"Qarabağ məsələsində hansısa proses başlayıb, müharibə uzaqda deyil" - Hakopyan

2019/02/345-3098864562.jpg
Oxunub: 27410     09:47     06 Fevral 2019    
"Ermənistan Baş naziri Nikol Paşinyan və Azərbaycan Prezidenti İlham Əliyev arasında keçirilən görüşdə Dağlıq Qarabağ haqqında söhbət aparılıb".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri "Akunk" siyasi təhlillər mərkəzinin direktoru, ali şuranın və erməni parlamentinin sabiq deputatı Ruben Hakopyan deyib.

Onun sözlərinə görə, ölkə rəhbərlərinin dərhal bəyanat verməməsi ilə razıdır, lakin Paşinyan Davosda Qarabağ barədə danışmaması barədə açıqlamalarda hiyləgərliyə əl atıb.


"Xarici siyasət sahəsi kölgəli sahədir. Nə danışıblar, o barədə dərhal bəyanat verməli olduqlarını düşünmürəm. Azərbaycan tərəfinin təmamilə məlumatlı olması, söhbətin nədən getdiyini bilməsi başqa məsələdir. Bizim Baş nazir hiyləgərliyə əl atdı. Təbii ki, oturub Qarabağ haqqında danışıblar və növbəti gün məhz niyə Davosda Boltonun zəng edərək, Qarabağ haqqında danışması aydın məsələdir. Paşinyanda unutqanlıq var. O dedi ki, Qarabağ barədə söhbət olmayıb və bununla da Qarabağ haqqında danışdığını etiraf etmiş oldu", - deyə Ruben Hakopyan bildirib.

Sabiq erməni deputat qeyd edib ki, sanki Paşinyan kimləsə görüşmür, hətta telefon zənglərinə də cavab vermir.

Hakopyan kameraya baxaraq, Paşinyana müraciət edib: "Hörmətli Paşinyan məsləhətləri dinləmək pis deyil. Elə vəziyyətlər yarana bilər ki, ona yalnız siz yox, biz və bizim dövlətimiz məsuliyyət daşıya bilər. Xalqları sülhə hazırlaşdırmaq deyərkən başa düşürsən ki, hansısa bir proses başlayıb? Məhz bundan sonra Boltonun zəngi baş tutub. Biz səhvlərimizdən nəticə çıxarmalıyıq. Hakimiyyətə gəldikdə öz şərtlərini qoymalısan və niyə yeni olduğunu göstərməlisən".

Sabiq erməni deputat qeyd edib ki, sülh pis şey deyil, insan bir-biri ilə dinc şəraitdə yaşamalıdır, problem bu barədə kimin və nə danışdığını bilməkdir.

"Proses başlayıb, xalq sülh prosesini qəbul etməyə hazır olmalıdır. Bu gedişdə, təəssüf ki, Azərbaycan qazandı. Hesab edirəm ki, yerinə yetirilməyəcək razılaşmalara görə Paşinyanın hesabat vermə zamanı gəlib. Xalqımızın çaxnaşmaya düşməsini arzu etməzdim, lakin belə bir məqam, yəni müharibə uzaqda deyil. Allah etsin ki, mən səhv edim.

Biz, Azərbaycanın "xeyr" deyəcəyini bildiyimiz məqamlarda, həmişə "bəli" demişik. Bu açıq-aydın bir oyundur. Məsələnin öz maraqlarına zidd olduğunu hiss etdikdə Azərbaycan heç vaxt razı olmayıb. İlham Əliyev heç zaman Qarabağ əhalisinin öz müstəqillik hüququnu həyata keçirə biləcəyini yarım ağızda olsa da deməyib. Azərbaycan mətbuatından aydın olur ki, indi də danışıqların əsasını erməni qoşunlarının işğal edilmiş ərazilərdən necə çıxarılacağını əks etdirən yol xəritəsi təşkil edir", - deyə Hakobyan vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Qarabağ   Müharibə   İşğal  


Bizi "telegram"da izləyin