İsveçrə qəzeti: Səudiyyə və İsrail arasında gizli hərbi əməkdaşlıq mövcuddur

2018/01/Saudi_Summit_pic_13454_1515403535.jpg
Oxunub: 3444     17:51     08 Yanvar 2018    
“Diplomatik əlaqələrin olmamasına baxmayaraq Səudiyyə Ərəbistanı və İsrail arasında İranın regiondakı genişlənməsinin qarşısını almaq məqsədilə gizli hərbi əməkdaşlıq mövcuddur”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə İsveçrənin “Basler Zeitung” qəzeti yazıb.

“Bu an üçün Riyad Fələstin-İsrail münaqişəsi həll olmadığı və Ərəb ölkələri tərəfindən hər hansı bir normallaşmanın açıq şəkildə elan edilmədiyi və dolayısıyla qarşılıqlı səfirliklərin açılmadığı müddətcə, İsraillə əlaqələrdə istənilən bir rəsmi yaxınlaşmanı rədd edir”, - deyə qəzetin İsraildəki müxbiri Piyer Hyuman bildirib.

“Səudiyyə Ərəbistanı və İsrail arasında intensiv gizli əməkdaşlıq var. Əməkdaşlığın əsas məqsədi İranın genişlənmə layihəsinin və regional ambisiyalarının qarşısını almaqdır. Bir az da dəqiqləşdirsək, Riyad və Təl Əviv arasında hərbi əməkdaşlıq mövcuddur”, - deyə müxbir əlavə edib.

Jurnalist Riyaddan olan naməlum mənbələrə əsaslanaraq bildirir ki, Krallıq hal-hazırda İsrail silahlarını almağı nəzərdən keçirir. Onlar həm də İsrailin tank əleyhinə müdafiə sistemlərinə və “Dəmir Qübbə”sinə maraq göstərir. Bu həmin qübbədir ki, İsrailin iddiaları Qəzza zolağından atılan raket hücumlarına qarşı təsirli olduğunu təsdiqləyir.

Qəzetin məqaləsinə görə, Riyad Yəməndən gələn raketləri dayandırmağa çalışır. Təl Əviv və Riyaddan olan müşahidəçilər İsrail və Səudiyyə Ərəbistanı təhlükəsizlik xidmətləri arasındakı əməkdaşlığın xeyli irəlilədiyini təsdiq edirlər. Buna baxmayaraq Səudiyyə Ərəbistanı İsraillə istənilən bir əməkdaşlığı rəsmi şəkildə inkar edir.

Qəzet əlavə edir ki, Səudiyyə elitası İsrail nümayəndələri ilə açıq təmas qurma qorxularından uzun müddət əvvəl arınıb.

Ötən il dekabr ayının əvvəlində MKİ direktoru Mayk Pompeo Səudiyyə Ərəbistanının terrorizmlə mübarizə üzrə İsrail və digər dövlətlərlə sıx əlaqədə olduğunu bildirib.

Daha öncə isə, İsrail Energetika Naziri Yuval Steinitz radio müsahibsəsində bildirib ki, Səudiyyə Ərəbistanı ilə xeyli əlaqələr olsa da, Riyadın tələbinə uyğun olaraq gizli saxlanılır.

Qəzet bir sıra önəmli Səudiyyəli fiqurun İsrail rəsmiləri ilə görüşdüyünü vurğulayır. Xüsusilə, oktyabr ayında İsrail və Səudiyyə Ərəbistanından iki keçmiş kəşfiyyat rəhbəri ABŞ-ın regiondakı siyasəti ilə bağlı müzakirələr aparıb. Keçmiş Səudiyyə kəşfiyyat rəhbəri Şəhzadə Türki əl-Feysəl “Mossad”ın keçmiş rəhbəri Əfraim Hələvi ilə görüşüb. Qəzet qeyd edir ki, hətta Əl-Feysəl israilli həmkarı ilə birlikdə Nyu-Yorkdakı Yəhudi Cəmiyyəti Mərkəzində baş tutan simpoziumda iştirak etməyə də hazır olub.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Səudiyyə-Ərəbsitanı   Hərbi-əməkdaşlıq  


Bizi "telegram"da izləyin