Ordu.az xəbər verir ki, bu barədə İspaniyanın Rəqəmsal Transformasiya Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
"Nazirlər Şurası bu gün qabaqcıl süni intellekt "giqafabrik"ini işləyib hazırlayacaq və tezliklə Avropa Komissiyasının elan edəcəyi müsabiqədə iştirak üçün müraciət edəcək dövlət-özəl konsorsiumuna 719 milyon avro məbləğində investisiya ayrılmasına icazə verib", - qurum qeyd edib.
Nazir Oskar Lopesin sözlərinə görə, bu investisiyalar İspaniya hökumətinin texnoloji suverenliyə, yenidən sənayeləşdirməyə, həmçinin etibarlı və dayanıqlı süni intellekt sahəsində liderliyə sadiqliyinin təsdiqidir.
Bu layihə sayəsində şirkətlər innovasiyaları daha sürətlə tətbiq edə və bazarda daha uğurla rəqabət apara biləcək, elm sektoru isə bahalı infrastruktura çıxış əldə edəcək. Ölkə rəsmiləri təşəbbüsün məqsədləri arasında digər məsələlərlə yanaşı, texnoloji asılılığın azaldılmasını və süni intellektin işlənib hazırlanmasının Avropa normalarına uyğun şəkildə həyata keçirilməsinə təminat verilməsini xüsusi qeyd ediblər.
Süni intellekt "giqafabrik"ləri yüz minlərlə qrafik prosessorun yerləşdirilməsi məqsədilə layihələndirilmiş nəhəng mərkəzlərdir.
Ordu.az