Paşinyan: “Onları kökündən məhv edəcəyəm”

2026/06/1781704067.jpg
Oxunub: 232     17:46     17 İyun 2026    
“Hökumətin həyata keçirdiyi siyasi kursun dayandırılması yalnız hakimiyyət dəyişikliyi ilə mümkündür”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan iyunun 17-də parlamentdə keçirilən sual-cavab sessiyası zamanı “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Şirak Torosyanın sualını cavablandırarkən deyib.

Paşinyan qeyd edib ki, əgər Ermənistan vətəndaşları arasında hökumətin kursu ilə razılaşmayanlar varsa, onlar küçələrə çıxaraq inqilab etməli və hakimiyyəti dəyişməlidirlər.

Ermənistanın Baş naziri erməni deputata mövzunun aydınlaşdırılmasına kömək etdiyinə görə təşəkkür edib və müxalifətin təbliğatını kəskin tənqid edib.

Paşinyan bildirib ki, bu cür iddialar yalnız onun “müharibənin üçbaşlı partiyası” adlandırdığı qüvvələr tərəfindən gündəmdə saxlanılır. O hesab edir ki, həmin qüvvələr ölkəni yenidən daimi qarşıdurma və müharibə mühitinə qaytarmağa çalışırlar.

“Son seçkilər zamanı müxalifət tərəfindən böyük həcmdə seçki rüşvəti paylanıb. Bununla belə, döblət institutları ilk dəfə belə hallara qarşı güclü institusional müqavimət göstərə bilib. Ermənistan cəmiyyəti maliyyə təzyiqlərinə qalib gələrək siyasi yetkinlik nümayiş etdirib.

Seçki rüşvəti verənləri Ermənistanın siyasi həyatından kökündən silmək bizim əsas prioritetimizə çevrilir və biz onları bütün mümkün vasitələrlə bir-bir kökündən kəsəcəyik”, - deyə Paşinyan bildirib.

O, həmçinin narazılığını ifadə edib ki, 2021-ci ildən bu günədək seçki rüşvəti işləri üzrə keçən şəxslərdən heç biri həbs cəzası çəkməyib.

Regional təhlükəsizlik məsələlərinə toxunan Paşinyan bildirib ki, Ermənistan bütün xarici riskləri nəzarətdə saxlayır və neytrallaşdırır.

Onun fikrincə, ölkə üçün əsas təhlükə mənbəyi daxildə fəaliyyət göstərən revanşist qüvvələr və onların tərəfdarlarıdır.

Ermənistanın Baş naziri vurğulayıb ki, sülh siyasəti Alma-Ata Bəyannaməsinə əsaslanır və bu sənəd çərçivəsində Ermənistanla Azərbaycan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıyıblar.

Paşinyan iddia edib ki, parlament müxalifətinin bəzi şüarları və mövqeləri regionda yeni təhlükəsizlik riskləri yaradır və qonşu dövlətlərin Ermənistana qarşı birləşməsinə səbəb ola bilər.

Erməni hökumət başçısı müxalif qüvvələri “faktiki və hüquqi baxımdan casus şəbəkəsi” adlandırıb və onların xarici mərkəzlərin maraqlarına xidmət etdiyini irəli sürüb.

“Bu təhdidlərin konkret adları var: Robert Köçəryan, kaluqalı oliqarx və belarusmeylli oliqarx. Onlar öz yuvalarında məhv edilməlidirlər”, - deyə Paşinyan vurğulayıb.

Ermənistanın Baş naziri əlavə edib ki, hökumət rəhbəri olduğu müddətdə həmin qüvvələrə və onların bütün təsir şəbəkələrinə qarşı mübarizəni davam etdirəcək.

Çıxışının sonunda Paşinyan bir daha bəyan edib ki, əgər cəmiyyət onun revanşist qüvvələrə qarşı siyasəti ilə razı deyilsə, qanuni şəkildə küçə etirazları vasitəsilə hakimiyyəti dəyişə bilər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin