Balkanların Qüdsü: “Qanlı müharibə iblislərinin” rəqs etdiyi Bosniya savaşı – Hərbi ekspert (ARAŞDIRMA)

2018/01/During-the-Bosnian-War-cellist-Vedran-Smailovic-plays-Strauss-inside-the-bombed-out-National-Library-in-Sarajevo-on-September-12-1992423432_13635452223.jpg
Oxunub: 3433     15:08     04 Yanvar 2018    
Avropa dedikdə, müasir insanların fikrində bir qədər fərqli anlam formalaşır. Yəni Avropa müasirlik, demokratiya, mədəniyyət, bərabərlik, qanunlara riayət, dünyəvi mədəniyyətlərə hörmət kimi prinsiplərlə tanınır. Bizim tanıdığımız Avropa uzun illərdir ki, başqa qitələrdə müharibə aparsa belə, öz daxilində müharibələrdən qacmağa meyillidir. Lakin heç də hər zaman bu istək və arzuya riayət etmək alınmır. Tarixin qanlı və xeyli sayda mülki insanın öldürüldüyü müharibələrindən biri olan Bosniya müharibəsini, Avropa qızışmaqdan və tələfatlı məcraya kecməməkdən saxlamaqda aciz oldu. Beləliklə, Sizi Avropanın ortasında 20-ci əsrin “qanlı müharibə iblislərinin” rəqs etdiyi Bosniya savaşı haqqında məlumatlandırmağı qərara aldıq.

Xatırladaq ki, 1995-ci il dekabrın 14-də Parisdə “Deyton” razılaşmasının imzalanması ilə 44 ay çəkmiş Bosniya müharibəsi sona yetdi. Avropa tarixində bu ən çətin və uzunmüddətli etnik müharibələrdən biri oldu. Bu müharibə özlüyündə xeyli sayda mülki insan qırğınları, dağıntılar və ən əsası insanların psixologiyasında ağır fəsadlarla yadda qaldı.


Bosniyanın problemləri hələ 1992-ci ildən çox əvvəl başlamışdı. 1980-cı ildə İosif Broz-Titonun vəfatından sonra keçmiş Yuqoslaviyanın sosialist düşərgəsində qalmayacağı aydın hiss olunmağa başladı. Bu zaman başqa sosalizm yönümlü dövlətlərin yarımdağılması fonunda heç kim ağlına belə gətirə bilməzdi ki, Yuqoslaviyanı da bu tarixi aqibət gözləyir və bu aqibət belə qanlı müharibələrə gətirib çıxaracaq. Lakin zaman öz qanunlarını diqtə etməyə başladı. Xorvatiya, Sloveniya, Bosniya, Herseqovina və Makedoniya müstəqil dövlətlər olmağa qərara aldılar.

Bu zaman Serbiya yuxarıda göstərilən ərazilərdə daha çox etnik serblərin yaşadığını iddia edərək bu prosseslərin qarşısını almağı qərarlaşdırdı. Makedoniyada serblər çox cüzi sayda olduğundan, onlar daha tez və çətinliksiz müstəqilliklərini elan etməklə ümumi toplumdan ayrıla bildilər. Lakin bunu başqaları haqda demək olmazdı. Bosniya və Herseqovinada əhalinin sayının 44 faizini müsəlman-boşnaklar, 31 faizini pravoslav-serblər, 17 faizini isə katolik xorvatlar təşkil edirdi. Bosniya və Herseqovinada coğrafi mövqe də çox çətin bir durumda idi. Belə ki, serb və boşnak kəndləri birləşmişdi və onların sərhəddini təyin etmək qeyri-mümkün idi.


1994-cü ildə boşnak və serb siyasətçilərinin səyi ilə xeyli sayda razılaşmalar əldə olunsa belə, ilin sonuna yaxın bu danışıq və razılaşmalar dalana dirəndi. Vəziyyət 1992-ci ildə Bosniyanın birtərəfli referendum keçirərək ərazini müstəqil dövlət elan etməsi ilə daha da təhlükəli duruma gətirib çıxardı. Bu zaman yerli serblər bu referendumu boykot edərək onun nəticələrini tanımadıqlarını elan etdilər. Əvəzində özlərinin Srbskaya Kraina (Serb Respublikası) adlı dövlətlərini yaratdıqlarını bildirirlər. Artıq müharibə təbili çalınmışdı və mübarizənin qanlı olacağı qaçınılmaz idi.

