın bu gün “ödənilməsi”ni (halbuki erməni əsgər anaları hələ də Ermənistan parlamenti qarşısında etiraz edirlər) qəhrəmanlıq kimi qələmə vermək ən azı sadəlövhlükdür. Sanki ölənlərdən kiminsə dirilmə şansı mövcud olub. Əslində bu nailiyyət deyil, tam biabırçılıqdır.

2-ci bəndin 5-ci abzasında “mənzil təminatı çərçivəsində hərbi qulluqçulara əmlak hüququ ilə pulsuz mənzillərin verilməsi və yeni inşa edilən xidməti mənzillərlə təminat prosesinin həyata keçirildiyi; zabit heyətinə uzun müddətli və güzəştli ipoteka krediti layihəsinin Ermənistan hökuməti tərəfindən təsdiq edilərək qərarın qüvvəyə minməsi; bu layihənin qəbul edilməsi nəticəsində ildə 500-dək zabitin mənzil şəraitinin yaxşılaşdırılmasının gözlənildiyi; qanunla müəyyən edilən əsaslarla hərbi xidmətdən buraxılan və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac olan keçmiş hərbi qulluqçu kimi siyahıya alınan şəxslərin mənzil şəraitinin yaxşılaşdırlması məqsədilə dövlət büdcəsindən vəsait ayrılması; bu vəsait əsasında 1000-dən artıq keçmiş hərbi qulluqçunun mənzil şəraitinin yaxşılaşdırılmasının nəzərdə tutulduğu” barədə məlumat verilib.

Bu abzas uzun olduğu üçün hissə-hissə analiz etməyə çalışacağam:

1. Mənzil təminatı çərçivəsində hərbi qulluqçulara əmlak hüququ ilə pulsuz mənzillərin verilməsi və yeni inşa edilən xidməti mənzillərlə təminat prosesinin həyata keçirilməsi, Müdafiə nazirliyinin boynunun borcudur. Bunu nailiyyət kimi qələmə vermək doğru deyil. Nailiyyət o zaman olur ki, bir ev əvəzinə ikisini verirsən.

2. Zabit heyətinə uzun müddətli və güzəştli ipoteka krediti layihəsi Ermənistan hökuməti tərəfindən təsdiq edilərək qərarın qüvvəyə minməsi nəticəsində 500-dək zabitin mənzil şəraitinin yaxşılaşdırılmasının gözlənildiyi iddiası isə birinci bəndi təmamilə inkar edir. Əgər hərbi qulluqçulara əmlak hüququ ilə pulsuz mənzillər verilirsə, ipoteka krediti nəyə lazım idi? 500 nəfər zabit o qədər şüursuz olacaq ki, dövlətin verdiyi mülkiyyət hüquqlu evdən imtina edib öz vəsaiti hesabına, üstəlik əlavə faiz ödəməklə ev alacaq? Öz ordusunun zabitlərini bu qədər aşağılamaq ancaq ermənilərə yaraşardı.

3. Qanunla müəyyən edilən əsaslarla hərbi xidmətdən buraxılan və mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac olan keçmiş hərbi qulluqçu kimi siyahıya alınan şəxslərin mənzil şəraitinin yaxşılaşdırlması məqsədilə dövlət büdcəsindən vəsait ayrılması; bu vəsait əsasında 1000-dən artıq keçmiş hərbi qulluqçunun mənzil şəraitinin yaxşılaşdırılması nəzərdə tutulması isə aşkar şişirtmədir. Çünki hər il 1000 nəfərin ev şəraitinin yaxşılaşdırılması, 1000 ədəd evin boşaldılması, yəni 1000 nəfərin evlə təmin olunması deməkdir. Təxminən 40000 nəfərdən bir az çox sayda şəxsi heyətə malik ordunun 10%-nin zabit və gizirlərdən ibarət olduğunu düşünsək, bu 4000 nəfər edər. Hər il dərc edilən məlumatların da heç olmasa 10 %-nin doğru olduğunu düşünsək, orduda xidmət edən zabit və gizirlərin ən azından 50-60%-nin artıq evlə təmin olunması məlum olar. Deməli, bu ildə 1000 nəfərə ev verilibsə, 2019-cu ildə Ermənistan ordusunun ev problemi təmamilə həll olunacaq, 2020-ci ildə isə evlər artıqlıq edəcək, bəlkə də müddətli hərbi xidmət keçən əsgərlərə də ev verməyə başlayacaqlar. Mən burada ipoteka ilə ev alacaq zabit heyətini nəzərə almadım.

Bütün bunlar əvvəldə dediyim kimi, daha çox Sovet İttifaqı Kommunist partiyasının qurultaylarında səsləndirilən hesabatlara bənzəyir. Sanki bu çıxışlara qulaq asan hərbçiləri Ermənistanda deyil, başqa ölkədə yaşadıqlarına inandırmağa çalışırlar.

Hərbi ekspert Ədalət Verdiyev
Tərcümə: Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Hesabat   Cavab  


Bizi "telegram"da izləyin