Ordu.az xəbər verir ki, bu barədə hərbi ekspert Perri Çiaramont danışıb.
Onun sözlərinə görə, Çin hərbi sənaye və özəl sektorun qarşılıqlı əlaqəsini yaradaraq süni zəka əsaslı sistemlərdə innovasiyanı sürətləndirib və bununla da Qərb hökumətlərinin kabusu halına gəlib. ABŞ-da isə innovasiya yükü daha çox özəl sektora yüklənilib.
“Çində süni zəkanın hərbiyə adaptasiya edilməsi daha asandır, çünki burada ABŞ-da olduğu kimi süni zəkanın istifadəsi ilə bağlı sosial stiqmalar yoxdur”, - deyə kəşfiyyat agentliklərinin birinin əməkdaşı Metyu Bey bildirib.
Onun sözlərinə görə, Çin və texnologiyaya adaptasiya artıq sinonim sözlər halına gəlib və əhali yeniliyə olduqca açıqdır. Çin və ABŞ arasındakı mədəni fərqlər də hərbidə yeni texnologiyaların tətbiq edilmə sürətində fərqlilikləri ortaya çıxarır.
“Silikon vadisində skeptisizm hökm sürür, “Google”, “Apple” kimi şirkətlər hansısa bir hökumətə bağlı olmaq istəmir”, - deyə o qeyd edib.
ABŞ-ın digər narahatlıqlarından biri də Çinin Qərbdə inkişaf etdirilmiş texnologiyadan istifadə etməsidir. Bəzi mənbələrə görə, ölkə xaricdə təhsil almağa və tədqiqat aparmağa getmiş çinli tələbə və alimlərini hansısa yolla nəzarətdə saxlamaq istəyir.
Ekspertin sözlərinə görə, Çini süni zəka yarışından çıxarmaq mümkün deyil, lakin, hələ də o, ABŞ-dan geridədir və ABŞ bu boşluğun tamamlanmasına icazə verməyəcək.
Sevinc Əliyeva
Ordu.az