“SpaceX” ABŞ kəşfiyyatının ehtiyacları üçün peyklərlə raket buraxıb

2026/06/1781871288.jpg
Oxunub: 196     16:10     19 İyun 2026    
ABŞ-nin “SpaceX” şirkəti ABŞ Milli Hərbi-Kosmik Kəşfiyyat İdarəsinin (NRO) ehtiyacları üçün nəzərdə tutulan peykləri daşıyan “Falcon 9” raketini orbitə göndərib.

Ordu.az xəbər verir ki, raketin buraxılışı şirkətin “X” sosial şəbəkəsində canlı yayımlanıb.

NROL-179 missiyası çərçivəsində həyata keçirilən buraxılış ABŞ Hərbi Hava Qüvvələrinin Vandenberq bazasından yerli vaxtla saat 01:50-də baş tutub.

Bu, 2026-cı ildə “SpaceX” tərəfindən ABŞ kəşfiyyat strukturlarının ehtiyacları üçün həyata keçirilən üçüncü missiyadır. Daha əvvəl NROL-172 və NROL-105 missiyaları müvafiq olaraq may və yanvar aylarında icra edilmişdi.

ABŞ Milli Hərbi-Kosmik Kəşfiyyat İdarəsinin fəaliyyəti yüksək məxfilik şəraitində həyata keçirilir. Kəşfiyyat peyklərinə nəzarət edən qurum orbitə çıxarılan aparatların texniki xüsusiyyətləri və təyinatı barədə məlumat açıqlamır.

ABŞ-nin ixtisaslaşmış “Spaceflight Now” nəşri missiyada böyük ehtimalla “Starshield” peyklərinin istifadə olunduğunu yazıb. Lakin bu məlumat nə NRO, nə də “SpaceX” tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SpaceX   ABŞ  


Bizi "telegram"da izləyin