Qlobal müdafiə sənayesində yeni “ixtira”: Məgər 62-ci ildə “erməni PKT”sı var idi? (ANALİZ)

2019/02/16991-9295618140.jpg
Oxunub: 25951     12:51     04 Fevral 2019    
Yanvarın 29-dan etibarən erməni KİV-lərində yerli mühəndislərin yeni innovasiyalardan istifadə etməklə müasir silah sistemlərinin tətbiqinə başlamaları barədə qaynar xəbərlər erməni mediasının gündəmini zəbt etməkdədir. Məlum olub ki, Ermənistanın çox “məşhur” “KB-X” şirkəti atıcı silahlar üçün uzaqdan idarə edilən sistemlər yaradıb. Hazırda isə şirkət bu məhsulları adi silahlar və iri çaplı pulemyotlar üzərində sınaqdan keçirir. Sınaqların keçirilməsinin necə böyük “uğur” olması barədə məlumatı ictimaiyyətə “KB-X” erməni şirkətinin rəhbəri Arman Xaçatryan verib.

“Erməni şirkəti” yazmaqda məqsədim kimisə aşağılamaq deyil. Sadəcə şirkətlə tanış olmaq üçün axtarış verdikdə, əsasən bu adda Çexiya Respublikasının şirkətləri çıxır. Yalnız erməni hərfləri ilə axtardıqda “Youtube”da bir neçə nəticəyə rast gəlinir.

Erməni şirkətinin rəhbəri Arman Xaçatryanın sözlərinə görə, son texnologiya ilə hazırlanan atıcı silahların uzaqdan idarə edilən sistemləri canlı qüvvəni döyüş mövqelərindən kənarda saxlamağa, silahlara isə texnologiyanın nəzarət edəcəyini bildirib.


Xaçatryan uzun müddətdir ki, şirkətin öz imkanları hesabına sistemləri müxtəlif çaplı silahlar üzərində sınaqdan keçirdiyini və müəyyən irəliləyişlər əldə edildiyini, həmçinin yeni sistemlə təchiz edilən pulemyotun səhra şəraitindəki təlim sahələrində sınaqdan keçirildiyini də öz fikirlərinə əlavə edib. Hazırda şirkət Ermənistanın Müdafiə Nazirliyindən dəstək gözləyir.

Qeyd edək ki, yeni adı ilə ictimaiyyətə təqdim edilən bu silah modulunun üzərinə 7.62 mm-lik PKT pulemyotu quraşdırılıb. Hər bir sahədə olduğu kimi burada da “erməniləşdirmə” konsepsiyası geniş tətbiq edilib. Çünki, əslində 7.62 mm-lik pulemyotun uzaqdan idarə edilməsi heç də yeni bir ixtira deyil. İlk dəfə tank, BMP və BTR üzərinə quraşdırılan PKT-lər məcburən “elektrik çaxmağı” ilə təchiz edildi.

PKТ (Raket-Artilleriya Baş İdarəsinin sifariş indeksi - 6P7) tank pulemyotu 1962-ci ilin dekabrın 2-də SSRİ Müdafiə naziri Jukovun 269 saylı əmri ilə silahlanmaya qəbul edilərək, bu vaxta qədər müxtəlif zirehli texnikalara quraşdırılan SQMT silahlarını əvəz edib. PKT pulemyotu, hamımıza yaxşı tanış olan PK-nın bazasında hazırlanıb. PK əsasən motoatıcı bölmələrin şəxsi heyəti üçün nəzərdə tutulub, buna görə də qundaqla təmin edilib. PKT isə tank pulemyotudur, adından göründüyü kimi zirehli vasitələrin silahlanmasında istifadə edilir. Zirehli vasitənin qülləsinə yerləşdirilən pulemyotun qundağa ehtiyacı qalmadığı üçün, qundağı “elektrik çaxmağı” ilə əvəz edilib. Zirehli vasitəyə quraşdırılan PKT 1962-ci ildən bu çaxmağın köməyi ilə məsafədən idarə olunur!

