Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, cəbhənin şərq istiqamətində Ermənistan ordusunun qanunsuz hərbi hissələrindən birinin şəxsi heyəti cəlb edilməklə taborun döyüş atışlı taktiki təlimi keçirilib.
Təlimdə həm müdafiə, həm də hücum xarakterli əməliyyatlar yerinə yetirilib.
Təlimin şərtlərinə görə, hücuma keçən qüvvələrə qarşı ön xəttdə növbətçilik aparan taborlardan birinin şəxsi heyəti döyüşə atılıbr. Əlavə qüvvələrin köməyi ilə rəqibin hədəflərinin məhv edilməsinə və əks-hücum əməliyyatlarına başlanılıb, cəbhə xətti yenidən bərpa edilib.
Təlimin məqsədi qarşıda qoyulan tapşırığın şəxsi heyət tərəfindən icra qabiliyyətini yoxlamaq olub.
Qeyd: Ehtimal olunur ki, təlimə cəlb edilən Xocavənd istiqamətində yerləşən düşmənin 35383 nömrəli hərbi hissəsidir. Hərbi hissə komandiri polkovnik Karen Qriqoryandır.
Alpər Mövludoğlu
Ordu.az