Ordu.az Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının yaydığı məlumata istinadən xəbər verir ki, Türkiyə müdafiə naziri Nurəddin Caniklinin dəvəti ilə martın 28-də Ankaraya rəsmi səfər edən Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi Hulusi Akarla görüşüb.
Görüş çərçivəsində iki ölkə arasında hərbi əməkdaşlıq və regiondakı hərbi-siyasi vəziyyət müzakirə olunub. Tərəflər hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əməkdaşlıq, birgə təlimlərin keçirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparıblar.
Əlavə edək ki, Z.Həsənovun səfər çərçivəsində Türkiyənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlər keçirməsi nəzərdə tutulub.
Müdafiə naziri martın 31-də Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.
Ordu.az