Ermənistan MSK Köçəryana qarşı cinayət təqibinə razılıq verib

2026/06/1781705869.jpg
Oxunub: 181     18:07     17 İyun 2026    
Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) iyunun 17-də keçirilən iclasında “Hayastan” blokunun lideri, ölkənin ikinci prezidenti Robert Köçəryana qarşı cinayət təqibinin başlanmasına razılıq verib.

Ordu.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında Köçəryanın vəkili Aram Orbelyan bildirib.

Onun sözlərinə görə, irəli sürülən ittihamlar 2004-2009-cu illərdə baş vermiş hadisələrlə bağlıdır və vəzifə səlahiyyətlərindən sui-istifadə, həmçinin çirkli pulların yuyulması maddələrini əhatə edir.

Ermni vəkil bildirib ki, Ermənistan MSK faktiki olaraq məsələnin hüquqi tərəfini araşdırmayıb və yalnız təqdim olunmuş vəsatəti təmin etməklə kifayətlənib.

“Biz dəfələrlə soruşduq ki, müzakirə olunan məsələlərin hüquqi çərçivəsini açıqlayın. Lakin komissiya əvvəlcədən bildirdi ki, hüquqi məsələlər müzakirə olunmayacaq. Aydın oldu ki, komissiya yalnız təqdim edilən mətni oxuyub vəsatəti təsdiqləmək niyyətindədir”, - deyə Orbelyan bildirib.

O qeyd edib ki, ittihamda yer alan məlumatların bir hissəsi həqiqəti əks etdirmir. Vəkilin sözlərinə görə, Köçəryanın prezident olduğu dövrdə təhsil müəssisəsinə məxsus təxminən 1 milyard dram dəyərində əmlakın 12 milyon drama satılması ilə bağlı iddialar irəli sürülüb.

Orbelyan vurğulayıb ki, həmin satış hökumətin qərarı ilə həyata keçirilib və Robert Köçəryan hökumətin üzvü olmayıb. Onun imzası sənəddə yalnız prezident kimi hökumət qərarlarını təsdiqləmək səlahiyyətinə malik olduğuna görə yer alıb.

“Sözügedən əmlak hökumət tərəfindən üçüncü dərəcəli qəzalı obyekt kimi qiymətləndirilib və onu alan şəxs Ermənistan Tennis Federasiyasının rəhbəri olub. Sonradan həmin ərazidə yeni obyektlər inşa edilib və layihələrdən birinə Köçəryanın oğlu Sedrak Köçəryan investisiya yatırıb. Əmlakın sonradan ailə üzvlərinə verilməsi ilə bağlı irəli sürülən iddialar faktlarla təsdiqlənmir”, - deyə Orbelyan qeyd edib.

Daha əvvəl qeyd edilmişdi ki, Ermənistan Baş Prokurorluğu Robert Köçəryan, eləcə də deputatlığa namizədlər Asatur Köçəryan və Ruslan Barseğyana qarşı cinayət təqibinə icazə verilməsi üçün MSK-ya müraciət edib.

Bu məsələyə münasibət bildirən Robert Köçəryanın ofisi bəyan edib ki, sözügedən proses iki gün əvvəl hava limanında baş vermiş qanunsuz hadisələrin davamıdır.

Bəyanatda qeyd olunub ki, İstintaq Komitəsi və Antikorrupsiya Komitəsi əvvəlcə hər hansı cinayət işinin olmadığını bildirsələr də, sonradan prokurorluq yeni iş formalaşdıraraq MSK-ya müraciət edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MSK   Köçəryan  


Bizi "telegram"da izləyin