Ermənistanda 3 hərbi qulluqçu təzminat davası açdı - DETALLAR

2019/02/15388-1549350175.jpg
Oxunub: 32770     11:01     05 Fevral 2019    
Vaxtından əvvəl tərxis edilmiş 3 erməni hərbi qulluqçu məhkəmədə sağlamlıqlarına dəyən ziyanın ödənilməsi üçün kompensasiya tələb edirlər.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, 2017-ci ildə xidmət zamanı əldə etdikləri xəstəliklər səbəbindən tərxis edilən “Q.Ğ”, “A.B” və “V.H” adlı şəxslər Ermənistan hökumətindən onların sağlamlığına vurulan ziyana görə kompensasiya ödənilməsi üçün Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisinin dəstəyi ilə məhkəməyə müraciət ediblər.

Helsinki Vətəndaşlıq Assambleyasının Vanadzor ofisindən bildiriblər ki, müraciət edənlərdən 2 nəfər müddətli xidmət dövründə, 1 nəfər isə müqaviləli hərbi xidmət dövründə xəstəlik tutub.

Onlardan biri 29 yanvar 2015-ci ildə yüngül və qısamüddətli ruhi pozğunluqlar diaqnozu ilə hərbi həkim komissiyası tərəfindən hərbi xidmətə məhdudiyyətlə yararlı hesab edilib. Hərbi xidmətə çağırıldıqdan 8 ay sonra, 15 sentyabr 2015-ci ildə mərkəzi hərbi həkim komissiyasının qərarı ilə hərbi xidmətə yararsız hesab edilib və vaxtından əvvəl tərxis edilib.

Digər erməni hərbi qulluqçu görmə qüsurları ilə 2015-ci ildə hərbi xidmətə çağırılıb, 27 yanvar 2016-cı ildə müayinə edilərək, hərbi xidmətə yararsız hesab edilib.

Müqaviləli erməni hərbi qulluqçu isə 2005-2017-ci illərədək, 12 il ərzində hərbi xidmət keçdikdən sonra Mərkəzi hərbi tibbi komissiyanın 24 may 2017-ci il qərarı ilə hərbi xidmətə yararsız hesab edilib və hərbi qeydiyyatdan çıxarılıb.

Hər 3 halda tərxis edilmənin əsası olaraq, hərbi xidmət dövründə yaranan xəstəlik göstərilib.

HVAV-nın vəkili tərəfindən Ermənistan Maliyyə Nazirliyinə qarşı müvafiq qanunvericiliyə əsasən sağlamlığa vurulan ziyana görə təzminat ödənişi edilməsinə dair iddia qaldırılıb. Maliyyə nazirliyinin vəsadəti üzrə bu məsələdə məsul tərəf kimi Ermənistan Müdafiə Nazirliyi də cəlb edilib.

Məsul tərəflər xəstəliklərin xidmət dövründə alınması barədə ekspert rəylərini əldə etmədən bunu inkar edirlər. Erməni hərbi qulluqçulardan biri barədə ekspertiza keçirilməsinə dair vəsadət məhkəmə tərəfindən artıq təmin edilib, digər iki hal barədə ekspertiza keçirilməsinə dair vəsadət isə müzakirə mərhələsindədir.

Ekspertiza rəylərinin alınmasınadək, məhkəmə müzakirələri təxirə salınıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan-ordusu   Xəstə-əsgərlər  


Bizi "telegram"da izləyin