“NBC News” sorğusu: Amerikalıların 80 faizi ABŞ-də vətəndaş təhsilinin yetərli olmadığını düşünür

2026/06/1781970446.jpg
Oxunub: 198     19:45     20 İyun 2026    
ABŞ vətəndaşlarının böyük əksəriyyəti ölkədə vətəndaş təhsilinə kifayət qədər diqqət ayrılmadığını hesab edir.

Ordu.az xəbər verir ki, bu barədə “NBC News”un dərc etdiyi yeni ümummilli sorğuda qeyd olunub.

“More Perfect” təşkilatının dəstəyi ilə 3 min yetkin şəxs arasında aparılan sorğu göstərib ki, respondentlərin 80 faizi dövlət quruluşu və demokratiyanın əsaslarının tədris səviyyəsini qeyri-kafi hesab edir. Onların 51 faizi isə vəziyyəti “son dərəcə qeyri-kafi” kimi qiymətləndirib.

Sorğunun nəticələrinə görə, bu mövqe siyasi baxışlardan və yaş qruplarından asılı olmayaraq geniş şəkildə paylaşılır. Proqressivlərin 87 faizi və MAGA hərəkatı tərəfdarlarının 84 faizi vətəndaş təhsilinə yetərincə diqqət ayrılmadığı qənaətindədir.

Araşdırma hakimiyyət institutlarına etimadın da aşağı səviyyədə olduğunu ortaya qoyub. Respondentlərin yalnız 12 faizi Konqresə, 18 faizi isə federal hökumətə etibar etdiyini bildirib.

Yerli özünüidarəetmə orqanlarına, universitetlərə və məktəblərə etimad nisbətən yüksək olsa da, bu göstəricilər də məhdud səviyyədə qalır.

Sorğunun digər hissəsi hakimiyyət qolları arasında balans məsələsində cəmiyyətin iki yerə bölündüyünü göstərib. Respondentlərin 48 faizi Konqres və Ali Məhkəmənin ciddi iştirakı olmadan fəaliyyət göstərə bilən güclü icra hakimiyyətinə ehtiyac olduğunu düşünür. Eyni sayda iştirakçı isə bu yanaşmanı təhlükəli hesab edir.

Bununla yanaşı, sorğu amerikalıların əksəriyyətinin ölkə vətəndaşlarının ortaq fundamental dəyərləri paylaşdığına inandığını da göstərib. Onlar hesab edirlər ki, siyasi və ictimai məsələlərə baxışlar fərqli olsa da, əsas dəyərlər ortaq olaraq qalır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Təhsil  


Bizi "telegram"da izləyin