Tramp İranla bağlı saziş çərçivəsində investisiya fondunun yaradılmasını təkzib edib

2026/06/1781685418.jpg
Oxunub: 166     17:48     17 İyun 2026    
ABŞ Prezidenti Donald Tramp ABŞ ilə İran arasında münaqişənin nizamlanmasına dair razılaşmalar çərçivəsində 300 milyard dollarlıq özəl investisiya fondunun yaradılması barədə yayılan məlumatları təkzib edib.

Ordu.az xəbər verir ki, Tramp bu barədə Fransada keçirilən “Böyük Yeddilik” (G7) sammiti çərçivəsində jurnalistlərə açıqlamasında danışıb.

“Bu doğru deyil. Biz heç bir investisiya etmirik və belə bir fond mövcud deyil”, - deyə ABŞ Prezidenti bildirib.

Ağ Evin canlı yayımladığı brifinq zamanı çıxış edən Tramp qeyd edib ki, yayılan xəbərlər əsassız şəkildə şişirdilmiş uydurma məlumatlardır.

“Bu, kifayət qədər yaxşı səslənən bir açıqlamadan yaradılmış və lazımsız şəkildə böyüdülmüş hekayədir. Bəlkə də həmin açıqlama bir qədər daha aydın ifadə oluna bilərdi. Amma bu, tamamilə uydurmadır. Biz bir sent belə sərmayə qoymuruq”, - deyə o vurğulayıb.

Xatırladaq ki, daha əvvəl “Reuters” agentliyi ABŞ və İran arasında çərçivə sazişi əsasında 300 milyard dollarlıq özəl investisiya fondunun yaradılacağını bildirmişdi.

Məlumata görə, həmin vəsaitin yarıdan çoxu artıq investorların öhdəlikləri ilə təmin olunmuşdu. Bildirilirdi ki, fond dövlət vəsaiti və ya qrantlar hesabına deyil, özəl sektorun maliyyələşdirməsi ilə fəaliyyət göstərəcək.

İnvestorlar sırasında ABŞ, Fars körfəzi ölkələri, Asiya, Cənubi Amerika və Afrika şirkətlərinin olduğu qeyd edilirdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   İran  


Bizi "telegram"da izləyin