ABŞ-İran razılaşması necə qiymətləndirilməlidir?

2026/06/1781638109.jpg
Oxunub: 182     23:37     16 İyun 2026    
İyunun 15-də Pakistanın Baş naziri Şahbaz Şərif ölkəsinin iki aydan artıq müddətdə həyata keçirdiyi vasitəçilik səylərindən sonra ABŞ ilə İran arasında sülh razılaşmasının əldə olunduğunu “X” platformasında açıqlayıb. Şərif prosesə verdikləri mühüm töhfələrə görə Qətərə, Səudiyyə Ərəbistanına və Türkiyəyə təşəkkür edib, rəsmi imzalanma mərasiminin iyunun 19-da İsveçrədə keçiriləcəyini bildirib.

Bu açıqlamadan sonra hazırlanan Anlaşma Memorandumu elektron formada imzalanıb. Sənədi ABŞ tərəfdən Prezident Donald Tramp və vitse-prezident Cey Di Vens, İran tərəfdən isə parlamentin sədri Məhəmməd Baqir Qalibaf imzalayıb. Mətbuata sızan məlumata görə, bu memorandum İsrail/ABŞ-İran müharibəsini dayandırmağı və mövcud atəşkəs mühitini daha geniş diplomatik prosesə çevirməyi hədəfləyən çərçivə xarakterli sülh razılaşması hesab olunur.

Razılaşmanın mətni hələ rəsmi şəkildə yayımlanmasa da, açıqlanan əsas məqamlar arasında hərbi əməliyyatların dərhal dayandırılması və Hörmüz boğazının beynəlxalq dəniz nəqliyyatı üçün yenidən açılması yer alır. Bundan əlavə, başda İranın nüvə proqramı olmaqla həllini gözləyən problemlərin aradan qaldırılması üçün 60 günlük danışıqlar prosesi nəzərdə tutulur. Başlanacaq bu danışıqlarda sanksiyaların yumşaldılması və İranın dondurulmuş aktivlərinə çıxış əldə etməsi kimi məsələlərin də müzakirə ediləcəyi gözlənilir.

Bu razılaşma iki diqqətçəkən hadisədən sonra əldə olunub. Bunlardan birincisi, İsrailin təxminən bir həftə əvvəl İranın qərb və daxili bölgələrindəki hədəflərə qarşı həyata keçirdiyi və aprel ayından etibarən ilk belə hücum hesab olunan əməliyyatlar idi. İranın daha çox güc nümayişi xarakteri daşıyan raket atışlarına cavab olaraq Tehran, Təbriz və İsfahan başda olmaqla bir çox şəhərdə partlayışların baş verdiyi bildirilmişdi.

İkinci hadisə isə Donald Trampın sərt xəbərdarlığı olub. Münaqişəni dayandırmağa yönəlmiş danışıqların ləng getməsinə reaksiya verən Tramp İranın “bunun əvəzini ödəyəcəyini” bildirərək ABŞ-nin İran infrastrukturuna qarşı hücumları yenidən başlada biləcəyinə işarə edib.

Razılaşmaya dair beş əsas məqam

Bu memorandum müharibəyə səbəb olan əsas problemlərin tam şəkildə aradan qalxdığı anlamına gəlməsə də, diqqətəlayiq və dərin təhlil tələb edən bir sıra məqamları özündə ehtiva edir. Birincisi, hazırda ictimaiyyət qarşısında intensiv imic və informasiya mübarizəsinin aparıldığı görünür. Əsas aktorlar razılaşmanı qələbə kimi təqdim etməyə çalışsalar da, geniş regional bloklar daxilində, xüsusilə İran və İsraildəki sərt xətt tərəfdarları arasında bu prosesə ciddi şəkildə qarşı çıxan qüvvələr mövcuddur.

İrandakı müxalif qüvvələr verilən güzəştlərə görə razılaşmanı “alçaldıcı təslimçilik” kimi xarakterizə edirlər. Sərt mövqeli müxaliflər danışıqlar heyətini açıq şəkildə hədəfə alarkən, iranlı deputat Mahmud Nəbəviyan son layihənin əvvəlki variantlarla müqayisədə “çox daha dağıdıcı” olduğunu iddia edib. Oxşar şəkildə İsrailli rəsmilər də İsrailin ABŞ-İran razılaşmasında birbaşa iştirak etmədiyini və özlərini bu sənədin müddəaları ilə bağlı hesab etmədiklərini vurğulayıblar.

İsrailin müdafiə naziri İsrael Kats bildirib ki, İsrail Livanda nəzarətə götürdüyü ərazilərdən çıxmayacaq və zərurət yaranarsa, “Hizbullah” və İran mənşəli təhdidlərə qarşı fəaliyyətini davam etdirəcək. İkincisi, razılaşmanın vaxtı İranın manevr imkanlarının böyük ölçüdə məhdudlaşdığını göstərir. İran İnqilab Keşikçiləri Korpusu daha çox təbliğat və güc nümayişinə yönəldiyi halda, yaradılan təsəvvür ilə reallıq arasındakı fərq getdikcə böyüyüb. Bu müddətdə İranın artan təzyiqlərə dözmək qabiliyyəti də ciddi zərbə alıb.

