"4 ədəd Su-30 Ermənistanı Azərbaycanla müqayisədə daha güclü etməyəcək" - Rusiyalı ekspertlər

2019/02/15046-1549029429.jpg
Oxunub: 26478     16:37     01 Fevral 2019    
2012-ci ildən etibarən erməni mətbuatında Ermənistanın Rusiyadan Su-30SM qırıcılarının əldə olunması ilə bağlı ehtimallar bu həftə daha da aktuallaşıb. Ötən il Nikol Paşinyanın Su-30SM kabinində bir fotoşəkil çəkdirdiyini də xatırlayırıq, lakin həmin təyyarə Rusiya hərbi bazasına aid idi. 2018-ci il dekabrın 1-də Ermənistanın Müdafiə naziri David Tonoyan da Ermənistan və Rusiyanın Su-30SM döyüş təyyarələrinin İrəvana çatdırılması və müqavilə bağlamaq üçün hazırlıqların başa çatdığını bildirdi.

Bir neçə gün əvvəl, erməni təbliğat və təşviqat mənbələri xoşbəxtliklə bildirdi: Ermənistan Rusiyadan çoxməqsədli Su-30SM qırıcılarını alıb. Doğrudur, Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Hovhannisyan jurnalistlərin suallarına cavab verərkən tərəddüd etdi, lakin qırıcıların satın alınma faktını nə təsdiq, nə də təkzib etdi. Dünən "Kommersant" qəzeti xəbər verdi ki, Rusiya Ermənistanı mövcud müqavilə çərçivəsində KTMT-nin daxili qiymətləri ilə 4 ədəd çoxməqsədli Su-30SM qırıcıları ilə təmin edəcək.

Lakin bəzi rus hərbi ekspertlər, bu sətirlərin müəllifi və Ermənistanın müdafiə qabiliyyətinin səviyyəsinə praktiki olaraq təsir etməyən 4 ədəd Su-30SM qırıcısının alınması ilə bağlı erməni tərəfinin sevincini bölüşmədilər.

Onların sözlərinə görə, 12-14 qırıcıdan ibarət tam tərkibli eskadrilya belə vəziyyəti Ermənistanın xeyrinə dəyişdirməyə qadir deyil, burada isə söhbət cəmi 4 təyyarədən gedir. Bununla yanaşı, Azərbaycanın regionda ən güclü hava hücumundan müdafiə sisteminə malik olduğunu nəzərə alsaq, bu 4 qırıcıdan gələn təhlükənin neytrallaşdırmağın çətin olmadığını görərik.

"Bu təyyarələrin alınmasına sevinən erməni hərbçilərin sevinci, onların saxlanılmasının, istismarının və pilotların hazırlanmasının necə bahalı olduğunu dərk etdiklərində dərhal yox olacaq",- deyə adının çəkilməsini istəməyən həmsöhbətlərimizdən biri bildirib.


"Silah eksport" jurnalının baş redaktoru Andrey Frolov qeyd edib ki, göründüyü kimi Rusiya və Ermənistan tərəfləri bu əməliyyatın bütün maliyyə və texniki şərtlərini müzakirə edə biliblər. Bu barədə uzun müddətdir ki, danışıqlar gedirdi.

"Ermənistanla Azərbaycan arasındakı hərbi balansın vəziyyətinə gəldikdə isə, mən düşünmürəm ki, bu vəziyyəti köklü şəkildə dəyişə biləcək. Ümumiyyətlə, mən bu satınalmanın qəribə olduğunu düşünürəm, çünki Ermənistanın az sayda Su-30SM alacağı məlumdur. Belə bir az sayda qırıcıların Azərbaycanın hava hücumundan müdafiə sistemini yara biləcəyi ehtimalı yoxdur.

Ermənistan bu razılaşma ilə Azərbaycanı bu dəfə hava şəraitində yeni bir silah yarışına çəkə bilər. Bakı isə modernləşdirilən deyil, artıq müasir qırıcıları ala bilər. Məsələn, Pakistandan JF-17 qırıcılarını, özü də bu barədə çoxdan danışıqlar gedir", - deyə A.Frolov bildirib.

Öz növbəsində başqa bir rusiyalı hərbi ekspert Aleksey Xlopotov qeyd edib ki, hələ Ermənistanın ümumilikdə neçə ədəd Su-30SM alacağı və hansı pula satılacağı məlum deyil.


"Bu əməliyyatla əlaqədar Moskvadan indiyə qədər heç bir rəsmi təsdiq alınmayıb. Əgər söhbət əvvəllər Ermənistana silah almaq üçün verilən 100 milyon dollar məbləğində olan kreditdən gedirsə, o zaman sadəcə gülünc bir vəziyyət yaranır - bu pul ən yaxşı halda 4 təyyarə üçün kifayətdir. Belə bir sayda təyyarə heç bir şeyi həll etmir və Ermənistan-Azərbaycan münaqişəsi zonasında qüvvələr balansını dəyişmir. Məlum olduğu kimi, qüvvələr balansı uzun müddətdir ki, Azərbaycan tərəfindədir. Bu sadəcə bir prestij aktıdır, çünki 4 təyyarə real döyüş dəyəri kəsb etmir. Ən azı bir eskadrilyaya ehtiyac var, iki eskadilya isə daha yaxşıdır, lakin buna Ermənistanda olmayan təxminən bir milyard dollar vəsait lazımdır ki, bu da təmamilə fərqli rəqəmdir. Qərb təbii ki, Rusiyadan silah almaq üçün Ermənistana kredit verməyəcək.

Azərbaycan isə istənilən vaxt Rusiyadan və ya digər ölkələrdən, o cümlədən Pakistandan daha müasir qırıcılar əldə etməklə cavab verə bilər. Ümumiyyətlə Ermənistan Azərbaycanla təkbaşına silahlanma yarışına girə bilməz, çünki Bakı yalnız Rusiyadan deyil, istədiyi ölkədən hər şeyi satın almaq imkanına malikdir. Və alır. O, veriləni deyil, istədiyini alır. Buna görə də inanıram ki, 4 ədəd Su-30SM-lərin alınması Ermənistan iqtisadiyyatına əlavə yük və lazımsız xərclərdən başqa bir şey verməyəcək , - deyə A. Xlopotov bildirib.

Bəhram Batıyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Su-30SM   Ermənistan   Azərbaycan   Qarabağ  


Bizi "telegram"da izləyin