Əksər texnikaların silah sistemləri kimi, PKT də tankın qülləsi üzərinə yerləşdirilir, lakin onların döyüşdə idarə olunması uzaqdan, yəni tankın daxilindəki döyüş bölməsindən həyata keçirilir. Uzaqdan dedikdə bu məsafə “elektrik çaxmağı”nın naqilinin uzunluğuna bağlıdır. Bu, bir metr də ola bilər, yüz metrdə. Fərqi yoxdur. Elektriklə çalışan bir lampanın məsafədən düymə ilə yandırılması və ya PKT-dən uzaqdan atəş açılması arasında heç bir prinsipial fərqi mövcud deyil. Hər ikisində funksiyanın aktiv və ya passiv rejimə keçməsi üçün düymənin 2 mövcud vəziyyətindən biri seçilir. Əgər Xaçatryan yenilik etmək istəyirdisə, nədən eyni göstəricili və 30% daha yüngül olan PK versiyasını seçməyib? Çünki bu halda “elektrik çaxmağı”nı yaratmaq zərurəti yaranacaqdı. Buna isə intellekt, zəhmət və vəsait gərəkdir. Ən yaxşısı 1962-ci ilin ixtirasını götürürsən və dünyaya “yeni innovasiyalardan istifadə etməklə müasir silah sistemləri yaratdığını” bəyan edirsən. Onsuz da dünyada nə qədər güclü silah, müasir texnologiya, bərəkətli torpaq, dadlı yemək, gözəl musiqi və onu ifa edən alət, səliqəli geyim, təmiz hava, dəniz, su, günəş və s. varsa tez-gec hamısının “Böyük Ermənistana” aid olduğu məlum olur.

PKT ilə bağlı heç nə dəyişməyib. 57 il qabaq lisenziya ilə istehsal edilərək SSRİ-nin Müdafiə naziri marşal Jukovun əmri ilə silahlanmaya qəbul edilən uzaqdan idarəedilən silahı “erməni şirkətinin ixtirası” kimi dünyaya başqa kim təqdim edə bilərdi ki? Cavabı tapmaq asan deyil.

Yəqin ki, kefli İskəndər kimi birisi tapılacaq və soruşacaq ki, bəs bu ixtiranın lisenziyası, patenti, uyğunluq və təhlükəsizlik sertifikatı haradadır? Onda tərəvəz əyri bitəcək...

Məlumatı oxuyan kimi ilk ağlıma gələn bu oldu: dünyanın ən böyük atıcı silah ixracatçısı və PKT pulemyotunun istehsalçısı olan Rusiyanın “Kalaşnikov” konsernində çalışan mühəndislərin heç birinin ağlına, Arman Xaçatryanın ağlına gələn ideyalar niyə gəlməyib? Axtarış nəticəsində məlum oldu ki, eyni platforma “Kalaşnikov” konserni tərəfindən 2017-ci ildə keçirilən “Ordu-2017” sərgisində “Uzaqdan idarə edilən daşınan platforma” adı altında nümayiş etdirilib.



“Ordu-2017” sərgisində “Uzaqdan idarəedilən Daşınan platforma”

Erməni “versiyası” ayaqların açılmasını fərqli şəkildə, əslində laxlayan pillə formasında, bir də mənasız dördkünc, tabutabənzər dəmir qutu hazırlamaqla kifayətlənib. Hesab edirəm ki, heç də yeniliklə qarşılaşmadıq. Zatən yüz illərdir ki, bu tip saxtakarlıqlarla, başqasının nəyi varsa hamısını mənimsəməklə məşğul olan bir etnosla qarşı-qarşıyayıq. Bunu şərh etməyə heç ehtiyac da yoxdur.

İndi keçək yeni sistem barədə şirkət rəhbərinin yüksək tonlu bəyanatına... Arman Xaçatryan deyir: ”Son texnologiya ilə hazırlanan atıcı silahların uzaqdan idarə edilən sistemləri canlı qüvvəni döyüş mövqelərindən kənarda saxlamağa, silahlara isə texnologiyanın nəzarət etməsinə imkan verir”.

Bu cümlədə cəmi 3 yalan və 1 yarımdoğru məqam mövcuddur:

1. Təqdim edilən PKT pulemyotunun uzaqdan idarə edilməsi 1962-ci ilə aid texnologiyadır, yəni yeni deyil;
2. Bu texnologiya mövcud olduğu 57 ildə nəinki “KB-X” erməni şirkəti ilə, heç Ermənistan ilə yaxından-uzaqdan əlaqəsi olmayıb;
3. Silahlara texnologiyanın nəzarət etməsi funksiyası insan faktorunu mütləq istisna etməlidir, yəni avtonom və süni zəkaya malik bir sistem pulemyotu idarə etməlidir. Hansısa məsafədən insan nəzarəti ilə idarə olunma, texnologiyanın nəzarət etməsi ilə idarə olunma demək deyil və bunlar tam fərqli anlayışlardır;
4. Bu cümlədə yalnız bir yarımdoğru fikir mövcuddur - uzaqdan idarəetmə canlı qüvvələri döyüş mövqelərindən kənarda saxlamağa imkan verir. Bu əslində doğrudur, lakin yenilik deyil, çünki 1962-ci ildən tuşlayıcı- operatorlar PKT-ni uzaq məsafədən idarə edirlər. Burada Xaçatryan doğru olan, lakin başqasına mənsub olan yeniliyi mənimsəməyə çalışıb.


