Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistan hakimiyyəti polisin daxili qoşunlarını cəbhə xəttinə qulluğa cəlb etmək barədə qərar qəbul edib.
“Daxili qoşunlar haqqında” qanunda müdafiə də iştirak etmələrinə dair vəzifə borcları olsa da, keçmiş hakimiyyət ancaq daxildə müxalifətin toplanışlara müqavimət göstərilməsi zamanı daxili qoşunları cəlb edirdi.
Şənbə günü polis rəisi Valeri Osipyan daxili qoşunlar bölməsi ilə görüş keçirərək, qəbul edilən qərar barədə məlumat verib. O bildirib ki, Ermənistan müdafiə nazirliyindən bu barədə təklif daxil olub və razılıq verilib, hazırda bunun icrası Paşinyanın qərarından asılıdır.
Daxili qoşunların yalnız bir bölməsi buna narazılığını bildirib. Osipyan qeyd edib ki, 15 avqustan etibarən 15 günlük əvəzetmə qaydasında Qarabağa cəbhə xəttinin müdafiəsinə göndəriləcək və həmin ezamiyyət günləri üçün əlavə maddi ödənişlə təmin ediləcəklər.
Ermənistan polis idarəsindən məlumatı təsdiqləsələr də, yekun qərar qəbul edildikdən sonra məlumat veriləcəyini bildiriblər.
Alpər Mövludoğlu
Ordu.az