Ordu.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşdə çıxış edən Şoyqu son illərdə iki ölkə arasında aparılan intensiv birgə fəaliyyətə diqqət çəkib. O bildirib ki, Fidan həm Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri olduğu dövrdə, həm də indiki vəzifəsində Rusiya ilə müxtəlif istiqamətlər üzrə fəal əməkdaşlıq həyata keçirib.
Şoyqu buna nümunə kimi Suriyada beynəlxalq terrorizmə qarşı birgə mübarizəni göstərib. O qeyd edib ki, həmin dövrdə tərəflər arasında çoxsaylı görüşlər keçirilib və bu görüşlər sırf praktiki xarakter daşıyıb.
Rusiya Təhlükəsizlik Şurasının katibi vurğulayıb ki, çətin dövrlərə baxmayaraq, Moskva və Ankara hər zaman ortaq məxrəcə gələ bilib. Onun sözlərinə görə, Suriyada gərginliyin azaldılması zonalarının yaradılması və beynəlxalq terrorçulara qarşı mübarizə kimi məsələlərdə əməkdaşlıq uğurla başa çatdırılıb.
Şoyqu həmçinin Ukrayna məsələsi, Ukrayna limanlarından Türkiyə gəmilərinin geri qaytarılması, Türkiyəyə ərzaq tədarükünün təşkili və uzun müddət blokadada qalmış yüklərin daşınmasının bərpası istiqamətində görülən birgə işləri də xatırladıb.
Hakan Fidan isə bildirib ki, ən çətin dövrlərdə belə tərəflər əməkdaşlığı davam etdiriblər. O, Rusiyanın Suriyada sabitliyin təmin olunmasına verdiyi töhfəyə görə təşəkkür edib və Türkiyənin Ukrayna münaqişəsinin başa çatması üçün səylər göstərdiyini vurğulayıb.
Fidanın sözlərinə görə, Qafqazda və Mərkəzi Asiyada sabitliyin qorunması üçün Rusiya ilə birgə fəaliyyət mühüm əhəmiyyət daşıyır. O əlavə edib ki, logistika və ticarət əlaqələri də ikitərəfli münasibətlərin vacib istiqamətlərindəndir.
Görüş zamanı Şoyqu hazırda aktual olan məsələlərin müzakirəsini təklif edib və qeyd edib ki, əvvəlki problemlərlə yanaşı yeni çağırışlar da meydana çıxıb. Danışıqlar zamanı tərəflər bir-birinə “əziz dost” ifadəsi ilə müraciət ediblər.
Sevinc Əliyeva
Ordu.az