Serb Respublikasının yarandığının elan olunmasından bir neçə gün sonra isə serb və boşnaklar arasında birinci silahlı toqquşmalar qeydə alındı. Kəndlərdə qəddar etnik təmizləmələr baş verirdi. Həmin ilin aprel ayında Sarayevoda “sülh mitinqi” keçirilməsinə qərar verildi. Həmin gün axırıncı dəfə boşnaklar və serblər birlikdə yaxınlaşan faciənin qarşısını almaq ümidi ilə meydana çıxdılar. Lakin mitinqin ortasında insanlara odlu silahdan atəş açıldı. 7 nəfər bu qanlı hadisənin qurbanı oldu, onlarla insan yaralandı. Atəş açanın kimliyinin bu günə kimi hələ də məlum olunmamasına baxmayaraq, tərəflər bir-birini günahlandırmağa başladılar. Bundan sonra serblər Sarayevonu (Bosniyanın paytaxtı) mühasirəyə almağa başladılar.


1991-ci ilin əhali sayına görə Sarayevoda yarım milyon insan yaşayırdı. Hər üçüncü serb, hər onuncu xorvat, qalanı isə müsəlmanlar idi. Sarayevonu balkanların Qüdsü də adlandırırdılar. Çünki hec bir Avropa ölkəsində belə çoxmillətlilik və iki dini icmaların mədəniyyətinin birləşməsi yox idi. Sarayevo o dönəmdə çox müasir bir şəhər idi. Burada böyük mağazalar, banklar, gecə klubları, universitetlər, istehsal sahələri, kitabxanalar, avtovağzallar var idi. 1984-cü ildə Sarayevoda Qış Olimpiya oyunları da kecirilmişdi.

Şəhərin serb qoşunları tərəfindən mühasirəsi 4 ilə yaxın çəkdi. Şəhər havadan və qurudan blokadaya alındı, ərzaq tükəndi, işıq və su qıtlığı yarandı. Serb ordusu yüksəkliklərdə mövqelənərək snayperlərin köməyi ilə şəhərdə görünən insanları, qoca, qadın, uşaq demədən güllələyirdi. Bu zaman öldürülənlərin arasında şəhəri serb qoşunlarının tapdağına vermək istəyən sarayevalı serblər də vardı. İnsanlar şəhərdə yanmış avtobuslardan “divar” quraraq, onların arxasında yarıməyilmiş halda qaçaraq işlərinə gedirdilər. Humanitar yüklər şəhərə uzun çəkən mübahisə və NATO komandanlığının işə qarışmasından sonra buraxılırdı. Yüksəklikdə mövqe seçən serblərin çoxu isə Sarayevodan idilər, onlar dünənki qonşularına atəş açmaqla bir daha bu münaqişədə hərb yolunu tutduqlarını bəyan edirdilər.

Serb qüvvələrinə rəsmi olmasa da, qeyri-rəsmi mənbələrə görə Rusiya Silahlı Qüvvələrinin zabitləri texnika və mütəxəssislərlə dəstək verirdilər. 4 ilə yaxın çəkən bu münəqişədə 100 min insan həyatını itirdi, 2,5 milyon insan isə öz evindən didərgin düşdü. Etnik təmizləmə əməliyyatları səbəbindən 600 min insan başqa dövlətlərə qaçaraq canlarını qurtarmağa məcbur qaldılar.


