Bağdad baxımından son dərəcə utancverici hadisə kimi qiymətləndirilən bu məsələdə İsrailin İrana qarşı hava əməliyyatlarını dəstəkləmək məqsədilə İraq ərazisində iki irəli əməliyyat bazası qurduğu üzə çıxıb. Bu vəziyyət onsuz da kövrək olan İraq suverenliyinin açıq şəkildə pozulması kimi qiymətləndirilir.
“The Wall Street Journal” ilk bazanın mövcudluğunu mayın 9-da üzə çıxarıb. Məlumata görə, baza şiələr tərəfindən müqəddəs hesab edilən Nəcəf və Kərbəlanın cənub-qərbində yerləşən, bitki örtüyü olmayan Nuxeyb səhrasında yerləşirdi.
Ardınca “The New York Times” İsrailin ölkənin qərb səhra bölgələrində ikinci bazanı da qurduğunu və həmin bazanın bir ildən artıq müddət ərzində fəaliyyət göstərdiyini, hətta 2025-ci ilin iyununda baş verən 12 günlük müharibə zamanı da istifadə olunduğunu yazıb.
Bir bədəvi çoban martın 3-də təsadüfən bazalardan birinə rast gəlib və bu barədə İraq ordusuna məlumat verib. Ailəsinin sözlərinə görə, həmin məlumat sonradan onun ölümünə səbəb olub. Növbəti gün bölgəyə göndərilən İraq kəşfiyyat qrupu bombalanıb. Hücum nəticəsində bir hərbçi həlak olub, iki hərbçi yaralanıb.
Bağdadda bəzi dairələr məsuliyyəti keçmiş Baş nazir Məhəmməd Şiya əs-Sudaniyə yükləyərkən, iraqlı rəsmilər ABŞ-ni ilk bazanın gizlədilməsinə yardım etməkdə ittiham ediblər.
Artan risklər
“The Soufan Center”in baş direktoru Karolayn Rouz bildirib ki, Nəcəf və Kərbəla yaxınlığındakı səhra bölgəsi hər zaman gizli xüsusi əməliyyatlar üçün strateji ərazi hesab olunub və İsrailin burada mövcudluğu böyük əhəmiyyət daşıyır. Rouz “The New Arab”a açıqlamasında qeyd edib ki, baza kiçikmiqyaslı görünsə də, İsrailin İraq ərazisində fiziki mövcudluq yarada bilməsi həm İran, həm də İraq baxımından riskləri ciddi şəkildə artırır.
Rouz deyib: “İran baxımından bu vəziyyət həssaslığın artdığını göstərir. Çünki İsrail İraq hökuməti ilə rəsmi razılaşma olmadan qonşu ölkədə möhkəmlənmək və aylarla aşkar edilmədən qalmaq qabiliyyətini nümayiş etdirmiş oldu”. O əlavə edib ki, bu hadisə İran və İranın dəstəklədiyi qrupların İraq hökumətinə təzyiqini daha da artıracaq. Həmin qruplar uzun müddətdir ABŞ hərbçilərinin İraqdan çıxarılmasını və İsrailə qarşı daha sərt mövqe tutulmasını tələb edir.
Qüds Təhlükəsizlik və Xarici Əlaqələr Mərkəzinin ABŞ üzrə direktoru və TAM-C “Solutions” geosiyasi məsləhət şirkətinin analitik bölməsinin rəhbəri Ceng Sağnıç isə İsrailin niyə İraqda irəli əməliyyat bazalarına ehtiyac duyduğunu izah edib. O bildirib ki, ABŞ ilə birlikdə həyata keçirilən genişmiqyaslı hava əməliyyatları, məsələn, müharibənin ilk günündə 250 İsrail döyüş təyyarəsinin İran hava məkanına daxil olması çox geniş dəstək əməliyyatları tələb edir.
Sağnıç vurğulayıb ki, İsrail ABŞ-dən fərqli olaraq regionda məlum bazalara çıxış imkanına malik deyil. Buna görə də İsrailin yalnız bir müvəqqəti baza qurmuş olması ehtimalı çox aşağıdır. Sağnıçın fikrincə, üzə çıxarılan ilk baza böyük ehtimalla sonradan məhv edilən bazalardan biri olub və buna görə ictimaiyyətin məlumatına çatıb.
