Paşinyan Hikmət Hacıyev-Armen Qriqoryan görüşünü mühüm hesab edir

2026/06/1781715038.jpg
Oxunub: 233     20:42     17 İyun 2026    
“Ermənistan və Azərbaycan nümayəndələri arasında birbaşa təmasların əsas məqsədi sülh prosesinin dinamikasını bərpa etmək və hər iki ölkənin sülh gündəliyinə sadiqliyini təsdiqləməkdir”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 17-də parlamentdə keçirilən hökumət saatı zamanı deputatların suallarını cavablandırarkən deyib.

Ermənistanın Baş naziri Dilicanda keçirilən Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev arasında görüşü şərh edib.

Onun sözlərinə görə, Ermənistan üçün seçkilərdən dərhal sonra sülh prosesində yaranmış dinamikanı itirməmək mühüm əhəmiyyət daşıyıb.

“Bizim üçün çox vacib idi ki, sülh prosesi yenidən əvvəlki dinamikasına qayıtsın”, - deyə Paşinyan bildirib.

Paşinyan qeyd edib ki, oxşar yanaşma Azərbaycan tərəfində də mövcud olub və nəticədə Armen Qriqoryanla Hikmət Hacıyev arasında görüş baş tutub.

Paşinyan vurğulayıb ki, indiyədək əldə olunan təcrübə ikitərəfli birbaşa təmasların mühüm əhəmiyyət daşıdığını göstərir.

O, həmçinin belə formatda görüşün ilk dəfə Ermənistan ərazisində keçirilməsinin vacibliyinə diqqət çəkib və növbəti görüşün ehtimal ki, Azərbaycanda təşkil olunacağını bildirib.

“Bu görüşlə Ermənistan və Azərbaycan sülh gündəliyinə sadiq olduqlarını bir daha təsdiqləyiblər. Ermənistan regional təhlükəsizlik təhdidlərini nəzarət altına alıb. Əsas təhlükələr müxalif siyasi qüvvələrin fəaliyyəti ilə bağlı ola bilər”, - deyə Ermənistanın Baş naziri bildirib.

Paşinyan bəzi müxalif qüvvələri “müharibənin üçbaşlı partiyası” adlandıraraq onların fəaliyyətinin sülh sazişinin arxitekturasına təhlükə yarada biləcəyini iddia edib. O, Robert Köçəryanın, Samvel Karapetyanın və Qaqik Tsarukyanın adlarını çəkərək onları kəskin tənqid edib.

Ermənistanın Baş naziri vurğulayıb ki, Ermənistan və Azərbaycan Alma-Ata Bəyannaməsi əsasında bir-birinin ərazi bütövlüyünü tanıyıb. Onun sözlərinə görə, bu razılaşmaları şübhə altına alan bəyanatlar regionda yeni gərginlik yarada bilər.

Paşinyan həmçinin ölkədə mövcud olduğunu iddia etdiyi casus şəbəkəsinin aradan qaldırılmasının vacibliyini qeyd edib. O bildirib ki, əks halda həmin qüvvələr Qarabağ münaqişəsini yenidən canlandırmağa və Azərbaycanla hərbi qarşıdurmanın bərpasına çalışa bilərlər.

Ermənistanın Baş naziri kriminal oliqarxiyaya qarşı mübarizə aparmaq niyyətində olduğunu da bəyan edib və onunla razılaşmayanları küçələrə çıxaraq inqilab etməyə çağırıb.

Alpər Mövludoğlu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin