Rusiyalı ekspertlərdən sakitləşdirici açıqlamalar: 102-ci bazada nə baş verir?

2018/04/382248345345_1514357585_1522585872.jpg
Oxunub: 2318     23:25     01 Aprel 2018    
Ermənistanda yerləşən RF SQ CHD-nin 102-ci hərbi bazasında son dövrlərdə həyata keçirilən dəyişikliklər erməni cəmiyyətində və əhali arasında bir sıra narahatlıqlar yaradıb. Məlum olub ki, 102-ci hərbi bazada və eyni zamanda İrəvan qarnizonunda bazaya tabe olan hərbi hissələrdə yol hərəkətinin təhlükəsizliyi, hərbi nizam-intizamı qoruyub saxlamaq və qarnizonda obyektləri mühafizə etmək məqsədilə Rusiya hərbi polis bölmələri yaradılır. Hərbi polis nümayəndələri silahla, xüsusi təchizatla və hərbi texnika ilə təmin edilməlidir.

Rusiya Federasiyasının silahlı qüvvələrinin Cənub Hərbi Dairəsinin qərargahından verilən məlumata görə, Ermənistanda yerləşdiriləcək hərbi polis bölmələrinin məqsədi Gümrüdə RF hərbi bazasında nizam-intizam səviyyəsinin artırılması məqsədini daşıyır.

Ancaq 1995-ci ildə imzalanan müqavilə əsasında, 1997-ci ildə Ermənistan və RF arasında rus hərbi bazasının yerləşdirilməsi ilə bağlı öhdəlik və qarşılıqlı hüquqi yardım məsələləri üzrə razılaşmada, Rusiya hərbi polis bölmələrinin yerləşdirilməsi barədə hər hansı kəlmə belə qeyd edilməyib.

Öz növbəsində, Ermənistan müdafiə nazirliyinin mətbuat xidməti də problemin hazırda müzakirə mərhələsində olduğunu bildirib. Ermənistandakı bəzi ekspertlər hərbi bazada yaradılan rus hərbi polis bölmələrinin hər hansı problemin həllinə məcburetmə məqsədilə cəmiyyətə qarşı istifadə edilə biləcəyindən narahat olduqlarını bildirirlər.

Ekspertlərin fikrincə, rus hərbi polisi Ermənistanın daxili məsələlərinə müdaxilə edə bilər. Onlar həmçinin hərbi polis bölmələrinin yerləşdirilməsini dövlətlərarası müqavilənin pozulması kimi hesab edirlər.


Ordu.az xəbər verir ki, Rusiyalı hərbi ekspert Vladimir Yevseyev “168.am” xəbər agentliyinə verdiyi müsahibədə, rus hərbi polis bölmələrinin yerinə yetiricəyi vəzifə səlahiyyətləri ilə bağlı erməni ekspertlərinin narahatlığının heç bir əlaqəsinin olmadığını bildirib.

Onun fikrincə, Gümrüdəki 102-ci hərbi bazada son dövrlərdə qeydə alınan bir sıra hadisələr, hərbi ekspertlərin məsləhəti əsasında baza rəhbərliyini, bazadan silahla fərarilik edilməsinin, özünəqəsd, cinayətlərin və digər arzuolunmaz hadisələrin qarşısının alınması məqsədilə nizam-intizamın artırılması üçün tədbir görməyə məcbur edib.

"Burada və bir çox hərbi hissələrdə belə hadisələr tez-tez baş verir və bu hərbi polisin səlahiyyətinə daxildir. Hərbi qulluqçular bununla məşğul olmamalıdır və ola da bilməz. Həmçinin hərbi qulluqçular arasında tez-tez rast gəlinən psixoloji problemlərlə əlaqədar hərbi polis bölmələri psixoloji iş aparılması üçün bu sahədə ixtisaslaşmış əməkdaşlardan da istifadə edəcək. İkinci əsas məsələ bundan ibarətdir ki, bu hərbi polis bölmələrinin səlahiyyətləri məhdud olacaq. Bu bölmələr gözətçi mühafizə səlahiyyətlərini həyata keçirəcək", - deyə Yevseyev bildirib.

Rus hərbi eksperti eyni zamanda qeyd edib ki, bu kimi dəyişikliklər Rusiyaya məxsus bütün hərbi bazalarda həyata keçirilir.

"Mən burda hər hansı narahatlığa əsas görmürəm. Ermənistanda hərbi polis var, elə deyil? Rusiyanın hər hansı bir yerdə bazası varsa, hərbi qulluqçunun hər hansı qanundan kənar hərəkətə yol verə bilmə ehtimalı varsa, bununla hərbi polis məşğul olmalıdır. Doğru deyilmi? Bu normal praktikadır, - deyə rusiyalı ekspert erməni jurnalisti susdurub.


Digər rusiyalı hərbi ekspert Pavel Felqenqauer, hərbi polis bölmələrinin hansı səlahiyyətləri olacağına, hərbi bazadan kənara çıxmağa hüququna dair narahatlıqlara cavab olaraq bildirib ki, hazırda hazırlanan sənədlə hərbi polisin hansı halda, hansı addımları atmağa səlahiyyəti olduğu əks olunacaq.

"Bu cür polisin olması, daha uyğun alternativdir. Keçmişdə əgər hərbi qulluqçu fərarilik edirdisə, faktiki olaraq müvafiq təcrübəsi olmayan, hansı hüquqlara malik olub-olmadıqlarını bilməyən bazanın əməkdaşları onu axtarmağa başlayırdılar. Belə arzuolunmaz hallarda hərbi bazanın fəaliyyət hüdudlarını bu vəziyyət daha yaxşı dəqiqləşdirir".

Faktiki olaraq, rusiyalı ekspertlər erməni KİV-lərinə verdikləri müsahibədə erməni cəmiyyətini sakitləşdirmək üçün, bölmələrin yaradılmasıını adi prosedur qaydası olaraq təqdim edir və əslində müqavilədə bunun nəzərdə tutulmadığına toxunmurlar. Bu fakt bir daha onu göstərir ki, Ermənistan qanunları Rusiya üçün işləmir və o, sadəcə Moskvanın daxili müstəqilliyini sahib olan quberniyalarından biridir.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: 102-baza   Hərbi-polis  


Bizi "telegram"da izləyin