İtaliya GCAP proqramına yeni tərəfdaşların cəlb edilməsini dəstəkləyir

2026/06/Ekran-1782559046.jpg
Oxunub: 294     15:08     27 İyun 2026    
İtaliya hökuməti GCAP altıncı nəsil döyüş təyyarəsi proqramının xərc yükünü azaltmaq məqsədilə layihəyə yeni ölkələrin qoşulmasına açıq olduğunu açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

İtaliyanın müdafiə naziri Quido Krosetto bildirib ki, İtaliya, Böyük Britaniya və Yaponiyanın birgə həyata keçirdiyi Global Combat Air Programme (GCAP) layihəsinə daha çox ölkənin qoşulması xərclərin daha səmərəli bölüşdürülməsinə imkan verəcək.

Nazir Romada jurnalistlərə açıqlamasında Kanadanın hazırda müşahidəçi statusunda layihəyə ən çox maraq göstərən ölkə olduğunu bildirib.

“Biz buna tam açığıq. Almaniya, digər ölkələr və ya Səudiyyə Ərəbistanı da qoşulmaq istəsə, bunu məmnuniyyətlə qarşılayarıq. Çünki layihədə nə qədər çox ölkə iştirak etsə, həm yeni imkanlar yaratmaq, həm də xərcləri azaltmaq şansı bir o qədər artacaq”, - deyə Krosetto bildirib.

Bundan əvvəl Almaniya və Fransa yeni nəsil döyüş təyyarəsinin hazırlanması üzrə birgə proqramlarını müdafiə şirkətləri arasında yaranmış sənaye fikir ayrılıqlarına görə dayandırmaq barədə razılığa gəlmişdilər.

LEONARDO şirkətinin baş icraçı direktoru isə Almaniyanın sənaye potensialının GCAP layihəsi üçün xüsusilə dəyərli olacağını bildirmişdi.

2026-cı il fevralın 12-də İtaliya parlamenti GCAP proqramı üçün 8,8 milyard avro maliyyələşdirməni təsdiqləyib. Bu vəsait təyyarənin konsepsiya qiymətləndirilməsi, ilkin layihələndirmə və tam hazırlanma mərhələlərini əhatə edir.

Hazırkı hesablamalara görə, layihənin ümumi hazırlanma xərci 18,6 milyard avroya çatacaq. Bu göstərici İtaliyanın 90 ədəd F-35 “Lightning II” döyüş təyyarəsinin alınmasına xərclədiyi 18 milyard avroluq büdcəni də üstələyərək GCAP-ı ölkə tarixinin ən bahalı müdafiə proqramına çevirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   GCAP  


Bizi "telegram"da izləyin