Şəhid Yüzbəyovun medalı ailəsinə təqdim olunub - FOTOLAR

2018/05/1_1527521291.jpg
Oxunub: 2340     23:27     28 May 2018    
Düşmən təxribatının qarşısını alarkən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Yüzbəyov Əmrah Aydın oğlu “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medala layiq görülüb.

Doğulub boya-başa çatdığı Xaçmaz rayonunun Hacıməmmədoba kəndində dəfn olunan şəhidin layiq görüldüyü medal mayın 28-də ailəsinə təqdim edilib.

Müdafiə Nazirliyinin nümayəndələri şəhidin ailə üzvləri ilə birlikdə kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edib, xatirəsini ehtiramla anıblar.


Çıxış edənlər qəhrəmancasına şəhid olmuş Ə.Yüzbəyovun daim xatirələrdə yaşayacağını, onun şərəfli ömür yolunun gənclərə örnək olduğunu bildiriblər.


Ə.Yüzbəyov 1997-ci ildə anadan olub. Orta məktəbi bitirdikdən sonra təhsilini Sumqayıt şəhərində kollecdə davam etdirib. 2015-ci ildə hərbi xidmətə yollanıb. 2016-cı ilin aprel ayında erməni işğalçılarının hücumunun dəf edilməsində və Talış kəndi ətrafındakı yüksəkliklərin düşməndən azad olunmasında iştirak edib. 2016-cı il mayın 3-də erməni silahlı qüvvələrinin təxribatlarının qarşısını alarkən şəhid olub.


Daha sonra şəhidin layiq görüldüyü medal atası Aydın Yüzbəyova təqdim olunub.

Şəhidin atası torpaqlarımızın azadlığı uğrunda canından keçən oğlu ilə fəxr etdiyini söyləyib. Şəhid atası bildirib ki, hər bir Azərbaycan gənci Vətən uğrunda döyüşməyə, torpaqlarımızı düşməndən azad etmək üçün silaha sarılmağa hazır olmalıdır.


Sonra Hacıməmmədoba kəndində şəhidin adının əbədiləşdirildiyi xatirə bulağı ziyarət olunub. (AzərTAc)


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Şəhid   Medal  


Bizi "telegram"da izləyin