Ordu.az xəbər verir ki, açılış mərasimi Gebze Texniki Universitetinin Konqres və Mədəniyyət Mərkəzində keçirilib.
Tədbirdə çıxış edən Haluk Görgün bildirib ki, müdafiə sənayesində həyata keçirilən layihələr akademik dairələr, sənaye müəssisələri və dövlət qurumları arasında güclü əməkdaşlıq sayəsində fasiləsiz davam etdirilir.
O qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın müdafiə sənayesinə verdiyi dəstək sektorun inkişafında mühüm rol oynayır.
Görgün vurğulayıb ki, hazırda Türkiyədə 4 mindən çox şirkət və 150 minə yaxın mütəxəssis müdafiə sənayesi məhsullarının hazırlanması və yeni texnologiyaların yaradılması istiqamətində fəaliyyət göstərir.
Onun sözlərinə görə, Türkiyə müdafiə sənayesi məhsullarını artıq 185 ölkəyə ixrac edir.
“Bu gün açılışını etdiyimiz hər iki laboratoriya tətbiq sahələri və əldə ediləcək nəticələr baxımından bizi rəqabət apardığımız bir çox ölkədən önə çıxara biləcək mühüm infrastruktur layihələridir”, - deyə Görgün bildirib.
Gebze Texniki Universitetinin rektoru professor Hacı Ali Mantar isə ASELSAN-ın dəstəyi ilə yaradılan Kvant Elmi və Texnologiyaları Laboratoriyasının universitetin elmi araşdırma strategiyasının mühüm hissəsi olduğunu qeyd edib.
Onun sözlərinə görə, laboratoriyada kvant radarları, təhlükəsiz rabitə sistemləri, dolaşıq foton əsaslı aşkarlama texnologiyaları və hibrid kvant sistemləri üzrə tədqiqatlar aparılacaq.
Mantar bildirib ki, bu laboratoriyada inkişaf etdirilən texnologiyalar gələcəkdə həm milli, həm də beynəlxalq səviyyədə mühüm elmi mərkəzə çevrilə bilər.
TRMOTOR Alt Sistemlər Sınaq Mərkəzi barədə danışan rektor qeyd edib ki, bu infrastruktur yerli mühərrik layihələrinin inkişafında kritik rol oynayacaq.
Onun sözlərinə görə, burada mühərriklər real iş şəraitində performans və dayanıqlıq sınaqlarından keçiriləcək.
TRMOTOR Alt Sistemlər direktoru Serdar Aksoy da çıxışında bildirib ki, mərkəz yalnız sınaq infrastrukturu deyil, eyni zamanda universitet-sənaye əməkdaşlığının nümunəsidir.
O qeyd edib ki, universitetlə təxminən iki ildir sıx əməkdaşlıq aparılır, alimlər məsləhətçi və ortaq layihələr vasitəsilə prosesə töhfə verir, tələbələr isə təcrübə və mühəndis hazırlığı proqramlarında iştirak edirlər.
Mərasimin sonunda Gebze Texniki Universitetinin rektoru Hacı Ali Mantar və TRMOTOR-un baş direktoru Osman Saim Dinç tərəfindən Haluk Görgünə TF35000 turbofan mühərrikinin təsvir olunduğu rəsm əsəri hədiyyə olunub.
Daha sonra Görgün və onu müşayiət edən nümayəndə heyəti Kvant Elmi və Texnologiyaları Laboratoriyası ilə TRMOTOR Alt Sistemlər Sınaq Mərkəzində yaradılan imkanlarla tanış olublar.
Sevinc Əliyeva
Ordu.az