2018-ci ildə dünyanı narahat edə biləcək 9 hərbi təhlükə - SİYAHI

2018/01/456456_1515415298.jpg
Oxunub: 4432     20:30     08 Yanvar 2018    
2017-ci ildə ekspertlərin daha öncə söylədiyi qlobal təhlükəsizlik proqnozlarının bir hissəsi reallığa çevrildi, 2018-ci il üçünsə vəziyyət daha gərgin görünür.

Ordu.az hərbi-siyasi reallıqlar, ölkələr arasındakı münasibətlərdə mövcud olan nüanslar, geosiyasi maraqlar, o cümlədən digər mühüm məqamlar nəzərə alınmaqla 2018-ci ildə dünya üçün narahatlıq törədə biləcək 9 əsas hərbi təhlükəni təqdim edir.

1. Dağlıq Qarabağ münaqişəsi

Siyahının ilk pilləsində bu problemin olması təsadüfi deyil. Aprel hadisələri sübut etdi ki, hazırda regionda mövcud olan əsas münaqişə istənilən an silahlı irimiqyaslı qarşıdurmaya çevrilə bilər. “İrimiqyaslı” sözünü daha dəqiq şərh etsək, yaranacaq müharibənin region güclərinin və onların bu məsələdə dominantlığından narahat olan dünya güclərinin məsələdən kənarda qalmaq istəməyəcəyini təxmin etmək o qədər də çətin deyil.


Azərbaycan və Ermənistanın öz arsenalını müxtəlif silahlarla gücləndirməsi, mövcud silahları modernləşdirmələri də silahlı qarşıdurmanın baş vermə ehtimalını daha real edir. 2018-ci il üçün Ermənistan dövlət büdcəsində hərbi xərclər 17,6 faiz artaraq 440,4 milyon dollardan 518 milyon dollaradək artacağı da şübhələrimizə əsas kimi səslənir.

2. Koreya yarımadasında münaqişənin eskalyasiyası

Geridə qalan il ərzində Şimali Koreya və ABŞ arasındakı münasibətlər son həddə qədər gərildi. 2018-ci ildə münaqişənin bir qədər də irəliləyərək hərbi fəlakətə səbəb olmasını təxmin etmək o qədər də çətin deyil.


Münaqişənin inkişaf xəttinə nəzər saldıqda, nüvə silahından istifadə edilməsi faktının real olması və bu reallığın daha da yaxınlaşması təhlükəsi özünü bütün təfərrüatlarıyla nümayiş etdirir. Bu həmçinin Sakit Okean regionun əsas oyunçularının, xüsusən də, ABŞ siyasi xəttini dəstəkləməyə tələsməyən Çinin gizli motivlərinin üzə çıxması ilə də xarakterizə olunur.

Eskalyasiyanın yaranmasının əsas səbəblərindən biri isə Trampın siyasətidir. Deyəsən, Suriya və Əfqanıstanda artıq ölkəsinin silahlı qüvvələrinin nəyə qadir olduğunu müşayiət edə bilən ABŞ lideri ölkəsinin çoxillik problemini bir addımla həll etmək niyyətindədir.

3. Amerika-İran münaqişəsi

Yaxşı məlumdur ki, ABŞ və İran arasındakı diplomatik əlaqələr 1980-ci ildə sonlandırılıb və o dövrdən çox az şey dəyişib. 2013-cü ildə Trampın sələfi Barak Obama ilə İran lideri Həsən Ruhani arasında telefon danışığının baş tutması iki ölkə arasındakı münasibətlər baxımından önəmli addım idi.


Lakin Amerikanın növbəti prezidenti ölkələr arasındakı əlaqələri nəinki yaxşılaşdırmaq barədə düşündü, hətta birmənalı və sərt ittihamlarını İranın ünvanına yağdırmaqdan çəkinmədi. Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması isə konfrontasiya ocağına yağ tökdü.

Maraqlıdır, görəsən, Tramp bununla da Amerika xalqının müdafiəsini təmin etməyə çalışdığını zənn edir?

