WP: Ağ Evdə bal zalının tikintisi xərclərinin yarıdan çoxunun vergiödəyicilərinin hesabına qarşılanacağı gözlənilir

2026/06/1781635332.jpg
Oxunub: 186     22:33     16 İyun 2026    
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə Ağ Evdə inşa ediləcək bal zalı layihəsinin dəyəri təxminən 600 milyon dollar ola bilər və bu məbləğin yarıdan çoxunun vergiödəyicilərinin vəsaiti hesabına maliyyələşdirilməsi planlaşdırılır.

Ordu.az xəbər verir ki, bu barədə “The Washington Post” nəşri məlumat yayıb.

Daha əvvəl Tramp layihənin dəyərini 400 milyon dollar olaraq qiymətləndirmiş və onun öz vəsaiti də daxil olmaqla özəl ianələr hesabına maliyyələşdiriləcəyini bildirmişdi.

Yeni bal zalı Trampın Ağ Evin yenilənməsi proqramının əsas elementlərindən biri hesab olunur.

Nəşrin məlumatına görə, xərclərin qiymətləndirilməsi layihənin podratçısı olan “Clark Construction” şirkətinin Tramp administrasiyası üçün hazırladığı sənədlərdə əks olunub.

Sənədlərə əsasən, hələ mart ayında layihənin ümumi büdcəsi 600 milyon dollar olaraq hesablanıb və bunun təxminən 293 milyon dollarının özəl mənbələrdən əldə olunması nəzərdə tutulub.

Lakin nəşr qeyd edir ki, həmin dövrdə administrasiya artıq dövlət vəsaiti hesabına podratçıya on milyonlarla dollar məbləğində ödənişlərin həyata keçirilməsini təsdiqləmişdi.

Bundan əvvəl, layihə hələ müzakirə mərhələsində olarkən, Tramp onun təxmini dəyərinin 200 milyon dollar olduğunu bildirmişdi.

Administrasiya nümayəndələri isə layihənin əsasən özəl donorlar və prezidentin şəxsi vəsaiti hesabına maliyyələşdirildiyini, dövlət vəsaitlərinin əsas maliyyə mənbəyi olmadığını vurğulayırlar.

Layihə siyasi müxalifətin tənqidinə səbəb olub. Müxalifət bu cür xərcləri həddindən artıq yüksək hesab edir.

Layihə eyni zamanda məhkəmə araşdırmasının predmetinə çevrilib. Məhkəmə mart ayında obyektin yerüstü hissəsinin tikintisini dayandırmaq barədə qərar qəbul etsə də, apellyasiya instansiyası həmin qərarın icrasını müvəqqəti olaraq dayandırıb.

Tramp administrasiyası bildirir ki, bal zalının tikintisinə ehtiyac apreldə baş vermiş insidentdən sonra daha da aktuallaşıb. Həmin vaxt silahlı şəxs ABŞ prezidentinin iştirak etdiyi tədbirə daxil olmağa cəhd göstərmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ağ-Ev   ABŞ  


Bizi "telegram"da izləyin