Ordu.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Aleksandr Skakov XİN nazirlərinin görüşünün məqsədləri və gündəliyin nədən ibarət olacağına toxunarkən deyib.

Onun sözlərinə görə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin məqsədi danışıqlar prosesini qoruyub saxlamaqdır.
"Bu yeganə formatdır. Bundan imtina etmək münaqişəyə xarici nəzarət tərkibini çıxarıb atmaq mənası daşıya bilər və bu nəticəsiz qalmaz. Buna görə də daha təsirli format tapılmayanadək bu platformada işlər davam etdiriləcək. Tərəflərin mövqeyinə gəldikdə onların mövqeyi dəyişməz olaraq qalıb. Lakin bir-birinin təəssüratını yoxlama prosesi davam edir. Bu hələlik belə davam edəcək", - deyə politoloq Skakov qeyd edib.
Politoloq Stanislav Tarasovun fikrincə isə tərəflərin hansısa bir layihəni müzakirə etdiyi məlumdur.

"Bunun görülən nəticəsi prezident və baş nazirin görüşünün təşkil edilməsi olacaq. Lakin daha dərin iş aparılır. Ermənistan tərəfi Azərbaycan tərəfi ilə müqayisədə daha çox qeyri-konstruktivdir. Ona görə ki, Ermənistan ziddiyətli siyasət yürüdür. İstənilən halda vəziyyət Ermənistan üçün kifayət qədər dəf olunandır. Azərbaycan, Türkiyə, Rusiya Federasiyası ilə əməkdaşlığını dərinləşdirir. Yaxın Şərqdə də vəziyyət dəyişir. ABŞ-ın mövqeyi özünü büruzə verir", - deyə o vurğulayıb.
O, Vaşinqtonun Dağlıq Qarabağ münaqişəsi zonasında Tehran və Rusiyanın təsirini azaltmaq məqsədi ilə bölgədəki siyasətini fəallaşdırması barədə çağırışlar səsləndirməsinə də toxunub: "Lakin bu təsiri Rusiya tərəfi Ermənistan vasitəsilə olmasa da Azərbaycan vasitəsi ilə qoruyub saxlamağa çalışacaq. Bütün bunlar Dağlıq Qarabağ münaqişəsinə təsir edən amillərdir. Bu amillər Ermənistan tərəfindən nəzərə alınmalıdır. Ona görə ki bu prosesdə Ermənistanın elə də çox müttəfiqi yoxdur. Ona görə də diqqətli olmalıdır".
Qeyd edək ki, yanvarın 16-da Parisdə Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri Elmar Məmmədyarov və Zöhrab Mnatsakanyanın sayca dördüncü görüşü olacaq. Görüş ATƏT-in Minsk Qrupunun vasitəçiliyi və iştirakı ilə keçiriləcək.
Alpər Mövludoğlu
Ordu.az