Aİ Ermənistana Rusiyanın ticarət məhdudiyyətlərinin təsirini azaltmaq üçün 34 milyon avro ayırıb

2025/10/1759499569.jpg
Oxunub: 150     15:39     19 İyun 2026    
Avropa Komissiyası Rusiyanın ticarət məhdudiyyətlərindən zərər çəkmiş ölkənin özəl sektorunu dəstəkləmək üçün təcili maliyyə yardımı kimi Ermənistana 34 milyon avro köçürüb.

Bu barədə Ordu.az Avropa Komissiyasına istinadən xəbər verir.

Vəsaitlər Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında baş tutan telefon danışığından iki həftə sonra ayrılıb. Brüsseldə vurğulanıb ki, bu yardım Avropa İttifaqının (Aİ) Ermənistanı dəstəkləmək üzrə öz üzərinə götürdüyü öhdəlikləri operativ şəkildə yerinə yetirməyə hazır olduğunu nümayiş etdirir.

Maliyyələşmə fon der Lyayen tərəfindən elan edilmiş daha geniş dəstək paketinin ilk tranşı olub. Proqram birbaşa maliyyə yardımından əlavə, ticarətə dəstək və ölkənin iqtisadi dayanıqlığının gücləndirilməsi üzrə tədbirləri nəzərdə tutur.

Avropa Komissiyasında qeyd edilib ki, Aİ və Ermənistan işgüzar əlaqələrin inkişafı və erməni istehsalçılarının xarici bazarlara çıxışının genişləndirilməsi üzrə işi davam etdirəcəklər. Əlavə dəstək ticarət məhdudiyyətlərindən ən çox təsirlənən sahələrə, o cümlədən aqrar-ərzaq sektoruna, gülçülüyə və digər ixracyönümlü istehsalatlara yönəldiləcək.

Yardım ticarət təşəbbüsləri, işgüzar tərəfdaşların axtarışı üzrə tədbirlər və bazarlara çıxışın genişləndirilməsi proqramları vasitəsilə həyata keçiriləcək. Tədbirlərin icrasının koordinasiyası və monitorinqi ilə iqtisadi dayanıqlıq məsələləri üzrə Aİ və Ermənistanın birgə işçi qrupu məşğul olur.

"Bugünkü yardım mövcud iqtisadi çağırışların öhdəsindən gəlməyə imkan verəcək və eyni zamanda regional və Avropa bazarlarında erməni şirkətləri üçün yeni imkanlar açacaq. Bu, Avropa həmrəyliyinin praktik təzahürüdür", - genişlənmə məsələləri üzrə Avropa komissarı Marta Kos bildirib.

Avropa Komissiyasından verilən məlumata görə, iyulun 5-də Kos dəstək paketinin gələcək icrasını və Aİ ilə Ermənistan arasında əməkdaşlığın gücləndirilməsi üzrə sonrakı addımları müzakirə etmək üçün Ermənistana səfər edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Ermənistan  


Bizi "telegram"da izləyin