Risk kəşfiyyatı şirkəti RANE-də Yaxın Şərq və Şimali Afrika üzrə analitik Kristin Ronzi də bildirib ki, bazaların uzaq və təcrid olunmuş bölgələrdə yerləşməsi məxfilik və örtülü əməliyyatlar baxımından böyük üstünlük yaradır.
Ronzinin fikrincə, İsrailin hava zərbələri də bu bazaların mövcudluğunu gizlətməyə kömək edib.
“Burada görüləcək bir şey yoxdur”
“The Wall Street Journal”ın xəbərindən sonra Bağdad administrasiyası sürətlə imicini qorumağa yönəlmiş fəaliyyətə başladı. İraq ordusu “Suverenliyin Tətbiqi Əməliyyatı” adlı diqqətçəkən əməliyyata start verdi. Mayın 12-də İraq Silahlı Qüvvələri Baş Qərargah rəisi Əbdüləmir Rəşid Yarallah yüksək rütbəli hərbi nümayəndə heyəti ilə birlikdə ilk bazanın yerləşdiyi əraziyə səfər edib.
Ronzinin fikrincə, iraqlı rəsmilər hadisənin əhəmiyyətini kiçiltməyə çalışıblar. Çünki məsələ Bağdadı ABŞ ilə İran arasında həssas diplomatik çıxılmaz vəziyyətə salır.
Həmçinin İsrailin İraq ərazisində hərbi baza qura bilməsi İraq təhlükəsizlik qüvvələri üçün ciddi utanc mənbəyi hesab olunur və təhlükəsizlik sisteminin zəifliklərini üzə çıxarır. Rouz da Yarallahın səfərini “İraq dövlətinin nəzarətin hələ də öz əlində olduğu görüntüsünü yenidən yaratmaq cəhdi” kimi qiymətləndirib.
Onun fikrincə, bu bölgə İraq mərkəzi hökuməti üçün ciddi “kor nöqtə” idi və eyni zamanda İran ilə İran tərəfdarı olan “Həşdi Şabi” qrupları üçün də mühüm müzakirə mövzusu təşkil edirdi. ABŞ isə uzun müddətdir Bağdada “Həşdi Şabi”nin təsirini azaltması istiqamətində təzyiq göstərir.
İraqın suverenlik problemi
Ronzinin fikrincə, ABŞ-nin İsrailin mövcudluğundan xəbərdar olması İraqdakı İran tərəfdarı qrupların siyasi mövqelərini daha da gücləndirə və ölkəni İrana daha da yaxınlaşdıra bilər. Eyni zamanda bu vəziyyət iraqlı millətçiləri də ABŞ-İraq münasibətlərinin zəiflədilməsi istiqamətində daha fəal mövqe tutmağa həvəsləndirə bilər.
Lakin buna baxmayaraq bəzi şiə qruplarının və azlıq icmalarının ABŞ ilə birbaşa diplomatik böhran yaşanmasını istəmədiyi düşünülür. Çünki Vaşinqtonun İraq üzərində ciddi iqtisadi və təhlükəsizlik təzyiqi imkanları mövcuddur. ABŞ hərbçilərinin İraqdakı mövcudluğu bu gün əsasən Kürdüstan Bölgəsi ilə məhdudlaşır və bu mövcudluq 2014-cü ildə İŞİD-ə qarşı mübarizə məqsədilə Bağdadın razılığı ilə yenidən başlanmışdı.
Buna qarşılıq olaraq İraqın İsraillə heç vaxt diplomatik münasibətləri olmayıb və İsrail hərbi mövcudluğuna heç vaxt rəsmi icazə verilməyib. Rouzun fikrincə, hər hansı qüvvələrin statusu haqqında saziş və ya hərbi razılaşma olmadan İsrailin İraqda baza qurması açıq şəkildə İraq suverenliyinin pozulması deməkdir. Lakin vurğulanır ki, bu, İraq ərazisinin İrana qarşı əməliyyatlar üçün ilk dəfə istifadə olunması deyil.
Sağnıç isə məsələni İraq mərkəzi hökumətinin ölkə ərazisinin geniş hissələri üzərində nəzarətinin zəif olması ilə əlaqələndirir. Onun fikrincə, İsrail Bağdadın öz ərazisindəki bazaların mövcudluğunu belə aşkar edə bilməyəcəyinə əmin olaraq bu boşluqdan faydalanıb.