Sual oluna bilər ki, bu insanlar hansı böyük ideya və hansı böyük nailiyyətlər üçün bu qədər ölümlərə və əziyyətlərə məruz qaldılar? Miloşeviç, Karaciç, Mladiçin ambisiyalarına, böyük Serb imperiyasına, yoxsa etnik təmizləmədən sonra təmiz “serblər” yaşayan utopik bir dövlət anlayışına görə? Yəqin ki, bu suala cavab verən olmayacaq. Çünki artıq bu müharibədə özlərini Hitlerdən də qəddar göstərmiş liderlər və səhra komandirlərindən 70 nəfəri həbs olunaraq beynəlxalq məhkəmələrə aparılıb və bu gün də onların məhkəməsi davam edir. 1999-cu ilin mart ayında uzun sürən aktiv və passiv müharibə, NATO-nun Serb Yuqoslaviya Respublikasının hərbi, sənaye, infrastruktur və kommunikasiya obyektlərinin bombalanması və respublikanın “sülhə məcbur edilməsi” əməliyyatı ilə səngidi. 1999-cu ilin iyun ayında isə NATO komandanlığının Yuqoslaviya ordusu ilə hərbi-texniki razılaşmasına əsasən, əraziyə nəzarət KFOR qüvvələrinə həvalə edildi.

Münaqişəyə hərbi baxış

Hərbi aspektdə ilkin olaraq silahlı qarşıdurma Bosniya və Herseqovina (əsasən Bosniya müsəlmanlarından ibarət) ordusu ilə Xorvat müdafiə şurası (xorvatlardan ibarət) və Serb Respublaikasının silahlı qüvvələri (serblərdən ibarət) arasında qızışdı. Bu zaman xorvatlardan ibarət əhali və ərazilərin Xorvatiyaya birləşdirilməsini tələb edən Xorvatiya müdafiə şurası serblərlə müharibəni dayandıraraq bosniya müsəlmanlarına qarşı hərbi kompaniyaya başladılar. Bu müharibə özünün qəddarlığı ilə tarixdə qalacağı qədər də ağır iz qoydu.


Şəhərlərin artilleriya və yaylım atəşi sistemləri ilə atəşə tutulması, etnik təmizləmələr, kütləvi zorlanmalar, qətliam nümunələri artıq uzun illərdir beynəlxalq məhkəmələrdə tədqiq olunur. Sarayevonun mühasirəsi, Srebrennitsa qətliamı bu müharibənin nümunələrindən yalnız məlum olanlardır. Münaqişənin əvvəlində serblər Yuqoslaviya ordusundan miras qalmış silah və texnikanın köməyi ilə başqa qüvvələrdən güclü sayılırdı. Lakin münaqişənin sonuna yaxın onlar Bosniya və Herseqovina Federasiyasının elan olunmasından sonra öz fəallıqlarını itirməyə başladılar. NATO qüvvələrinin ard-arası kəsilməyən bombardmanları da öz bəhrəsini verməyə başladı. Serblərin böyük hərbi qüvvələri, komanda mərkəzləri, kommunikasıya xəttləri, hərbi anbarları gündəlik bombardmana məruz qaldı. Bu zaman serb qüvvələri arasında Rusiyanın guya xəbərsiz olduğu rus hərbçiləri, hərbi-texniki personalları, mütəxəssisləri də birləşmiş NATO qüvvələri qarşısında aciz qaldılar. MKİ-nin (Mərkəzi Kəşfiyyat İdarəsi) məruzəsinə görə, keçmiş Yuqoslaviya ərazisində məhz serb hərbçiləri daha qəddar və insanlığa sığmayan cinayətlər törədiblər.

Serb Respublikasının qoşunları

Yuqoslaviya Xalq Ordusu rəsmi olaraq Bosniya və Herseqovinanı 1992-ci ildə öz müstəqilliyini elan edəndən sonra tərk etdi. Lakin bir çox zabit (o cümlədən Radko Mladiç) yeni yaranmış Serbiya Respublikasının Silahlı Qüvvələrində xidmətlərini davam etdirməyə başladılar. Yuqoslaviya Xalq Ordusunun Bosniya və Herseqovinadan olan zabitləri isə Bosniya serblərinin yaratdığı silahlı dəstələrdə xidmət keçməyi üstün tutdu. 1992-ci ilin noyabrına Serbiya Respublikası Silahlı Qüvvələri aşağıdakı struktura malik oldu:


Qərargah (Xan-Piesak)
1-ci Kartin korpusu (Banya-Luka)
2-ci Kartin korpusu (Dravar)
Şərqi-Bosniya korpusu (Bielina)
Sarayevo-Roman korpusu (Pale)
Drin korpusu (Vlasenisa)
Herseqoviskiy korpusu (Bileca)

Bu zaman serblər ancaq Rusiyadan 4 min könüllü köməyi aldılar. Srebrennitsanın götürülməsində və orada əsgərlərin güllələnməsində məhz rusların əli olduğu istintaq materiallarında öz əksini tapıb. Ruslardan əlavə, bir çox ölkələrdən slavyan mənşəli könüllülər də Serbiya tərəfdən münaqişədə iştirak ediblər.

