Məlum olduğu kimi, Ermənistan baş naziri Nikol Paşinyanın təqdimatı və Ermənistan prezidenti Armen Sarkisyan əmri ilə polkovnik Vağinak Sarkisyan təhlükəsizlik xidmətinin sərhəd qoşunlarının komandanı təyin edilib.
Lakin bu təyinat təsadüfi deyil. Aprelin 23-də Serj Sarkisyanın baş nazirliyi əleyhinə İrəvanda keçirilən və 10 gün davam edən "Mənim addımım" təşəbbüs qrupunun etiraz nümayişlərinə qəflətən hərbi geyimdə Ermənistan sülhməramlı briqadasının hərbi qulluqçuları qoşuldu. Vağinak Sarkisyan isə həmin briqadanın komandiri olub.
Ermənistan müdafiə nazirliyində yayılan məlumatlara görə. hərbi hissə komandanlığı hərbi qulluqçuların etirazçılara qoşulmasına yardım edib. İndi bir çoxları Sarkisyanın yuxarı vəzifəyə təyinatını məhz bununla əlaqələndirirlər.
Ordu.az "Joğovurd" qəzetinə istinadən xəbər verir ki, yeni təyin edilən Vağinak Sarkisyan vəzifəyə təyinatının bununla əlaqədar olmadığını bildirib.
"Şəxsi heyətin aksiyalara qoşulmasından xəbərdar deyildim. Bu təyinatın isə vəzifədə irəliləyiş olması doğru fikir deyil. Çünki, mən kəşfiyyat idarəsinin rəisi olmuşam, sülhməramlı briqada komandiri vəzifəsi də general kateqoariyasıdır", - deyə o qeyd edib.
Vağinak Sarkisyan açıqlamasında 10 ilə yaxın müddət ərzində Çində də xidmət keçdiyini vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az