Ordu.az xəbər verir ki, bu barədə erməni politoloq Ağasi Yenokyan jurnalistlərlə görüşü zamanı bildirib.
Onun fikrincə, ATƏT-in Minsk Qrupunun müəyyən təsdiqlənmiş gündəliyi vardı, tərəflər addım-addım uğur və ya uğursuzluğa nail olurdular.
"Erməni tərəfi 2016-cı ildə baş verən aprel döyüşlərindən sonra monitorinq və təmas xəttində nəzarət mexanizminin tətbiq edilməsinə nail olmaqla qismən istəyinə nail oldu. Lakin indi bu barədə danışılmır. Həmçinin vaxtilə ATƏT-in Minsk Qrupunun 3 əsas prinsipi - sərhədlərin toxunulmazlığı hüququ, xalqların öz müqəddəratını təyinetmə hüququ, güc və güc təhdidinin tətbiq edilməməsi barədə danışılırdı. İndi bunlardan da danışılmır", - deyə o qeyd edib.
Yenokyan, həmçinin Əliyev-Paşinyan görüşündən sonra Qarabağ məsələsinin müzakirə edilmədiyi haqqında şərhlər, müzakirələr və dəyərləndirilmələrin aparılmasının da narahatedici amil olduğunu bildirib.
O qeyd edib ki, indiyədək Ermənistanın diplomatiya səviyyəsi parlaq deyildi, son dövrlərdə isə səviyyəsi daha da aşağı düşüb.
Erməni politoloq Azərbaycan tərəfinin heç olmasa müəyyən açıqlamalar verdiyini, erməni tərəfində isə bunun baş vermədiyini qeyd etməklə erməni cəmiyyətinin həyəcanda olduğunu vurğulayıb.
"Hansı formatla, nə ətrafında danışıqlar apardığımızı dərk etmirik. Azərbaycan tərəfi isə nəyin nəyə getdiyini bəyan edir. Ermənistan əsasən bizi qane etməyən və daxili auditoriya üçün edilən yarımçıq bəyanatlar verir", - deyə Yenokyan fikirlərini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az