Şuşa Bəyannaməsinin 5-ci ilində Türkiyə-Azərbaycan münasibətləri

2026/06/1781541372.jpg
Oxunub: 262     20:35     15 İyun 2026    
Azərbaycanın müstəqilliyinin 35-ci ilinin qeyd olunduğu bu il, eyni zamanda 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsinin beşinci ildönümü olduğu üçün Azərbaycan və Türkiyə münasibətləri baxımından ayrıca əhəmiyyət daşıyır. Bu bəyannamə imzalandıqdan sonra iki ölkə arasındakı münasibətlər ikitərəfli və regional səviyyədə bir çox strateji nəticələr yaradıb və Qarabağ Zəfərindən sonra bölgədə formalaşan yeni geosiyasi reallığın qorunmasına töhfə verdiyi üçün mühüm əhəmiyyət kəsb edir.

İki ölkə arasındakı sosial bağlar

Bəyannamənin imzalanmasından sonra iki ölkə arasındakı münasibətlər ilk ciddi sınağını 2023-cü il fevralın 6-da Kahramanmaraş mərkəzli baş vermiş zəlzələ zamanı verdi. Zəlzələ baş verən zaman ilk yardım göstərən ölkə Azərbaycan oldu. Axtarış-xilasetmə qrupları, tibb işçiləri və Azərbaycanda təşkil edilən xalq yardımları iki ölkənin strateji müttəfiqliyini daha da möhkəmləndirdi. Zəlzələdən dərhal sonra Türkiyəyə humanitar və maliyyə yardımları da daxil olmaqla Azərbaycandan ümumilikdə 45 milyon dollar yardım göstərildi.

Bundan əlavə, bölgə əhalisinin yaralarının sağaldılması üçün Azərbaycan Kahramanmaraşda bir məhəllənin yenidən inşasına 100 milyon dollar maliyyə dəstəyi ayırdı. Sonradan “Azərbaycan Məhəlləsi” adı verilən bu yaşayış məntəqəsində 1200 mənzil, Heydər Əliyevin adını daşıyan 23 sinif otaqlı məktəb, mədəniyyət mərkəzi və Azərbaycan Parkı inşa edildi. 2025-ci ildə məhəllənin açılış mərasimində Prezident İlham Əliyev “Qarabağ müharibəsində olduğu kimi, zəlzələ zamanı da çiyin-çiyinə idik” dedi, Prezident Rəcəb Tayyib Ərdoğan isə “Azərbaycan tərəfindən tikilən evlər taleyimizin birliyinin sübutudur” açıqlamasını verdi.

Türkiyə-Azərbaycan münasibətlərinin dönüş nöqtələri

Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycanın 2023-cü ilin sentyabrında keçirdiyi antiterror əməliyyatına güclü dəstək verərək əməliyyatla bağlı “Qanuni və haqlı narahatlıqların aradan qaldırılmaması nəticəsində bölgədə sülhün, təhlükəsizliyin, rifahın və davamlı sabitliyin təmin olunması üçün yeganə yol olduğuna inanırıq” bəyanatını yayıb.

Antiterror əməliyyatından sonra Avropadan Ermənistana verilən dəstəyə qarşı Türkiyə Azərbaycanın yanında yer aldı. 2024-cü ilin aprelində Brüsseldə keçirilən ABŞ-Avropa İttifaqı-Ermənistan üçtərəfli görüşündən sonra Prezident Ərdoğan və Türkiyə Xarici İşlər Nazirliyi açıqlamaları ilə Azərbaycana dəstək ifadə etdi.

2024-cü ildə Azərbaycanda keçirilən prezident seçkilərində qalib gələn İlham Əliyev seçkidən sonra ölkə daxilində ilk səfərini Türkiyə istehsalı olan “Akıncı” pilotsuz uçuş aparatlarının Azərbaycandakı bazasına etdi, daha sonra isə fevralın 19-da ilk xarici səfərini Türkiyəyə reallaşdırdı. Səfər zamanı Prezident İlham Əliyev Şuşada keçiriləcək Türk Dövlətləri Təşkilatının zirvə toplantısına Şimali Kipr Türk Respublikasının (ŞKTR) keçmiş prezidenti Ersin Tatarı dəvət etdiyini açıqladı. Bu proses iki ölkənin parlamentləri arasında dostluq qrupunun yaradılması, ŞKTR-in Türk Dövlətləri Təşkilatına tam üzvlüyünə dəstək verilməsi və nəhayət Bakıda Şimali Kipr Türk Respublikasının Mədəniyyət Günlərinin keçirilməsi ilə davam etdi.

2024-cü ilin dekabrında Azərbaycan-Türkiyə münasibətlərində iki mühüm hadisə yaşandı. Birincisi, Azərbaycan Suriyada yeni quruculuq prosesində Türkiyənin artan rolunu tanıyan ilk ölkələrdən biri oldu. Suriyada baş verən inqilabdan sonra da Azərbaycan və Türkiyə arasında koordinasiya görüşləri keçirildi. Azərbaycan Xarici İşlər Nazirliyinin mövzu ilə bağlı açıqlamasında bildirildi ki, tərəflər Suriya məsələsi üzrə məsləhətləşmələr aparıb və Suriya siyasətini Türkiyə ilə koordinasiya edəcəklər.

