Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın hüquq mühafizə orqanları tərəfindən aparılan iş nəticəsində çağırışçıların qohumlarından aldatma yolu ilə pul mənimsənilməsi və digər məqamlara görə 13 nəfərə qarşı ittiham irəli sürülüb.
Əldə edilən sübutlara əsasən məlum olub ki, 1969-cu il təvəllüdlü, İrəvan sakini A.Mxitaryan hərbi xidmətdən azad edilmə və ya möhlət verilməsinə yardım etmə adı ilə çağırış yaşına çatmış gənclərin valideynlərindən aldatma yolu ilə müxtəlif məbləğdə pul alaraq mənimsəyib.
Adı çəkilən şəxs, çağırışçıların hərbi xidmətdən azad edilməsinə əsas verən diaqnozla səhhətinin müayinəsi aktlarını təqdim etmək və bunlara dair müvafiq qərarların qəbul edilməsi üçün məsul şəxslərə rüşvət verməklə həll edəcəyinə vəd verib. Bu yolla o, etimad qazanaraq, 2014-2017-ci illər ərzində müxtəlif məbləğdə pul alaraq mənimsəyib.
Araşdırma nəticəsində saxtakarlıq yolu ilə mənimsəmə üzrə 7 hal, mənimsəməyə cəhd üzrə 1 hal aşkarlanıb.
Bundan başqa Mxitaryanın qanunsuz yolla əldə etdiyi və ona aid olan "TOYOTA 4RUNNER" markalı avtomobildə hərbi sursat hesab edilən 20 ədəd 7.62 mm, 2 ədəd 9mm-lik güllə, 2 ədəd “F-1” əl qumbarası və ona UZRQM, 200 qramlıq 2 ədəd trotil aşkar edilib.
Əldə edilən dəlillər əsasında Mxitaryana qarşı bir neçə maddə ilə cinayət işi açılıb. Bundan başqa 12 nəfərə qarşı da ittiham irəli sürülüb. Hadisənin tam araşdırılması üçün istintaq tədbirləri davam edir.
Alpər Mövludoğlu
Ordu.az