Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, dünən Ermənistan müdafiə naziri Vigen Sarkisyan Hindistan müdafiə nazirliyinin planlaşdırma və beynəlxalq əməkdaşlıq məsələləri üzrə katibi Şambu Kumaranini və Hindistanın Ermənistandakı səfiri Yuqeşvar Şanqvanı qəbul edib.
Məlumata görə, görüşdə müdafiə sahəsində erməni-hind əməkdaşlığına dair məsələlər müzakirə olunub.
Həmçinin 2017-ci ilin may ayında Nyu-Dehlidə Ermənistan və Hindistan müdafiə nazirliklərinin nümayəndələri arasında əldə edilən razılaşmaların həyata keçirilməsinə dair məsələlər nəzərdən keçirilib.
Qeyd edək ki, hazırda Ermənistan ABŞ sanksiyalarından yayınmaq üçün Rusiyaya alternativ bazarlar axtarır. Təsadüfi deyil ki, Ermənistan Müdafiə nazirinin müavini və Dövlət Hərbi Sənaye Komitəsinin sədri Davit Paxçanyan dünənki açıqlamasında Rusiya və Hindistana əlavə olaraq, Ermənistanın daha üç dövlətlə (Serbiya, Çin, Polşa-red.) hərbi sənaye sahəsində əməkdaşlığın dərinləşdirilməsində maraqlı olduğunu bildirdi.
Xatırladaq ki, Ermənistan Hindistandan hərbi məqsədlər üçün DRDO istehsalı olan radarlar və uzaq məsafəli artilleriya mərmiləri almağı planlaşdırır. Ermənistan müdafiə nazirliyi, müvafiq məlumatların dövlət sirri olduğunu bildirərək, Hindistandan əldə edilən silahlanma haqqında ətraflı məlumat verməkdən imtina etmişdi.
Alpər Mövludoğlu
Ordu.az