Trampın İranın Hörmüz boğazını məhdudlaşdırmaq cəhdinə cavab olaraq tətbiq etdiyi əks blokada Tehrana ağır iqtisadi yük gətirib və rəhbərliyi danışıqlar masasına oturmağa məcbur edib. Bu blokadanın cəmi iki ay ərzində İrana 24 milyard dollardan artıq zərər vurduğu təxmin edilir. Ölkənin açıqlanmış ümumi valyuta ehtiyatlarına yaxın olan bu nəhəng itki İran hökumətini ya danışıqlar masasındakı şərtləri qəbul etmək, ya da tammiqyaslı iqtisadi çöküşlə üzləşmək seçimi qarşısında qoyub.

Üçüncüsü, İran və İsraildəki sərt xətt tərəfdarlarının kəskin reaksiyalarına baxmayaraq, bu memorandum xüsusilə 12 gün davam edən müharibədən sonra Trampın İranla razılığa gəlmək istəyinin səmimi olduğunu göstərir. Lakin hər iki ölkədəki radikal dairələr prosesin uzadılması, gərginliyin artırılması və ya birbaşa hərbi addımlar vasitəsilə sülh istiqamətində atılan əhəmiyyətli addımları pozmağa qərarlı görünürlər.

İmzalanmadan sonra 60 günlük danışıqlar dövrünün nəzərdə tutulduğunu nəzərə alsaq, bu qrupların davamlı və hərtərəfli həlli pozmaq üçün fəaliyyətlərini davam etdirməsi olduqca mümkündür. Dördüncüsü, vasitəçilik prosesində Pakistan böyük rol oynasa da, amerikalı, pakistanlı, səudiyyəli və türk rəsmilərin də təsdiqlədiyi kimi, Qətərin prosesə qoşulması da həlledici əhəmiyyət daşıyıb.

Burada diqqət çəkən məqam odur ki, nə Qətər Xarici İşlər Nazirliyi, nə də nazirliyin sözçüsü Pakistanın səylərinə dəstək verməkdən başqa Qətərin müstəqil təşəbbüs göstərdiyini bəyan edib. Hətta Qətər rəsmilərindən biri bu mərhələdə vasitəçilikdə müstəqil rol oynamadıqlarını bildirib. Görünür ki, Qətərin prosesə qoşulması ABŞ-nin tələbi ilə baş verib və bu iştirak müxtəlif istiqamətləri əhatə edib.

İlk olaraq, Qətər Vaşinqton ilə Tehran arasında texniki problemlərin həllini asanlaşdırıb. Məsələn, İran aktivlərinin ABŞ-nin birbaşa iştirakı olmadan köçürülməsinə şərait yaradıb və bunun ABŞ təşəbbüsü və ya ABŞ vergi ödəyicilərinin vəsaiti hesabına həyata keçirildiyi barədə təsəvvürün yaranmasının qarşısını alıb.

Bundan əlavə, vasitəçilik prosesinin sonrakı mərhələlərində Birləşmiş Ərəb Əmirlikləri ilə İran arasında kommunikasiya kanalının qurulmasında da mühüm rol oynayıb. Nəhayət, Səudiyyə Ərəbistanının mövqeyi ilə uyğun xətt tutaraq Pakistanın başlatdığı təşəbbüsə dəstək verib.

Dəyişən aktorlar

Digər tərəfdən, razılaşmanın ətrafında formalaşan iki diqqətçəkən ziddiyyətə diqqət yetirmək lazımdır. Bunlardan birincisi, Avropanın böhranın həllində demək olar ki, tamamilə passiv qalmasına baxmayaraq, ABŞ ilə İran arasındakı rəsmi imzalanma mərasiminə ev sahibliyi etməyi bacarmasıdır. Prosesin əsas təşəbbüskarı olan Pakistanın rolunu layiqincə qiymətləndirmək əvəzinə İsveçrənin bu mərasimə ev sahibliyi etməyə çalışması açıq fürsətçilik nümunəsi kimi qiymətləndirilə bilər.

İkinci ziddiyyət isə ondan ibarətdir ki, tarixən ABŞ ilə İran arasındakı böhranlarda həmişə əsas vasitəçi rolunu oynayan Oman hazırkı vəziyyətdə diqqətçəkən şəkildə tamamilə kənarda qalıb. Omanın müharibə dövründə tutduğu mövqe Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr və digər regional aktorlar tərəfindən onsuz da müsbət qarşılanmamışdı. Yüksək vəzifəli ABŞ rəsmisinin sözlərinə görə, Vaşinqton administrasiyası Məsqətin danışıqlar zamanı “iki tərəfli oyun oynadığı” qənaətinə gəlib və buna görə Omanın İranla bağlı vasitəçilik roluna son verib.

Nəhayət, razılaşmanın gələcəyi ilə bağlı gözləntilərə son dərəcə ehtiyatla yanaşmaq lazımdır. Qarşıdakı sənəd hərtərəfli yekun sülh sazişindən daha çox “keçid çərçivəsi” xarakteri daşıyır. Prosesin taleyini böyük ölçüdə qarşıdakı 60 gün ərzində danışıqlar masasında qəbul ediləcək qərarlar müəyyən edəcək. İran və İsrail daxilində bəzi qüvvələrin bu razılaşmaya kəskin şəkildə qarşı çıxdığını nəzərə alsaq, xüsusilə İsrail tərəfindən mümkün təxribat ehtimalı heç vaxt nəzərdən qaçırılmamalıdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran   İsrail  


Bizi "telegram"da izləyin