Xorvatiya müdafiə şurası

Yuqoslaviyanın süqutu zamanı, daha dəqiq desək, 1991-ci ildə Xorvatiya Demokratik Birliyi Bosniya və Herseqovina ərazilərində yarımhərbiləşmiş birləşmələr yaratmağa başladı. Xorvatiyanın siyasi rəhbərliyi Bosniya xorvatlarının silahlı qüvvələrinin yaradılmasına böyük diqqət göstərdiyindən, Xorvatiya müdafiə şurası artıq müharibənin başlanğıcında təkmilləşmiş sturktur qismində çıxış edirdi.


Qərargah (Mostar)
Herseqovina şimal-şərq zonası (Şiroki-Briq)
Herseqovina şimal-qərb operativ zonası (Tomislavqrad)
Mərkəzi Bosniya operativ zonası (Vitez)
Posavina operativ zonası (Bosanski-Brod)
101-ci batalyon (Bixac)

1993-cü ilin dekabr ayında serb və müsəlman qüvvələrinin ard-arası kəsilmədiyindən, xorvat qüvvələri itkilərə məruz qalaraq dağılmağa başladılar. Serblər kimi xorvatlar da müharibə zamanı kənar qüvvələrdən istifadə ediblər. Radikal katolik baxışları ilə seçilən bir çox dövlətlərdə yaşayan döyüşçülərin xorvat ordusuna qatılması faktı beynəlxalq istintaq qrupları tərəfindən aşkar olundu. Belə ki, müharibə zamanı Avstriya və Almaniya neonasistlərinin xorvat ordusunun tərkibində döyüşdükləri üzə çıxdı. İsveçrə neonasisti Jeki Arklev müharibədən sonra vətəninə qayıtdıqda İsveçrə hüquq-mühafizə orqanları tərəfindən həbs olundu. O Helidrtom və Derteldə boşnaklara qarşı cinayətdə iştirak etdiyini boynuna aldı. Bəşəriyyətə qarşı törədilən cinayətlər sırasında yer almış bu cinayətlər, mülki əhalinin zorlanması, çəkic və baltalarla öldürülməsi, kütləvi güllələnmələrdən ibarət olmuşdu.

Bosniya və Herseqovina Respublika ordusu

1992-ci ilin may ayının 20-də Bosniya müsəlmanları Bosniya və Herseqovina Respublika ordusunun yarandığını bəyan edirlər. Səfər Xəliloviç ordunun Baş Qərargah rəisi təyin olundu. Qeyd etmək lazımdır ki, Bosniya ordusu multietnik olması ilə seçildirdi. Baş qərərgah rəisinin birinci müavini Yovan Divyak serb mənşəlli, ikinci müavini olmuş general Stepan Siber isə xorvat mənşəlli idi. 1994-cü ilin dekabrına kimi 7 korpus artıq hazır idi:


Qərargah (Sarayevo)
1-ci korpus (Sarayevo)
2-ci korpus (Tuzla)
3-cü korpus (Zenisa)
4-cü korpus (Mostar)
5-ci korpus (Bixac)
8-cı korpus (Konis)
7-ci korpus (Travnik)
Şərqi Bosniya operativ qrupu (Srebrennisa, Jepa, Qorajde)

Beynəlxalq istintaq qrupunun gəldiyi qənaətə görə, bu ordu tərkibində də onlara rəqib olan serb və xorvat ordularındakı kimi, islam ölkələrinin mücahidləri var idi. Bosniyalılar müxtəlif müsəlman dövlətlərindən yardımlar alırdılar. Müharibənin sonuna yaxın Əfqanıstan, Albaniya, Çeçenistan, Misir, İran, İordaniya, Livan, Pakistan, Səudiyyə Ərəbistanı vətəndaşları olan döyüşçülərdən 6 “yüngülpiyada” briqadası və əlahiddə batalyonları təşkil olundu. Bu döyüşcülərin də içərisindən mülki insanlara qarşı zorakılıq göstərmə ittihamı ilə həbs edilənlər olub.