Bundan əlavə, bu hadisə İranın da həmin bazaları aşkar edə bilmədiyini ortaya qoyur.
Ceng Sağnıçın fikrincə, bu vəziyyət İran rəhbərliyinin təbliğatının əksinə olaraq, internet əsaslı xəritə və naviqasiya sistemlərindən kənarda inkişaf etmiş coğrafi kəşfiyyat imkanlarına malik olmadığı barədə şübhələri gücləndirir.
Tarixdə bənzəri olmayan hadisə
Ronzi bildirib ki, İsrail daha əvvəl İraqda əməliyyatlar həyata keçirib, lakin bu hadisə həqiqətən misli görünməmiş xarakter daşıyır. İraq ərazisində və görünür ki, İraq hökumətinin məlumatı olmadan hərbi baza qurulması İraq suverenliyinin “cəsarətli şəkildə pozulması” kimi xarakterizə olunur.
Sağnıç isə texniki baxımdan bunun İsrailin İraq ərazisindəki “ilk sənədləşdirilmiş əməliyyat xarakterli hərbi mövcudluğu” hesab edilə biləcəyini qeyd edir. O bildirib ki, 1970-ci illərdə kürdlərə göstərilən məhdud dəstək və 1960-cı illərdən etibarən həyata keçirilən hava zərbələri istisna olmaqla, İsrailin İraqda daha əvvəl sənədləşdirilmiş əməliyyat xarakterli hərbi fəaliyyəti olmayıb.
İsrailin 1981-ci ildə Bağdad yaxınlığındakı Osirak nüvə reaktorunu vurduğu hücum uzun müddətdir məlumdur. Bundan əlavə, 2019-cu ildə İraqlı silahlı qruplara qarşı hücumlar təşkil etdiyinə də geniş şəkildə inanılır.
Sudaninin hədəfə alınması
Ronzinin fikrincə, keçmiş İraq Baş naziri Sudaniyə yönələn ittihamların səbəbi hadisə zamanı baş nazir vəzifəsində olması və İraq hökumətinin ABŞ ilə birlikdə bazaları gizlətməsinə dair iddialardır. Lakin eyni zamanda Sudaninin siyasi rəqiblərinin də bu ittihamlardan istifadə edərək həm onu, həm də təhlükəsizlik və kəşfiyyat dairələrindəki müttəfiqlərini hədəf aldığı qeyd olunur.
Sağnıçın fikrincə, İraq dövlət sistemi regional rəqibləri ilə real mənada rəqabət apara biləcək mövqedən xeyli uzaqdır. Dövlətin gücü daha çox Kürd Regional Hökuməti ilə yaşanan daxili çəkişmələr üzərindən qiymətləndirilir.
Bu səbəbdən mərkəzi hökumət daxilində heç kimin “tam suverenlik” gözləntisi daşımadığı bildirilir. İsrailin pozuntuları da əsas etibarilə daxili siyasi mübarizələrdə istifadə olunan yeni alətə çevrilir. Sağnıçın fikrincə, İsrail əməliyyatının üzə çıxması İraqdakı rəqib qruplar arasında qarşılıqlı ittihamların yeni mövzusuna çevriləcək. Yarallahın səfəri və Sudaniyə qarşı səsləndirilən ittihamlar da bu kontekstdə qiymətləndirilməlidir.
Bunun İraq-ABŞ və ya İran-ABŞ münasibətlərinə böyükmiqyaslı təsirlər yaratması isə gözlənilmir. Çünki həm Bağdadın, həm də Tehranın məsələni kiçiltməkdən başqa ciddi seçiminin olmadığı düşünülür. Ronzi isə İraq təhlükəsizlik qüvvələrinin ölkənin uzaq bölgələrindəki mövcudluğunu artıracağını və milli təhlükəsizliklə kəşfiyyat qurumlarında daxili araşdırmalar başladacağını gözləyir.
Lakin o hesab edir ki, İraq hökuməti ümumilikdə bütün hadisəni kiçiltməyə davam edəcək. Onun fikrincə, siyasi rəqiblər bu hadisədən müəyyən müddət istifadə etsələr də, zaman keçdikcə məsələ böyük ölçüdə gündəmdən çıxacaq.
Sevinc Əliyeva
Ordu.az