Avropa Parlamenti ABŞ ilə tarif sazişinin tətbiqini təsdiqləyib

2026/03/1773647283.jpg
Oxunub: 186     22:44     16 İyun 2026    
Avropa Parlamenti ötən ilin iyul ayında ABŞ Prezidenti Donald Trampla əldə olunmuş tarif sazişinin tətbiqinə yekun razılıq verib.

Ordu.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb.

İyulun 4-dək sazişin qəbul edilməyəcəyi təqdirdə tariflərin artırılması təhlükəsi ilə üzləşən Avropa Parlamenti deputatları sənədi dəstəkləyiblər, lakin ona iki əsas şərt əlavə ediblər.

Birinci şərt “qüvvədən düşmə müddəası”dır. Bu müddəaya əsasən, saziş uzadılmadığı halda 2029-cu il dekabrın 31-də qüvvəsini itirəcək.

İkinci şərt isə polad və alüminium tərkibli məhsullar üzrə tariflərin azaldılması üçün “aydın meyarların” müəyyən edilməsidir.

Həmin tariflər Donald Tramp tərəfindən milli təhlükəsizlik qanunlarına əsaslanaraq tətbiq olunub və onun ötən ilin aprelində “Azadlıq Günü” siyasəti çərçivəsində müəyyən etdiyi tarif rejimindən kənardadır.

Razılaşmaya əsasən, ABŞ Avropa İttifaqından ixrac olunan məhsulların əksəriyyətinə 15 faizlik tarif tətbiq edir.

Avropa İttifaqı isə bir sıra ABŞ məhsulları, bəzi kənd təsərrüfatı malları və geniş çeşiddə dəniz məhsulları üzrə idxal rüsumlarını 0 faizə endirib.

Sazişin cümə axşamı Brüsseldə keçiriləcək görüşdə Avropa İttifaqı liderləri tərəfindən rəsmi şəkildə təsdiqlənəcəyi gözlənilir.

Avropa Parlamentinin təsdiqi Donald Trampla Şotlandiyanın Turnberi şəhərində yerləşən qolf meydançasında əldə edilmiş ilkin razılaşmadan təxminən bir il sonra baş verib.

ABŞ-dən fərqli olaraq, burada saziş dərhal tətbiq edilmişdi, Avropa İttifaqında isə sənəd standart demokratik prosedurlardan keçib.

Eyni zamanda ABŞ-nin milli təhlükəsizlik səbəblərini əsas gətirərək polad və alüminium tərkibli məhsullara tarif tətbiq etməsi Brüsselin ciddi tənqidlərinə səbəb olmuşdu.

Qəbul edilən mətnə əsasən, ABŞ polad məhsullarının törəmələrinə qarşı tarif tətbiq etməyə davam edərsə, Avropa Komissiyası 2026-cı il dekabrın 31-dək Amerika məhsullarına verilən tarif güzəştlərini dayandıra biləcək. Komissiya bu məsələ ilə bağlı dekabrın 1-dək hesabat təqdim etməlidir.

Bundan əlavə, Avropa Komissiyası 2029-cu il iyunun 30-dək, yəni Trampın prezidentlik müddətinin başa çatmasından altı ay sonra Amerika məhsullarına tətbiq edilən sıfır tariflərin, o cümlədən kənd təsərrüfatı məhsulları və kiçik, orta biznes sektoru üzrə təsirini qiymətləndirməyə borcludur.

İl ərzində ratifikasiya prosesi iki dəfə Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsi tərəfindən dayandırılmışdı.

İlk dəfə bu, yanvarda Donald Trampın daha yüksək tariflər tətbiq etmək hədələri səbəbindən, ikinci dəfə isə onun Qrenlandiyanın mümkün ilhaqı ilə bağlı açıqlamalarından sonra baş vermişdi.

ABŞ Ali Məhkəməsi artıq sazişin əsasını təşkil edən 15 faizlik tariflərin qanunsuz olduğuna qərar versə də, Avropa İttifaqı biznes və sənaye üçün sabitliyi qorumaq məqsədilə razılaşmanı qüvvədə saxlamaq qərarına gəlib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-Parlamenti     ABŞ  


Bizi "telegram"da izləyin