İran: Milli təhlükəsizlik və dövlət ləyaqəti heç bir halda müzakirə predmeti deyil

2026/04/1775969306.jpg
Oxunub: 202     16:38     27 İyun 2026    
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bəyan edib ki, ölkənin milli təhlükəsizliyi və dövlət ləyaqəti məsələləri “heç bir halda sövdələşmə və ya şərti müzakirə mövzusu ola bilməz”.

Ordu.az xəbər verir ki, o, X sosial şəbəkəsində paylaşdığı açıqlamada İranın özünümüdafiə hüququnun və bu hüququn həyata keçirilməsi vasitələrinin heç bir tərəflə danışıqların mövzusu olmayacağını vurğulayıb.

Bəqai bildirib ki, İranın milli təhlükəsizliyi və dövlət ləyaqəti “heç bir şərtlə dəyişdirilə və ya hər hansı asılılıq münasibətinə salına bilməz”.

“Hamı üçün aydın olmalıdır ki, İranın hərbi potensialı İran xalqının təcavüz və cinayətlərdən qanuni şəkildə müdafiə olunmaq hüququnun təminatıdır və eyni zamanda regionda sülhə və sabitliyə xidmət edir”, - deyə o qeyd edib.

Onun sözlərinə görə, İran regionun kollektiv təhlükəsizliyinin təmin edilməsində digər bütün tərəflərdən daha çox maraqlıdır.

Bəqai İranın fikrincə, xarici qüvvələrlə əməkdaşlıq edərək regional sabitliyə zərər vuran Fars körfəzi ölkələrini tənqid edib.

O, bəzi qonşu dövlətlərin mövqeyini də şübhə altına alaraq onları İrana qarşı yönəlmiş fəaliyyətləri dəstəkləməkdə, həmçinin regionda hərbi xərclərin artmasına göz yummaqda ittiham edib.

İran XİN rəsmisi eyni zamanda İsrailin beynəlxalq nəzarətdən kənarda qalan nüvə potensialı ilə bağlı beynəlxalq ictimaiyyətin susqunluğunu da tənqid edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Bəqai  


Bizi "telegram"da izləyin