“Güclü Ermənistan” blokunun üzvü Ermənistan İstintaq Komitəsini məhkəməyə verib

2026/06/1781953356.jpg
Oxunub: 221     14:55     20 İyun 2026    
“Güclü Ermənistan” blokunun üzvü Narek Karapetyan Ermənistan İstintaq Komitəsinə qarşı məhkəmə iddiası qaldırıb.

Ordu.az xəbər verir ki, Karapetyan məhkəmədən İstintaq Komitəsini yaydığı məlumatı eyni qaydada və açıq şəkildə təkzib etməyə məcbur etməyi tələb edib.

İddiaya əsasən, söhbət “Güclü Ermənistan” blokunun deputatlığa namizədinin vəzifəli şəxs statusu əldə etməsinə mane olan xarici vətəndaşlığa malik olması barədə məlumatı gizlətməsi ilə bağlı yayılan açıqlamadan gedir.

Karapetyan məhkəmədən tələb edir ki, qərar qanuni qüvvəyə mindikdən sonra beş iş günü ərzində İstintaq Komitəsinin “investigative.am” saytında, həmçinin qurumun “Facebook” və “Telegram” hesablarında rəsmi təkzib mətni yayımlansın.

Tələb olunan təkzib mətnində qeyd edilməlidir ki, Ermənistan İstintaq Komitəsi 2026-cı il mayın 20-də Narek Karapetyan haqqında həqiqətə uyğun olmayan məlumat yayıb və həmin məlumat böhtan xarakteri daşıyıb.

Karapetyan iddia edir ki, yayılan məlumat yalan, əsassız və böhtan xarakterli olub. O, həmçinin İstintaq Komitəsindən öz xeyrinə böhtana görə simvolik olaraq 1 Ermənistan dramı məbləğində təzminat tutulmasını tələb edir.

Məhkəmə iddiasının nə vaxt baxılacağı və prosesin hansı mərhələdə olduğu barədə hələlik əlavə məlumat açıqlanmayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Karapetyan  


Bizi "telegram"da izləyin