Ukraynanın F-16 qırıcıları IRIS-T raketləri ilə təchiz olunacaq

2026/06/ayras-1781717807.jpg
Oxunub: 196     21:44     17 İyun 2026    
Ukrayna Hərbi Hava Qüvvələrinin silahlanmasında olan F-16 qırıcılarının Almaniya istehsalı olan IRIS-T “hava-hava” raketləri ilə təchiz edilməsi planlaşdırılır.

Ordu.az xəbər verir ki, bu barədə “FlightGlobal” nəşri məlumat yayıb.

“Diehl Defence” şirkətinin proqram direktoru Harald Buşek bildirib ki, Ukraynaya təhvil verilmiş F-16 qırıcılarının IRIS-T raketləri ilə inteqrasiyası üzrə hazırlıq işləri davam etdirilir.

Onun sözlərinə görə, Ukrayna Hərbi Hava Qüvvələrinin F-16-ları böyük ehtimalla IRIS-T raketləri ilə silahlandırılacaq. Bununla belə, inteqrasiya prosesinin detalları açıqlanmayıb.

Qeyd olunur ki, Ukrayna hələ F-16 platformalarında IRIS-T raketlərindən istifadə etməsə də, bu raket ailəsi üzrə əhəmiyyətli əməliyyat təcrübəsinə malikdir. Hazırda Ukrayna Silahlı Qüvvələri IRIS-T SLS və IRIS-T SLM hava hücumundan müdafiə sistemlərində istifadə olunan IRIS-T raketlərini aktiv şəkildə istismar edir.

“Diehl Defence” şirkətinin baş direktoru Helmut Rauş bildirib ki, bu sistemlər qanadlı raketlərə və pilotsuz uçuş aparatlarına qarşı 95 faizdən çox uğur göstəricisinə malikdir.

Məlumata görə, IRIS-T raketlərinin F-16 qırıcılarına inteqrasiyası yeni təcrübə deyil. Norveç hələ 2005-ci ildə F-16 parkındakı AIM-9L “Sidewinder” raketlərini IRIS-T raketləri ilə əvəz etmişdi.

Bu amil Ukraynaya verilməsi planlaşdırılan Norveç mənşəli F-16-lar üçün əlavə üstünlük hesab olunur. Bildirilir ki, Ukrayna ən azı altı Norveç F-16 qırıcısı almalıdır. Lakin həmin təyyarələr hazırda Belçikadakı “Sabena” müəssisəsində təmir və modernləşdirmə işlərindən keçir.

2025-ci ilin iyununda Norveçin Ukraynaya ümumilikdə 14 F-16 qırıcısı verməyi planlaşdırdığı açıqlanmışdı. Rəsmi olaraq isə altı təyyarənin təhvil veriləcəyi elan olunub.

Qalan səkkiz təyyarənin texniki heyətin hazırlanması, ehtiyat hissələrinin təmin edilməsi və ya digər məqsədlərlə istifadə olunacağı ehtimal edilir. Bununla yanaşı, bəzi təyyarələrin gələcəkdə bərpa edilərək yenidən istismara qaytarılması da istisna olunmur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   IRIS-T   F-16  


Bizi "telegram"da izləyin