Ordu.az xəbər verir ki, bu barədə LRT məlumat yayıb.
Şikayət Regional İnzibati Məhkəməyə təqdim edilib. Ruginene müraciətində komissiyanın qərarının əsassız, qanunsuz olduğunu və dövlət idarəçiliyinin düzgün həyata keçirilməsi prinsiplərinə zidd təşkil etdiyini bildirərək onun ləğv olunmasını istəyib.
Sabiq baş nazirin sözlərinə görə, VTEK hökumət nümayəndə heyətlərinin formalaşdırılması və onların iştirakçılarının xərclərinin ödənilməsi ilə bağlı təxminən 30 illik təcrübəni nəzərə almayıb. O qeyd edib ki, bu təcrübəyə həm əvvəlki hökumət rəhbərləri, həm də dövlət qurumları riayət ediblər.
Şikayətdə vurğulanıb ki, rəsmi nümayəndə heyətlərinin tərkibini məhz baş nazir təsdiqləyir və ailə üzvlərinin xarici səfərlərdə iştirakı onların hər hansı şəxsi mənfəət əldə etməsi anlamına gəlmir.
Ayın əvvəlində Etika Komissiyası Ruginenenin ailə üzvlərini hökumət nümayəndə heyətlərinə daxil etməsi və onların səfər xərclərinin dövlət büdcəsi hesabına ödənilməsinə göstəriş verməsi ilə ictimai və şəxsi maraqların uzlaşdırılması haqqında qanunu pozduğu qənaətinə gəlib.
Söhbət baş nazirin həyat yoldaşı ilə birlikdə 6-10 fevral tarixlərində İtaliyaya etdiyi səfərdən, burada Milan və Kortina d'Ampezzoda keçirilən Olimpiya Oyunlarına qatılmasından, eləcə də 6-8 mart tarixlərində Vatikana etdiyi səfərdən gedir. Həmin səfərdə onu həyat yoldaşı, qızı və oğlu müşayiət edib.
Çərşənbə axşamı Litva Prezidenti Gitanas Nauseda hakim koalisiyanın yenidən formalaşdırılması ilə əlaqədar İnqa Ruginenenin hökumətinin istefasını qəbul edib. Cümə axşamı isə o, Litva Sosial Demokrat Partiyasının sədri Mindauqas Sinkyaviçyusun namizədliyini baş nazir vəzifəsinə irəli sürüb.
Sevinc Əliyeva
Ordu.az