Ordu.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin katibi Artrsun Hovhanisyan erməni KİV-lərinə açıqlamasında yezidi əsgər Yurik Broyan haqqında yayılan məlumatlara münasibət bildirib.
“Müdafiə Nazirliyi hüquq mühafizə orqanlarının verəcəyi qərar çərçivəsində hərbi qulluqçunun gələcək hərbi xidməti ilə bağlı müvafiq qərar qəbul edəcək”, - deyə o açıqlamasında qeyd edib.
Bildirilir ki, vəkilin müdaxiləsindən sonra əsgər yenidən ambulator ekspertizaya göndərilib. İşlə əlaqədar cinayət işi açıldığı və istintaq araşdırmaları davam etdiyi üçün Ermənistan Müdafiə Nazirliyi hər hansı münasibət bildirməkdən çəkinib. Lakin maraqlı tərəflərə bildirir ki, səhhətində problem olan hərbi qulluqçuların orduda saxlanması üçün nazirlik maraq göstərmir.
Broyanın təmsilçisi, “İnsan Hüquqları Naminə Jurnalistlər” ictimai təşkilatının vəkili Hayarpi Sarkisyan Ermənistan Müdafiə Nazirliyinə etiraz edərək, qeyd edib ki, Müdafiə Nazirliyi özü özünü məsuliyyətdən azad etmək istəyir.
“Hazırda Yurik Broyanın günahlandırılan şəxs qismində statusu yoxdur. O, zərərçəkəndir. Müdafiə Nazirliyi hətta bilmir ki, onun tabeliyində olan hərbi polisin qəbul bölüşdürmə mərkəzində səhhəti pis olan və zərərçəkən statusunda hərbi qulluqçusu var”, - deyə o bildirib.
Vəkil tələb edib ki, müdafiə etdiyi şəxsin hansı hüquqi əsaslarla hərbi polisdə saxlanıldığına açıqlama verməlidir. Vəkilin fikrincə, Broyan hal-hazırda hər hansısa tibb müəssisəsinin nəzarəti altında yaxud, valideyn himayəsində olmalıdır. Yurik Broyanı bir neçə gün öncə məhkəmə tibbi mərkəzinə aparıblar. Orada həkim qeyd edib ki, ona məhkəmənin tibbi və məhkəmə psixoloji kompleks ekspertizası lazımdır. Vəkil müstəntiqlə görüşərək kompleks ekspertiza keçirmə haqqında qərarla tanış olub. Yurik Broyanın özünə xəsarət yetirməsi ilə bağlı günahlandırılan şəxs qismində Ermənistan Müdafiə Nazirliyi tərəfindən tez-tez xatırladılmasına gəldikdə isə vəkil qeyd edib ki, iş üzrə xitam verilib və bunu tez-tez xatırlatmaq yersizdir.
“Müdafiə Nazirliyi tərəfindən hörmətsiz davranış əsgərə qarşı işgəncədir”, - deyə vəkil bildirib.
Alpər Mövludoğlu
Ordu.az