Srebrennitsa qətliamı

Srebrennitsa anklavı BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ilin aprel ayında “təhlükəsizlik zonası” elan olundu. Lakin bu qətnaməyə etinasızlıq edən Bosniyanın serb ordusu 1995-ci ilin 11 iyulunda bu anklavı hərbi əməliyyatlarla zəbt edib, burada etnik təmizləmə əməliyyatları başladaraq tarixdə qanlı qətliamlardan birini törətdilər.


Serb qoşunları və onlarla birlikdə daxil olan serb olmayan, lakin serb ordusunun daxilində xidmət edənlər əhalini tam olaraq məhv etmək məqsədi ilə hərəkət etdilər. Əsasən çağırış yaşlı cavanlar və döyüşə bilən kişilərin məhv edilməsini qarşılarına məqsəd qoyan serb ordusu, bu zaman qarşısına çıxan bütün müsəlmanlara atəş açmaqla məşğul idi. Qoca, uşaq, qadın onlar üçün fərq etmədi. Çox yerdə evləri yandırmaqla serblər gələcəkdə müsəlmanların qayıtmasına maneçilik törətmək məqsədi güdürdülər. Sərxoş və azğınlaşmış əsgərlər çox zaman böyük insan toplusunu tutaraq maşınlara doldurur, çaylara apararaq orada onları çəkic, balta, tapança ilə başından vuraraq öldürürdülər.

Yuqoslaviya üzrə beynəlxalq tribunal təyin edib ki, general Ratko Mladiçin başçılıq etdiyi əsgərlər tərəfindən təkcə Serebrinitsada 7-8 min müsəlman qətl edilib və bu qətllər xüsusi amansızlıqla aparılıb. 2010-cu ildə isə Serbiya parlamenti beynəlxalq təsirlər altında bu qətlləri pislədi, amma bunu qətliam adlandırmaqdan imtina etdi. Beynəlxalq Tribunal bu qətlləri “qətliam cinayəti” kimi qəbul edərək ona “Qətliam” statusu verilməsinə nail oldu.


Avropa Parlamenti öz növbəsində hər il iyulun 11-də Serebrennitsa qətliamının anılması günü elan etdi. Haaqa tribunalının prokurorluğu Serebrennitsa qətliamı barədə onlarla cinayət işi açdı. Bu cinayətlərə görə, general Kristiçdən əlavə, Momir Nikoliç, Vidoe Blaqoeviç, Draqan Obrenoviç, Draqan Yokiç və bir sıra Serbiya ordusunun zabitləri müttəhimlər kürsüsündə əyləşərək uzunmüddətli həbsə məhkum edildilər. 22 noyabr 2017-ci ildə Beynəlxalq məhkəmə Bosniya serblərinin komandanı Ratko Mladiçi ömürlük həbs cəzasına məhkum etdi. Bundan əlavə, Serbiya Respublikasının məhkəmələri də 2007-2009-cu illərdə “Əqrəb” batalyonunun komandiri Slobodan Mediç və onun qardaşı Branislavı da 20 il həbsə məhkum etdi.

Müasir dünya düzənində insan haqlarının qorunmasını rəhbər tutan qoca Avropa, öz daxilində belə haqsız və qanlı müharibə ilə rastlaşdıqda, onunla acizanə şəkildə üzləşməsi ilə barışdı. Tarix boyu xaricdə müharibələrə qovuşan Avropa hələ də bu müharibənin sona yetməsinə inanmır. Çünki hələ də bu müharibədə əzizlərini itirən insanlar bir-birlərinə bu müharibənin ağrısını bağışlaya bilmir.

Hərbi ekspert Abuzər Əbilov
Araşdırma Ordu.az-a məxsusdur

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Bosniya   Balkanlar   Srebrennitsa  


Bizi "telegram"da izləyin