4. “Soyuq kibermüharibə”

Kibercsasusluq və kiber hücumlar hər növbəti il dövlətlərin müdafiə strategiyasının mühümlük siyahısında daha yüksək sıralara yüksəlir. Artıq dünyanın bütün güc dövlətlərində şəbəkə üzərindən mübarizə üçün ixtisaslaşmış hərbçi bölmələr mövcuddur.


Bir çox ekspertlərin fikrincə, ABŞ, Çin, Böyük Britaniya, Cənubi Koreya və Rusiya dünyanın ən güclü kiberqoşunlarına malik dövlətlərdir və “soyuq kibermüharibə”nin taleyi böyük ölçüdə bu ölkələrdən asılıdır.

5. Ukrayna problemi

ABŞ-ın Kiyevi ölümcül silahlarla təchiz etmək barədə qərarı Ukraynanın şərqində münaqişənin eskalyasiyasının daha da ciddi xarakter almasına və bunsuz da o qədər yaxşı olmayan Amerika-Rusiya münasibətlərində yeni gərginlik mərhələsinin yaranmasına səbəb ola bilər.


Qeyd edək ki, 2017-ci ilin dekabr ayında ABŞ Dövlət Departamenti Ukraynanın M107A1 snayper tüfəngləri ilə təchiz edilməsi üçün lisenziya verdi.

6. Cənubi Çin dənizində münaqişə

Cənubi Çin dənizi Cənub-Şərqi Asiya ölkələri arasında mövcud olan münaqişə ərazisidir. Dəniz əraziləri və bir sıra adalar uğrunda Çin və Filippin mübarizə aparır.


Artıq bir neçə ildir ki, regionda gərginlik davam edir, lakin hələ heç bir dövlət aktiv tədbirlər görməyə qərar verə bilmir. Bunun əsas səbəblərindən biri kimi isə məsələsinin BMT-nin dəniz hüququ üzrə Beynəlxalq Tribunalının ciddi nəzarətində olmasıdır.

Deyəsən, BMT istəyəndə, münaqişələrin tənzimlənməsində passiv də olsa, iştirak edə bilir.

7. “Daxili” terror aktları

Suriya və İraq ərazisində terrorçuların bazalarının dağıdılması onlarına taktikanı dəyişəcəklərinə - qəliz daxili ierarxiyadan imtina edərək tək və ya kiçik qruplar halında həyata keçirilən hücum, yaxud partlayışlardan istifadə edəcəkləri sistemə keçmələri ilə nəticələnə bilər.


Xüsusi xidmət orqanları bu məsələyə dair ciddi narahatlıq keçirirlər, belə ki, potensial terrorçuların bu və ya digər qruplaşmalarla əlaqələrini izləmək getdikcə daha da çətinləşir.

8. Suriyada münaqişənin eskalyasiyası

Rusiya iddia edir ki,Suriyadakı vətəndaş müharibəsi faktiki olaraq yekunlaşıb, ölkənin ərazisi isə bütövlükdə terrorçulardan təmizlənib.


Qərbdə isə hesab edirlər ki, müharibə hələ davam edir. Suriya ərazisində fəaliyyət göstərən terror qruplaşmaları açıq münaqişə vəziyyətindədir.

Suriya ordusu bütün müxalif qüvvələri, o cümlədən ABŞ-ın demokratik adlandırdıqlarını üstələyərək sıradan çıxarmaq üçün yeni ciddi cəhdlər həyata keçirə bilər, bu isə öz növbəsində regionda yeni esklayasiyanın yaranması ilə nəticələnəcək.

9. Əfqanıstandakı radikallar

ABŞ Beynəlxalq Münasibətlər Şurası “Taliban” və digər qiyamçı qüvvələr tərəfindən Əfqanıstan hökuməti qarşı təhlükənin artması barədə bəyanat yayıb.


Suriya və İraqda demək olar ki, məğlub edilən İŞİD də özünə yeni sığınacaq qismində Əfqanıstandan istifadə etmək niyyətindədir.

Venedikt Nemovun da bəhs etdiyi kimi, sülh üçün aparılmayan istənilən münaqişə məğlubiyyətlə bitir. Ümid edirik ki, dünya tarixinin 2018-ci il səhifələri əsassız yerə tökülən insan qanları ilə yazılmaz.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Münaqişlər   Müharibə  


Bizi "telegram"da izləyin