İndi isə təqdim edilən erməni “mühəndis dühasının incisinin” görüntüsünə nəzər salaq.


Şirkətin yayımladığı videolardan birində dəmir korpusa malik, qapaqları darvaza kimi yana açılan yeşikdə yerləşdirilən PKT-nin açılıb bağlanan pillələr üzərinə yerləşdirildiyi müşahidə edilir. Silkələnmə və tutulma ilə pulemyotun yeşikdən qalxması, qapaqların açılmasından sonra baş verir. Proses silah moduluna dair şərhləri səsləndirən bir şəxsin 1-1.5 metr kənarda idarəetmə konsolunda eyni düyməni bir neçə dəfə sıxdıqdan sonra aktivləşir. Lakin ayaqların ləngər vurması, silahın atəş açmadan titrəməsi, açılıb bağlanan dirsəklərin detallararası məsafəsinin normadan artıq olduğunu göstərir. Bu isə atəş zamanı geri təpmənin artmasına və atəş dəqiqliyinə mənfi təsir göstərən amildir. Görüntü əldə etmək üçün bəzi modellərdə, pulemyotun lüləsinin sağ tərəfində yerləşdirilən ağ rəngli görüntü kameraları isə pulemyotun atəş mövqeyini aşkarlamağa kömək edəcək faktorlardandır. Əgər bu silah sistemini başqa ölkə istehsal etmiş olsaydı, bu kameranın Sədərək bazarından alındığını iddia etmək olardı.


Bu silah modulunun zəif cəhətlərindən biri də, daim elektrik enerjisindən və ya generator stansiyasından asılı olmasıdır. 10.5 kq çəkiyə malik pulemyotu pilləli açılan və laxlayan ayaqlarla təmin edərək kifayət qədər ağır yeşiyə yerləşdiriblər. Bu isə onun daşınması üçün ən azı pikap tipli avtomobil tələb edəcək. Sonda qeyd edək ki, 57 il qabaq istehsal edilən silahda heç bir yenilənmə aparılmayıb, pulemyotun bazası dəyişdirilmədən saxlanılıb. Bu siyahını davam etmək belə yorucudur.

Nəticədə PKT-nin “erməni modeli”nin əsas çatışmazlıqlarını aşağıdakı kimi qeyd etmək olar:

1. Daşınması və yerləşdirilməsi problemlidir, süni olaraq kütləsi artırılıb, atəş imkanları dəyişdirilməyib, manevr imkanları isə tam məhdudlaşdırılıb;
2. Aktiv hücum əməliyyatları üçün tam yararsızdır, müdafiə döyüşlərində isə qismən yararlıdır;
3. Artıq bir çox ölkələr bu pulemyotları silahlanmadan çıxarmağa başlayıb. PKT resurs və imkanlarını bitirib, 3 nəsil əvvələ aid fiziki cəhətdən yorğun bir silahdır, onun hansısa modula quraşdırılmasını sağlam düşüncə izah edə bilməz;
4. Yeni erməni “ixtirası” sənaye enerji mənbəyindən və ya generatordan birbaşa və daim asılıdır;
5. Daşınması üçün hər PKT-yə bir ədəd pikap və azı 3 əsgər ayırmaq Ermənistanın ordusunun güç və imkanları xaricindədir;
6. PKT-ni standart vəziyyətdə zirehli vasitələrin qülləsinin 70 mm polad qülləsi qoruduğu halda, erməni “versiyası”nı 1, maksimum 1.5 mm-lik sadə dəmir lövhələr qoruyur. İstənilən kiçik çaplı mərmi və ya qəlpənin təması, açılıb-yığlan pillə və ya dönmə mexanizmini ən azından sıradan çıxaracaq;
7. Eyni 7.62 mm-lik mərmini 10 dəfələrlə daha ucuz qiymətə pulemyotçu da ata bilərdi. Qəlpə və mərmidən standart qorunması olmayan silahın özü sıradan çıxdıqdan sonra idarəetmə modulunun hansı məsafədə olması mahiyyət daşımır;
8. Yeni erməni “ixtirası” olan silah modulunun lisenziyası, patenti, uyğunluq və təhlükəsizlik sertifikatı yoxdur.


Sonda bir sualım olacaq: əgər Ermənistanın “KB-X” erməni şirkətinin “ixtira” etdiyi “yeni”uzaqdan idarə edilən sistemləri, şirkətin iddia etdiyi kimi, hərbi əməliyyatlar üçün bu qədər vacib və innovativ silah sistemləridirsə, bəs niyə nə ölkə daxilində, nə ölkə xaricində ona müştəri çıxan yoxdur? Niyə digər ölkələrin sərgilərində nümayiş etdirilmir?

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: PKT   Ermənistan  


Bizi "telegram"da izləyin