1917-ci ilin sentyabr ayında general Kornilovun uğursuz yürüşündən sonra Cəmşid Naxçıvanski başçılıq etdiyi süvari alayı ilə birgə Qafqaza qayıtmalı olur. Qəhrəman süvari döyüşçü Cəmşid xan Naxçıvanskinin hərbi fəaliyyətinin ikinci mərhələsi başlayır. Bu zaman Cəmşid xan tatar alayı ilə birlikdə Gəncə şəhərinə gəlir. 1918-ci ildə o, bolşeviklərə qarşı vuruşur.
Qeyd edək ki, Cəmşid xanın alayı Bakının işğalçılardan azad edilməsində böyük hünər göstərir. Həmin il iyulun 30-da Azərbaycan Xalq Cümhuriyyəti Hərbi Nazirliyinin əmri ilə rotmistr Cəmşid xan Naxçıvanskiyə polkovnik- leytenant hərbi rütbəsi verilir və o, birinci tatar süvari alayında komandir müavini vəzifəsinə təyin olunur.
O, 1918-ci ilin sentyabrında türk qoşunları və Azərbaycan Əlahiddə Korpusu ilə birgə Azərbaycanın müstəqilliyi uğrunda vuruşur. Hərbi Nazirliyin 24 mart 1920-ci il tarixli əmrinə əsasən, II Qarabağ süvari polkunun komandiri təyin edilir. Ona Qarabağdakı Əsgəran qalasını erməni daşnaklarından təmizləmək tapşırılır. Cəmşid Naxçıvanski bu tapşırığın öhdəsindən uğurla gəlir. Aprelin 12-dək Ağdamı və Xankəndini, eləcə də Şuşanı erməni quldurlarından təmizləyir.
1920-ci ildə cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyəti süqut edir. Cəmşid Naxçıvanski Nəriman Nərimanovun məsləhəti ilə özünün alayı ilə birlikdə bolşevik hökumətinin tərəfinə keçərək onlarla birlikdə çalışmağa razı olur. 1921-ci ildə Azərbaycanın ilk milli atıcı diviziyasını yaradılır və həmin diviziyaya komandir təyin olunur.
Repressiya dalğası 1935-ci ildə general-mayor hərbi rütbəsi alan Cəmşid Naxçıvanskinin də taleyindən yan keçmir. 20 may 1938-ci ildə o, həbs olunur və avqustun 26-da güllələnir. 1956-cı ildə, digər repressiya qurbanları kimi, ona da bəraət verilir.
Təbii ki, qədirbilən xalqımız cəsur generalın xidmətlərini heç zaman unutmadı. Bakıda və doğulduğu Naxçıvan şəhərində adı əbədiləşdirildi. Naxçıvan şəhərində Cəmşid Naxçıvanskinin ev-muzeyi yaradıldı. Paytaxtın küçələrindən biri generalın adını daşıyır. Ən önəmlisi isə Azərbaycanın ilk hərbi liseyinin general Cəmşid Naxçıvanskinin adını daşımasıdır. Bu barədə bir az ətraflı məlumat verməyə cəhd edək.
1938-ci ilə qədər nə Çar ordusu, nə Sovet ordusu azərbaycanlıları orduya belə çağırmırdılar. Xidmət edənlər isə rəhbərliyə şəxsi sədaqətini sübut etmək istəyən bəy-xan övladları idi. Azərbaycanlılara kütləvi şəkildə silah İkinci Dünya Müharibəsində verilməyə başladı. Bu müharibədə 600 min nəfər itki verən həmvətənlərimiz heç də digər millətlərdən hərbi sahədə geri qalmadıqlarını sübut etdilər. Müharibə bitdikdən sonra yenə də xalqımız ayrı seçkiliyə məruz qalırdı. Həqiqi hərbi xidmətə yollanan həmyerlilərimiz nizami hərbi hissələrə deyil, əsasən təminat və təchizat bölmələrinə təyin olunurdular.
Əlbəttə ki ölkə rəhbərliyinin də bu yaramaz vəziyyətdən xəbəri var idi. Tarix boyu mənfur qonşuların ərazi iddiaları bəhanəsilə hücumlarına məruz qalan ölkənin zabit kadrlarından məhrum olması gələcəkdə baş verə biləcək oxşar hadisələrdə böyük fəlakətlərdən xəbər verirdi. Bu baxımdan hərbi təhsil müəsisələrinin açılmasına yönələn səylər həddən artıq diqqətəlayiq hesab olunurdu. Sovet rejiminin ən güclü vaxtlarında milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına başlamaqdan ötrü böyük iradə, cəsarət, ardıcıllıq və uzaqgörənlik tələb olunurdu. Xalqımızın arzusundan, istəyindən, milli hərbi ənənələri davam etdirməsi zərurətindən doğan bu ağır işi başlamaq asan deyildi. 1971-ci ildə Ümummilli lider Heydər Əliyevin təşşəbüsü ilə Bakıda ilk hərbi lisey fəaliyyətə başlayır. Bakı şəhərindəki 2 saylı 8 illik internat məktəbinin bazasında yaradılan və hər il yüzlərlə məzunu hərbi məktəbə namizəd olaraq hazırlayan Hərbi liseyin bu gün ölkəmizdə hərbçi kadrların hazırlanmasında mühüm rolu danılmazdır.
