“El Pais”: Brüsseldə fon der Lyayen və Kallas arasında rəqabət daha da kəskinləşir

2026/06/1781687778.jpg
Oxunub: 201     13:14     17 İyun 2026    
Avropa İttifaqında Avropa diplomatiyasının rəhbəri Kaya Kallas və Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen ətrafında müzakirələr və tənqidlər getdikcə artır.

Ordu.az xəbər verir ki, bu barədə İspaniyanın “El Pais” qəzeti diplomatik mənbələrə istinadən yazıb.

Nəşrin məlumatına görə, bəzi diplomatlar Kallas və fon der Lyayen arasındakı rəqabəti “Taxt Oyunları”na bənzədirlər. Onların fikrincə, Brüsseldə Avropa İttifaqının xarici siyasət kursuna nəzarət uğrunda ciddi mübarizə gedir.

Məqalədə qeyd olunur ki, mövcud geosiyasi böhranlar fonunda fon der Lyayen və Kaya Kallas arasındakı fikir ayrılıqları daha sərt xarakter alıb.

“El Pais” yazır ki, Avropa İttifaqında Kallasın fəaliyyətindən narazılıq da artır. O, Ukrayna münaqişəsinə həddindən artıq diqqət ayırmaqda və Yaxın Şərqdəki hadisələrə kifayət qədər önəm verməməkdə tənqid olunur.

Nəşr əlavə edir ki, Ursula fon der Lyayen də tənqid hədəfindədir. Bir sıra diplomatlar onu Avropa İttifaqının xarici siyasəti üzərində təsir imkanlarını davamlı şəkildə genişləndirməyə çalışmaqda ittiham edirlər.

“Euronews” daha əvvəl bildirmişdi ki, Avropa İttifaqının diplomatik aparatında nəzərdə tutulan islahatların və Kallasın səlahiyyətlərinin mümkün məhdudlaşdırılmasının arxasında məhz fon der Lyayen dayana bilər.

Məlumata görə, Avropa İttifaqının diplomatik xidməti ilə Avropa Komissiyası arasında gərginlik artır. Fon der Lyayen son dövrlərdə xarici siyasət məsələləri ilə bağlı daha çox açıqlamalar verir ki, bu da Kallasın mövqeyinin zəifləməsinə səbəb olur.

Bundan əvvəl “Financial Times” qəzeti Kallasın Avropa diplomatiyasının rəhbəri kimi səlahiyyətlərinin bir hissəsini itirə biləcəyini yazmışdı. Nəşrin mənbələrinin məlumatına görə, Paris, Berlin və digər Avropa paytaxtlarında onun Avropa İttifaqının xarici siyasət strukturundakı rolunun yenidən nəzərdən keçirilməsi imkanları müzakirə olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Brüssel   Lyayen   Kallas  


Bizi "telegram"da izləyin