Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə amerikalı politoloq Pol Stronski Ermənistan və işğal altında olan Qarabağda yerləşən qanunsuz hərbi rəhbərliyin son bəyanatlarını şərh edərkən bildirib.
Qeyd edək ki, Qarabağdakı qanunsuz hərbi birləşmənin "rəhbəri" Levon Mnatsakanyan, zərurət yarandıqda Mingəçevir su anbarına zərbə endirilməsinin istisna olunmadığı barədə sərsəm fikirlər səsləndirib. O, iyulun 24-də keçirilən mətbuat konfransında daha da irəli gedərək bildirib ki, guya Qarabağda yerləşən erməni hərbi bölmələri zərurət yaranarsa Azərbaycan iqtisadiyyatını iflic edə bilər.
"Azərbaycan iqtisadiyyatını iflic etmək üçün imkanımız var, amma hələ buna səbəb görmürəm. Döyüş sənəti belə hərbi obyektlərin vurulmasını tələb edir. Bu, iqtisadiyyata zərər verəcək və düşmən Silahlı Qüvvələrinə lazımi təchizatı təmin etmək imkanını istisna edəcək. Bu obyekt planlaşdırmalarımızda əks olunub", - deyə Levon Mnatsakanyan qeyd edib.
O, hazırda vəziyyətin sabit olduğunu hesab etməklə, gərginliyin olduğunu deyib. Onun sözlərinə görə, hələ belə sakit vəziyyət olmayıb, lakin sentyabr-oktyabr aylarında gərginliyin olması mümkündür.
Mnatsakanyanın sərsəm və təxribatçı ifadələrindən öncə, Ermənistan müdafiə naziri David Tonoyan münaqişə zonasında vəziyyət barədə danışaraq kəskin hərbi ritorikadan istifadə edib. O vurğulayıb ki, əgər Azərbaycan hərbi əməliyyatlara başlayarsa, erməni tərəfi bütün arsenalını işə salmaqdan çəkinməyə bilər. O, Ermənistanın sülh xahiş edən rolunda olmadığını da açıqlayıb.
Pol Stronskinin sözlərinə görə, hazırda Qarabağ münaqişəsinin nizamlanması prosesində yaranmış vəziyyət qəbuledilməzdir.
"Belə ki, hazırda həm Ermənistan, həm də Azərbaycan bu münaqişədə onların sahib olduğu imkanları güzəştə gedə bilməzlər. Söhbət ərazilərin qaytarılmasından və Ermənistanın blokadadan çıxmasından gedir. Bu məsələlərdə tərəflərin razılaşmamasına dair mövqeyi onların təhlükəsizliyinin bu məsələlərlə təmin olunduğunu düşünməyə imkan verir", - deyə o bildirib.
Ekspert, tərəflərin bir-birinə qarşı iddiaları olduğuna görə vəziyyətin münaqişə zonasında daha da gərginləşdiyini qeyd edib: "Buna görə də son günlərdə müdafiə nazirləri ön planda yer alıb. Onlar adətən xarici işlər nazirləri və vasitəçilər arasında danışıqlar zamanı doldurulan boşluğu örtmək üçün çalışırlar.
Beləliklə, baş verənlər məntiqlidir, danışıqlar prosesinin olmaması boşluğunu hərbi "diplomatlar" doldurmağa çalışır. Bunlar qabaqlayıcı tədbir, bəyanat olduğuna görə, hər zaman müharibə mənası daşımır. Tərəflərdən heç birinə müharibə lazım deyil. Biz eşitdik ki, Ermənistanın nüvə stansiyasına dair bənzər bir bəyanat Azərbaycan tərəfindən də verilib. Hər iki tərəf tez bir zamanda bir-birinin açıqlamalarına reaksiya verir, reallıqda isə bu vəziyyətin gərginləşməsinə gətirib çıxarmayacaq".
O qeyd edib ki, Azərbaycan və Ermənistan mətbuatında sentyabr ayında Nyu-Yorkda Mnatsakanyan-Məmmədyarov görüşünün planlaşdırılması barədə yayılan son məlumatları müsbət hesab edir.
"Ümid edirik ki, bu görüşdə münaqişə tərəfi olan ölkələrin rəhbərlərinin real görüşü üçün ilkin hazırlıqlar aparılacaq. Çünki göründüyü kimi xarici işlər nazirləri arasında keçirilən iyul görüşü tanışlıq xarakteri daşıyırdı, bu isə hazırkı gərgin vəziyyətdə qəbul olunmazdır", - deyə o fikirlərini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az