1997-ci ilin noyabrın 24-də Azərbaycan Respublikası prezidentinin mərhum Heydər Əliyevin sərəncamı ilə məktəbin adı dəyişdirilərək C.Naxçıvanski adına Hərbi Lisey adlandırılıb. Bu bir daha ölkə rəhbərliyinin cəsur generala verdiyi yüksək qiymətin nəticəsi idi. Respublikaya rəhbər təyin olunduqdan cəmi iki il sonra Baklda belə bir hərbi liseyin açılmasına nail olması mərhum prezident H.Əliyevin uzaqgörənliyinin bariz nümunəsi idi. Bir anlığa düşünək ki, bu hərbi liseyin məzunlarının potensialı olmasaydı Azərbaycanı Ermənistan ilə müharibədə hansı fəlakətlət gözləyə bilərdi. Cəmşid Naxçıvanski adına hərbi liseyin əsasının qoyulması həm gənclərimizin buraya axışmasına, həm də respublikada hərbi vətənpərvərlik tərbiyəsinin genişlənməsinə, hərb işinə marağın artmasına bir təkan oldu.
1971-1972-ci illər bu təhsil ocağının ilk tədris ili oldu. İlk 2 ildə hərbi təmayüllü internat məktəb onuncu sinif şagirdləri ilə komplektləşdirildi. İnternat məktəbin tədris bazası 320 nəfər üçün nəzərdə tutulurdu, 12 sinif otağından ibarət tədris korpusu var idi. Məktəbin yataqxanası da 320 nəfər üçün nəzərdə tutulurdu, yeməkxanası isə 360 nəfərlik idi. Bundan başqa, internat məktəbin köhnə qazanxanası və kitabxana üçün ayrılan kiçik bir otağı da vardı. Bütünlükdə hərbi təmayüllü internat məktəb 5 hektarlıq bir ərazini əhatə edirdi. Yeni yaradılan məktəbə respublika gəncləri arasında böyük maraq bu gün də azalmaq bilmir. Elə birinci il burada 400 nəfər təhsil almağa başladı ki, bu da normadan 80 nəfər artıq idi.
1972-ci ildə məktəbin ilk buraxılışı oldu. Onun məzunları arasında ali məktəblərə sənəd verən çox idi. Yalnız 5 nəfər ali hərbi məktəblərə daxil olmuşdu. Görünür, o vaxtlar azərbaycanlıların ali hərbi məktəblərə daxil olması üçün mövcud olan maneə və çətinliklərə görə ilk buraxılışın məzunları arasında belə məktəblərə üz tutanların sayı da az oldu. Lakin respublika rəhbərliyinin qayğısı sayəsində, sonrakı illərdə bu rəqəm sürətlə artmağa başladı.
Hələ yarandığı ilk illərdə burada SSRİ Maarif Nazirliyi tərəfindən dəfələrlə bu təhsil ocağında yoxlamalar aparılaraq təhsilin təşkili ilə yaxından tanış olublar. Hərbi məktəb dəfələrlə nazirliyin fəxri fərmanları ilə təltif edilib. Daim idman yarışlarında ən yüksək pillələri əldə ediblər. Bu, onu göstərirdi ki, respublika rəhbərliyinin qayğısı nəticəsində Cəmşid Naxçıvanski adına məktəb hələ keçən əsrin 70-ci illərində SSRİ miqyasında öz işini uğurla qura bilən təhsil ocaqlarından biri idi.
Hazırda Azərbaycan gənclərinə hərbi tədris verən bir neçə təhsil müəssisəsi fəaliyyət göstərir ki, onlardan da biri Heydər Əliyev adına Hərbi Liseydir. Azərbaycan Respublikası prezidentinin 13.03.1998-ci il tarixli Sərəncamı və müdafiə nazirinin 09.04.1998-ci il tarixli əmri ilə həmin il Naxçıvan Muxtar Respublikasında Cəmşid Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialı açıldı. Azərbaycan Respublikası prezidentinin 27 fevral 2004-cü il tarixli sərəncamı ilə Cəmşid Naxçıvanski adına hərbi liseyin Naxçıvan filialı ləğv edilərək onun əsasında Heydər Əliyev adına Hərbi Lisey yaradıldı.
