Türkiyə-Polşa müdafiə əməkdaşlığı inkişaf edir

2026/06/Ekran-1782297943.jpg
Oxunub: 230     14:42     24 İyun 2026    
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Polşa Prezidenti Karol Navrotski ilə keçirdiyi görüşdən sonra iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlığın daha da inkişaf etdiriləcəyini bildirib.

Ordu.az xəbər verir ki, iyunun 23-də Prezident Sarayında keçirilən görüşdən sonra təşkil olunan birgə mətbuat konfransında çıxış edən Ərdoğan Polşa ilə 600 ildən artıq tarixə malik münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində inkişaf etdiyini vurğulayıb.

Türkiyə lideri qeyd edib ki, tərəflər ticarət, investisiya, müdafiə sənayesi, enerji və humanitar əlaqələr daxil olmaqla bir çox istiqamətdə fikir mübadiləsi aparıblar.

Ərdoğan bildirib ki, iki ölkə arasında 10 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə nail olunduqdan sonra yeni hədəf 15 milyard dollar olaraq müəyyənləşdirilib.

Prezident müdafiə sənayesinin ikitərəfli əməkdaşlığın əsas istiqamətlərindən biri olduğunu vurğulayaraq qeyd edib ki, tərəflər daha əvvəl həm Pilotsuz Uçuş Aparatları (PUA), həm də digər müdafiə layihələri üzrə mühüm əməkdaşlıq həyata keçiriblər.

“Avropanın təhlükəsizlik və müdafiə arxitekturasında əvəzolunmaz yerə malik iki NATO müttəfiqi kimi bu əməkdaşlığı daha da gücləndirmək üçün çalışırıq”, - deyə Ərdoğan bildirib.

Polşa Prezidenti Karol Navrotski də Türkiyə ilə əməkdaşlığın strateji əhəmiyyət daşıdığını qeyd edib. O bildirib ki, iki ölkə NATO daxilində mühüm rol oynayır və alyansın cinahlarının müdafiəsində böyük məsuliyyət daşıyır.

Navrotski vurğulayıb ki, Polşa ilə Türkiyə arasında müdafiə sahəsində əməkdaşlıq ötən il imzalanmış müdafiə sazişi çərçivəsində daha da inkişaf edir.

Polşa lideri qeyd edib ki, Polşa hərbçiləri Türkiyədən alınmış “Bayraktar” PUA-larından istifadə edirlər və bu, iki ölkə arasındakı əməkdaşlığın əhəmiyyətini nümayiş etdirir.

O, həmçinin İncirlik aviabazasında xidmət edən Polşa hərbçilərinin fəaliyyətinin davam etdirilməsində maraqlı olduqlarını bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Polşa   Əməkdaşlıq  


Bizi "telegram"da izləyin