Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bunu enerji sahəsi üzrə erməni ekspert Vahe Davtyan Qazaxıstanın Aktau şəhərində Xəzəryanı ölkə rəhbərlərinin Xəzərin statusu barədə konvensiyanı imzalanmasını şərh edərkən bildirib.
Erməni ekspert, həyata keçirilən tarixi sammitdə əldə edilən qərarlar çərçivəsində Ermənistanın vəziyyətini də qiymətləndirib.
Onun sözlərinə görə, imzalanmış konvensiya mütəmadi olaraq Xəzər dənizi hövzəsində meydana çıxan fikir ayrılıqlarının hüquqi həllinə yönəlib.
"Sovet İttifaqı dövründə Xəzərin statusu 1921-ci ildə SSRİ ilə İran arasında imzalanmış müqavilə ilə tənzimlənirdi. Ancaq Sovet İttifaqından sonra Xəzər hövzəsində müstəqil ölkələr və maraqlar meydana çıxdı. Bu ölkələrin iqtisadi sabitliyi Xəzərdəki neft və qaz yataqlarından asılıdır. Təbii ki, Xəzər dənizi ilk növbədə enerji maraqlarının toqquşma nöqtəsinə çevrilib.
Daha sonra enerji maraqları probleminə hərbi və siyasi maraqlar da əlavə olundu. Toqquşmaları böhran vəziyyətinə çatdırmamaq üçün 1996-cı ildə işçi qrup yaradıldı. Məsələnin həllinin bu qədər uzadılmasına səbəb isə hər bir ölkənin öz maraqlarını müdafiə etməklə, öz həll modellərini təklif etməsi idi. Məsələn, İran su ərazilərinin sahil boyu ölkələrin ərazilərinə uyğun bölüşdürülməsi prinsipinə qarşı çıxış edirdi. Çünki bu halda İran yalnız 13% paya sahib ola bilərdi, bu isə indiki vəziyyətdən daha kiçik ərazi demək idi", - deyə o bildirib.
Davtyan, hazırda dünyada mövcud qeyri-sabit vəziyyəti dəyərləndirən İran və Rusiyanın, ilkin prinsiplərindən demək olar ki, imtina edərək Xəzərin statusu ilə əlaqədar konvensiyanın qəbul olunmasını tezləşdirdiklərini qeyd edib: "Bu konvensiyanı iki baxışdan dəyərləndirmək olar. İlk növbədə bundan sonra Xəzər dənizi hövzəsinə aid olmayan ölkələrin silahlı qüvvələri Xəzərdə yerləşdirilə bilməz. Bu ilk növbədə Rusiya və İran maraqlarına cavab verir. Çünki elə Qazaxstan NATO donanmasını Xəzər dənizindəki öz ərazilərinə bir neçə dəfə dəvət edib.
Digər bir məqam isə Xəzər dənizində boru kəmərlərin çəkilişi ilə əlaqədardır. Konvensiyanın tələblərinə əsasən ölkələr Xəzər dənizinin ekoloji təhlükəsizliyinə görə məsuliyyət daşıyırlar. Yəni istənilən neft-qaz kəmərlərinin çəkilişi bütün Xəzəryanı ölkələrin razılığı ilə baş tuta bilər. Bir çox layihələrdə Bakı yeni imkanlar əldə edə bilər. Məsələn, Sərdar yatağı ilə bağlı Türkmənistanla Azərbaycan arasında ziddiyyətlər vardı. İndi isə bu yatağın birgə istismarı istisna edilmir. Eyni zamanda Rusiya-Azərbaycan münasibətlərində enerji sahəsində yeni əməkdaşlıq imkanları yaranır".
Konvensiyanın imzalanmasının Ermənistanın maraqları ilə uzlaşmadığını bildirən ekspert, bunun rəsmi İrəvan üçün əlavə risklər gətirəcəyini deyib.
"Konvensiya ilk növbədə bölgənin təhlükəsizliyi məsələsini həll edir. Bu Xəzər dənizində kənar silahlı qüvvələrin mövcudluğunun qadağan edilməsində öz əksini tapıb. Ermənistana gəldikdə isə Xəzər dənizinin statusu ilə bağlı konvensiyanın imzalanması Ermənistanın maraqları ilə uzlaşmır və İrəvan üçün bir sıra risklərlə doludur. Bu konvensiya ilə Ermənistan üçün iki əsas, iqtisadi və siyasi təhlükə yaranır. Məlumdur ki, bu konvensiya ilk növbədə Rusiya üçün Ermənistanın hərbi-siyasi əhəmiyyətini azaldır", - deyə o vurğulayıb.
Erməni jurnalistin "Bu konvensiyaya əsasən Azərbaycan üçün bizim (Ermənistan nəzərdə tutulur - red.) strateji müttəfiqimiz Rusiya və qonşu İranla səmərəli əməkdaşlıq etmək üçün artıq konkret bəyannamə ilə formallaşdırılmış yeni platforma yaranır. Bu Ermənistanı narahat etməlidir?" sualına Davtyan bu şəkildə cavab verib: "Faktiki olaraq, Rusiya-Azərbaycan əməkdaşlığının dərinləşdirilməsi üçün yeni platforma yaradılıb. İqtisadi baxımdan Xəzər konvensiyası nizamlayıcı bütöv bir mexanizmdir. Bu mexanizm Azərbaycan-İran və Azərbaycan-İran-Rusiya iqtisadi əməkldaşlığına təkan verə bilər. Bura faktiki olaraq Ermənistandan yan keçməklə Bakı-Rəşt-Astara İran-Azərbaycan dəmiryolu xətti üzrə keçən Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizini qeyd edə bilərik.
Digər tərəfdən 2018-ci ilin yanvar ayından etibarən Bakı-Tehran-Moskva qurulmaqda olan İran-Ermənistan-Gürcüstan-Rusiya enerji dəhlizinin Azərbaycana keçməsinə dair rəsmi məsləhətləşmələrə təşəbbüs göstərməyə başladıqlarına görə bu layihə sual altına düşür.
Enerji sahəsində Azərbaycan-İran əməkdaşlığı nəzərə çarpacaq dərəcədə fəallaşıb. Son dövrlərdə İran Azərbaycandan enerji idxal etməyə başlayıb. Eyni zamanda, İran tərəfi barter yolu ilə Ermənistandan idxal edilən enerjiyə bundan sonra zərurət olmadığını bəyan edib. Faktiki olaraq, bir-birinin ardınca bizim üçün vacib olan bu bazarı itirməkdəyik. Əlbəttə, bütün bunlar qeyd olunan konvensiyadan da əvvəl mövcud idi. Lakin bu sənəd həmin niyyətlərin möhkəmləndirilməsi məqsədilə əlavə əsaslar yaradır".
Alpər Mövludoğlu
Ordu.az