Çıraqlıda son vəziyyət: "Baş verənlər bizi qorxutmur"

2018/07/30516464_1044058549067782_7159549575777222656_n_6093367176_1531831204.jpg
Oxunub: 4507     20:41     17 İyul 2018    
"Bir müddət idi ki, kənddə sakitlik hökm sürürdü. İnsanlar gündəlik təsərrüfat işləri ilə məşğul olurdular. Lakin son günlər düşmənin aktivləşməsi az da olsa müşahidə olunur. Buna cəbhə xəttində ərazilərin yandırılmasını, gecə saatlarında atəşkəsin pozulmasını misal gətirmək olar. Lakin bu gün baş verənlər demək olar ki, son günlərin ən yaddaqalan hadisəsi idi".

Bu sözləri Ordu.az-a açıqlamasında Ağdam rayonunun Çıraqlı kənd sakini Fəxri Məmmədov bildirib.


Fəxri Məmmədov bu gün baş verən hadisənin insanlar arasında heç bir təşvişə səbəb olmadığını qeyd edib. Onun sözlərinə görə, kənd illərdir düşmənin atəşi altındadır.

"Baş verənlər bizi qorxutmur. Əksinə düşmənə olan nifrətimizi daha da artırır. Burada hər kəs Ordumuza güvənir. Biz düşmənə necə layiqli cavab verildiyinin şahidi oluruq", - deyə o bildirib.


Hadisəni şərh edən hərbi ekspert Tərlan Eyvazov açıqlamasında Ermənistanın əsas məqsədinin Azərbaycanı təxribata çəkmək olduğunu vurğulayıb: "Hərbi obyekt olmayan yerlərə, o cümlədən dinc əhaliyə atəş açan ordu sadəcə başsızlığını və həyasızlığını nümayiş etdirir. Əlbətdə, bu qeydə alınan ilk fakt deyil. Burada əsas məqsəd Azərbaycan Ordusunu təxribata çəkməkdir. Ermənistan hakimiyyəti də yaxşı bilir ki, cəbhədə törətdikləri təxribat onlar üçün heç vaxt ucuz başa gəlməyib. Azərbaycan ordusunun cavab tədbiri görməsi isə sözün əsl mənasında tədqirəlayiqdir".


Xatırladaq ki, bu gün saat təxminin 12:20 radələrində kəndin cəbhə xəttinə ən yaxın ərazisində Ağdam subartezian quyularının istismarı idarəsinin texnikası və işçi qüvvəsi atəşə tutulub. 40 dəqiqəyə qədər atəş altında qalan mülki şəxslər çətinliklə də olsa ərazidən çıxa biliblər. Lakin kənd sakinlərini su ilə təmin etmək məqsədi ilə Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən inşa edilmiş və üzərində həmin beynəlxalq təşkilatın loqosu olan qurğuya bir neçə güllə dəyib. Bundan sonra layiqli cavab atəşi ilə düşmənin atəş nöqtələri tam susdurulub.






Elgün Gəncimsoy
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çıraqlı   Təxribat   Qarabağ  


Bizi "telegram"da izləyin