Ordu.az xəbər verir ki, bununla bağlı sınaq görüntüləri alayın rəsmi “YouTube” səhifəsində yayımlanıb.
Layihənin həyata keçirilməsi çərçivəsində zirehli maşına dairəvi müşahidə kameraları, məlumat ötürmə sistemi və operatorun platformanı uzaqdan idarə etməsinə imkan verən avadanlıqlar quraşdırılıb.
Eyni zamanda maşının sükan və pedallar vasitəsilə ənənəvi qaydada idarə olunması imkanı da saxlanılıb. Bu, texnikanın zədələnməsi və ya nasazlıq yaranması halında təxliyə olunması, eləcə də uzaq məsafələrə hərəkəti üçün nəzərdə tutulub.
Hazırlayıcıların sözlərinə görə, sürücü zirehli maşını tapşırıq yerinə qədər gətirir, cəbhə xəttindən təhlükəsiz məsafədə uzaqdan idarəetmə sistemini aktivləşdirir və maşını tərk edir. Bundan sonra idarəetməni uzaqdakı operator öz üzərinə götürür.
Alayın məlumatına görə, platforma sursat daşınması, avadanlıqların çatdırılması, logistika tapşırıqlarının yerinə yetirilməsi və yüksək riskli ərazilərdən yaralıların təxliyəsi üçün istifadə oluna bilər.
“Bu maşının üstünlüyü ondan ibarətdir ki, biz onun vasitəsilə adi insansız quru platformalarının daşıya bildiyindən daha çox yük və avadanlıq nəql edə bilirik. Bundan əlavə, düşmən zərbəsi endirərsə, bu texnikanın tapşırığı davam etdirmək şansı daha yüksəkdir”, - deyə alay nümayəndəsi bildirib.
Bununla belə, hərbçilərin sözlərinə görə, hazırda “Starlink” sistemindən istifadə edilməsi səbəbindən görüntünün ötürülməsində müəyyən gecikmə mövcuddur. Bu isə uzaqdan idarəetmə rejimində maksimal sürəti saatda 40 kilometrlə məhdudlaşdırır.
Yaxın gələcəkdə LTE və ehtimal olunan “Silvus” rabitə sistemlərinin inteqrasiyası hesabına bu problemin aradan qaldırılması planlaşdırılır. “Novator”un modernləşdirilməsi üzərində işlər təxminən beş ay davam edib. Hazırda platforma yekun sınaq mərhələsindən keçir.
Alay nümayəndələri bildiriblər ki, gələcəkdə “Novator”un A nöqtəsindən B nöqtəsinə heç bir operator və ya pilotun iştirakı olmadan tam avtonom rejimdə hərəkət etməsi nəzərdə tutulur.
“Ukrainian Armored Vehicles” şirkətinin baş direktoru Vladislav Belbasın verdiyi müsahibəyə görə, Ukraynada istehsal edilən “Novator” xarici analoqlardan ən azı 20 faiz ucuzdur. Onun sözlərinə görə, 2026-cı ilin yanvar ayına olan məlumata əsasən, bir maşının qiyməti təxminən 13 milyon qrivna təşkil edib.
Sevinc Əliyeva
Ordu.az