Ordu.az xəbər verir ki, bunu Ermənistan parlamentinin “Hayastan” fraksiyasının katibi Artsvik Minasyan 2026-cı il iyunun 19-da Konstitusiya Məhkəməsinin binası qarşısında jurnalistlərlə söhbəti zamanı deyib.
Minasyan qeyd edib ki, 2020-ci ildən etibarən keçirilən bütün etiraz aksiyalarında iştirak edib və digər insanların yerinə qərar vermək və ya onların adından danışmaq niyyətində deyil. Bununla belə, o vurğulayıb ki, hətta açıqlanan nəticələrin doğru olduğu fərz edilsə belə, 600 mindən çox insan hakimiyyətə etiraz etmək üçün iradə nümayiş etdirib.
Jurnalistlərin hakimiyyətin lehinə 720 mindən çox seçicinin səs verdiyini xatırlatmasına cavab olaraq Minasyan seçki nəticələrinin mübahisəli olduğunu bildirib.
“Məsələ Konstitusiya Məhkəməsində araşdırıldıqdan sonra on minlərlə fakt üzə çıxacaq və həmin faktlar seçici siyahılarında imza olmadığı halda, məntəqələr üzrə yüksək iştirak göstəricilərinin elan edildiyini göstərəcək”, - deyə o qeyd edib.
Minasyan, həmçinin Nikol Paşinyanın müxalifətə səs verən seçicilərin böyük hissəsinin rüşvət aldığını iddia etməsi və müxalifətin isə Paşinyanı legitim rəhbər hesab etməməsi fonunda tərəflərin necə əməkdaşlıq edə biləcəyi barədə suala da cavab verib.
O bildirib ki, bu məsələyə yalnız xalq qərar verə bilər. Minasyanın fikrincə, əgər xalq həqiqətən seçimini etmiş olsaydı, müxalifət nəticələri qəbul edərdi. O, seçki prosesində baş verdiyini iddia etdiyi təzyiqlərin, saxtakarlıqların və qanun pozuntularının seçkilərin legitim nəticəsi kimi təqdim edilməsinə etiraz edib.
Qarabağın yenidən işğal edilməsi ilə bağlı əvvəlki vədlər barədə suala cavab verən müxalif erməni siyasətçi bildirib ki, onların mübarizəsinin əsas məqsədlərindən biri məhz bu olub. O qeyd edib ki, məqsədə nail olunmaması mübarizənin aparılmadığı anlamına gəlmir və Ermənistanın da “Qarabağ”ın (ləğv edilmiş qondarma qurum-red.) taleyini yaşamasına imkan verməmək üçün mübarizəni davam etdirmək lazımdır.
Alpər Mövludoğlu
Ordu.az