Hər iki lisey bərabər hüquqlu əsaslarda fəaliyyət göstərir. Həm C.Naxçıvanski adına hərbi lisey, hən də H.Əliyev adına lisey dövlət təminatında olan internat tipli tam orta təhsil müəssisəsidir. Liseylərə qəbul ilinin sentyabr ayının 1-nə 14 yaşı tamam olan və 16 yaşına çatmayan 8-ci sinfi bitirən şagirdlər riyaziyyat, fizika, Azərbaycan dili və kimya fənlərindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında test imtahanlarını verməklə qəbul olunurlar. Hərbi liseydə təhsil müddəti 3 ildir. 3 tədris ili ərzində müdavimlərə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi tədris planına əsasən 21 fənn tədris edilir. Liseydə kursantlar ümumtəhsil fənlərini öyrənməklə yanaşı hərbi hazırlıq və idman dərslərində imkanlarını inkişaf etdirirlər.
Hazırda hərbi liseydə minlərlə müdavim, təhsil alır. Tədrisin təşkilinə kifayət qədər zabit və müəllim heyəti cəlb edilir. Əvvəlki illərdən fərqli olaraq, indi liseyin 2000 nəfərlik yeməkxanası, müasir qazanxanası, camaşırxanası, 3 yataqxana korpusu, örtülü hovuzu, trenajor salonları, 2 idman salonu, 2 sıra meydanı, avtoparkı və atıcılıq tiri vardır.
Tədris prossesinin uğurla aparılması üçün liseydə yüksək tələblərə cavab verən maddi-texniki baza yaradılıb. 2 müasir tədris korpusu, kompüter otaqları, fənn laboratoriyaları və zəngin kitabxana kursantlara xidmət edir. Liseydə xarici dil kimi ingilis, alman, fransız və rus dilləri tədris olunur. Bütün bunlar Azərbaycan Respublikası Prezidenti cənab Heydər Əliyevin gənc hərbi kadların yetişdirilməsinə göstərdiyi qayğının nəticəsidir.
Gənclərin milli mənlik şüurunun inkişaf etdirilməsi, onlarda vətənpərvərlik hisslərinin artırılması istiqamətində Silahlı Qüvvələrə göstərilən diqqət və qayğı, ona yaradılan şərait də mühüm əhəmiyyət kəsb edir. Məhz Azərbaycan Silahlı Qüvvələrinə göstərilən diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycan gənci vətənpərvər ruhda böyüyüb tərbiyə alır. Eyni zamanda Azərbaycan gənci hərbi biliklərə də yiyələnir, bu istiqamətdə tədris alır. 3 illik tədris prosesi başa çatdıqdan sonra məzunlar Ali Hərbi Məktəbə daxil olmaq üçün təkrar imtahanlara cəlb olunurlar. İmtahan nəticələri müsbət olanlar hərbi andı qəbul edərək Azərbaycan Respublikası Silahlı Qüvvələrinin tam hüquqlu üzvü kimi paralel olaraq həm hərbi təhsilə, həm də həqiqi hərbi xidmətə başlayırlar.
Respublikamız müstəqillik əldə etdikdən sonra minlərlə hərbi liseyin məzunları ordumuzun yaranmasında, vətənimizin ərazi bütövlüyünün qorunması uğrunda mübarizədə həmişə ön cəbhədə mübarizə aparıblar. Ümumən Hərbi liseyin mövcudluğu dövründə yetişdirilən kadrların Qarabağ müharibəsində iştirakı ən önəmli faktorlardandır. Liseyin məzunlarından 100 nəfərdən çoxu göstərdikləri şücaətə görə orden və medallarla təltif olunub, 8 nəfəri isə Azərbaycan Respublikasının Milli Qəhrəmanı fəxri adına layiq görülüb. Liseyin məzunları arasından indiyədək 9 nəfər general və bir kontr-admiral, onlarca yüksək rütbəli zabit yetişıb. Bu generallar və zabitlər Azərbaycan Silahlı Qüvvələrində, Daxili Qoşunlarda, Sərhəd Qoşunlarında, milli təhlükəsizlik orqanlarında və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı strukturlarda çox məsuliyyətli vəzifələr tutaraq, xalqımıza sədaqətlə xidmət edirlər.
General Cəmşid Naxçıvanskinin adını daşıyan bir məktəbdə oxumaq həm şərəfli, həm də çox məsuliyyətlidir. Orda təhsil alan müdavimlərimiz də bunu dərk edərək Vətən, xalq, dövlət qarşısında öz vəzifə borcunu ləyaqətlə yerinə yetirməyə çalışırlar. Təhsildə və təlimdə liseyin qazandığı uğurlar bütün xalqımızı sevindirir. Çünki bizim hamımızın bir vətəni var. Vətəni qorumaq kimi ən şərəfli peşə gələcəyin zabitləri olacaq bugünkü Cəmşid Naxçıvanski adına hərbi liseyin müdavimlərinin kövrək çiyinlərinə düşür. Bu şərəfli vəzifələrin ləyaqətlə yerinə yetirilməsində hər birinizə uğurlar arzu edirik.
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az