ABŞ ordusu yeni atəşə nəzarət proqram təminatını sınaqdan keçirib

2026/06/Ekran-1782565145.jpg
Oxunub: 266     17:04     27 İyun 2026    
ABŞ ordusu zirehli texnikaların hərəkətdə olarkən üzərindəki uzaqdan idarə olunan silah sistemləri vasitəsilə Pilotsuz Uçuş Aparatlarını (PUA) məhv etməsinə imkan verən yeni atəşə nəzarət proqram təminatını uğurla sınaqdan keçirib.

Ordu.az xəbər verir ki, bu barədə “Picatinny Arsenal” məlumat yayıb.

Bildirilib ki, yeni proqram təminatı həm hədəfin, həm də taktiki maşının hərəkətdə olduğu şəraitdə maşın üzərində yerləşdirilmiş silahların PUA-ları vurmasını təmin edir. Bu imkan 2026-cı ilin aprel ayında Merilend ştatındakı “Aberdeen” poliqonunda keçirilən atışlar zamanı nümayiş etdirilib.

Şirkətin məlumatına görə, proqram təminatı hədəfə dair məlumatların fasiləsiz yenilənməsi üçün sensorlardan istifadə edir. Sistemin tam hazır vəziyyətə gətirilməsindən sonra kiçik PUA təhdidlərinə qarşı dəqiqliyin əhəmiyyətli dərəcədə artırılması və bu hədəflərin məhv edilməsi üçün sərf olunan sursatın azaldılması nəzərdə tutulur.

Sınaqlarda hərəkətdə olan nəqliyyat vasitəsinə inteqrasiya edilmiş, kiçik PUA-ları izləmək və məhv etmək üçün hazırlanmış Uzaqdan Komandalı Silah Sistemi (CROWS) istifadə olunub.

Layihə ABŞ ordusunun Döyüş İmkanlarının İnkişafı Komandanlığının Silahlanma Mərkəzinin rəhbərliyi ilə həyata keçirilib.

“Defense News”un məlumatına görə, SWAT-FC adlanan layihə ilkin olaraq FARA proqramı üçün hazırlanmış texnologiyaya əsaslanır. Bu texnologiya silah sisteminin yerdən hədəfi aşkarlaması və hərəkətdə olarkən atəş açması üçün uyğunlaşdırılıb.

Layihənin silahlanma üzrə məsul şəxsi Nik Kaşia bildirib ki, komanda inkişaf etdirilmiş atəşə nəzarət alqoritmlərinin təkmilləşdirilməsi və bu sınağa hazırlıq üçün böyük əmək sərf edib.

“PUA-ları məhv etməyə başladığımız zaman göstərilən səylərin nəticəsini gördük”, - deyə o qeyd edib.

Digər tərəfdən ABŞ ordusu “Raytheon” şirkəti ilə “Coyote” antidron sistemi üzrə təxminən 5 milyard dollar dəyərində müqavilə imzalayıb. 2033-cü il sentyabrın 28-dək icrası nəzərdə tutulan müqaviləyə sabit və mobil buraxılış qurğuları, Ku diapazonlu radarlar və önləyici sistemlər daxildir.

Əvvəlcə kəşfiyyat, müşahidə və nəzarət tapşırıqları üçün hazırlanmış “Coyote” hazırda əsasən düşmən PUA-larını məhv etmək məqsədilə istifadə olunur. Qurudan, havadan və dəniz platformalarından buraxıla bilən sistem müxtəlif mərhələlər üzrə inkişaf etdirilir.

Xüsusilə “Block 2” versiyası raket dəstəyi ilə buraxılış sistemi və saatda 555-600 kilometr sürətə çata bilən reaktiv mühərriki sayəsində yüksək manevr qabiliyyəti nümayiş etdirərək PUA təhdidlərinə qarşı yüksək effektivlik təmin edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   PUA  


Bizi "telegram"da izləyin