Azərbaycan Türkiyə üzərindən Suriyaya humanitar yardım paketləri göndərdi. Suriya Prezidenti Əhməd Şaraanın 2025-ci il iyulun 14-də Azərbaycana etdiyi səfər zamanı Suriya hökuməti ilə SOCAR arasında təbii qaz tədarükünə dair saziş imzalandı və avqustun 2-də Azərbaycandan Suriyaya Türkiyə üzərindən təbii qaz nəqli başladı.

2024-cü ilin sonunda ikinci mühüm hadisə “Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Çeçenistan Respublikasının paytaxtı Qroznı yaxınlığında Rusiya ordusu tərəfindən vurulmasından sonra Türkiyənin Azərbaycana verdiyi dəstək oldu. Dekabrın 25-də Prezident Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng etdi. Daha sonra xarici işlər naziri Hakan Fidan Türkiyənin hər zaman qardaş Azərbaycanla həmrəylik içində olduğunu və hər cür dəstəyi göstərməyə hazır olduğunu bildirdi. Türkiyə tərəfi qəzaya uğrayan Azərbaycan təyyarəsi ilə bağlı araşdırma aparmaq, texniki və əməliyyat təhlilləri həyata keçirmək və lazımi dəstəyi təmin etmək üçün səkkiz nəfərlik araşdırma komissiyası təyin etdi.

Müdafiə sənayesi və enerji sahəsində əməkdaşlıq inkişaf edir

Müdafiə sənayesi sahəsində əməkdaşlıq da Şuşa Bəyannaməsindən sonra əlavə sazişlər və protokollarla gücləndirildi. Yeni dövrdə Azərbaycan Türkiyə üçün sadəcə bazar olmaqdan çıxdı. İki ölkə eyni zamanda ortaq istehsala başladı.

2024-cü il martın 8-də “Baykar” ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi arasında süni zəka dəstəkli robotlaşdırılmış insansız sistemlər, insansız sistem platformaları, zavod səviyyəsində texniki xidmət, insansız sistemlərin pilot tətbiqi, texniki və xidmət təlimi, sahə üzrə texniki dəstək və logistika koordinasiyası istiqamətlərində tədqiqat və inkişaf işləri aparmaq məqsədilə “Birgə Tədqiqat, İnkişaf və İstehsal Əməkdaşlığı Sazişi” imzalandı.

Daha sonra martın 24-də Türkiyə Müdafiə Sənayesi Komitəsi və müxtəlif türk müdafiə sənayesi şirkətlərinin rəhbərləri Azərbaycanın paytaxtı Bakıda bir araya gəldi. Nümayəndə heyəti Prezident İlham Əliyev və Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşərək ortaq istehsal və texnologiya paylaşımı məsələlərini müzakirə etdi.

Bundan başqa, Türkiyənin beşinci nəsil KAAN qırıcısının hazırlanmasında Azərbaycan da iştirak edir. Mətbuatda yayılan məlumatlara görə, Azərbaycan 2035-ci ilə qədər 20 ədəd beşinci nəsil KAAN təyyarəsi almağı planlaşdırır.

Şuşa Bəyannaməsindən sonra iki ölkə arasında enerji, xüsusilə də təbii qaz sahəsində əməkdaşlıq hədəfləri yenidən müəyyənləşdirildi. 2024-cü il mayın 14-də imzalanan sazişə əsasən, TANAP vasitəsilə Türkiyəyə çatdırılan qazın həcminin 2030-cu ilə qədər ildə 3,5 milyard kubmetrə çatdırılması, Yunanıstan-Bolqarıstan interkonnektoru vasitəsilə Türkiyədən Avropaya nəql olunan qazın artırılması və Türkmənistan qazının Azərbaycan və Gürcüstan üzərindən Türkiyəyə çatdırılması qərara alındı.

2025-ci il martın 5-də gündəlik 2 milyon kubmetr təbii qaz ötürmə gücünə malik İğdır-Naxçıvan Təbii Qaz Boru Kəmərinin açılış mərasimi keçirildi.

Bundan başqa, Türkiyənin energetika naziri Alparslan Bayraktar “Türk Petrol Anonim Şirketi”nin (TPAO) Azərbaycanın Şəfəq-Asiman qaz yatağında 30 faiz paya sahib olduğunu açıqladı.

2024-cü ildə Azərbaycan və Türkiyə arasında imzalanan Preferensial Ticarət Sazişinə əlavə protokol iyulun 1-də Türkiyədə qüvvəyə mindi. İki ölkə arasındakı Preferensial Ticarət Sazişi 2020-ci ilin fevralında Bakıda imzalanmış, əlavə protokol isə 2023-cü il aprelin 29-da qəbul edilmişdi. Əlavə protokol Azərbaycan və Türkiyənin qarşılıqlı gömrük və vergi güzəştləri tətbiq edəcəyi malların siyahısını əhatə edir. Yenilənmiş sazişə əsasən, siyahıya daxil edilmiş 150 növ mala 10 il müddətində güzəşt tətbiq ediləcək.

Bağlantılılıq istiqamətində atılan addımlar

İki ölkə arasında nəqliyyat sahəsində də yeni əməkdaşlıq istiqamətləri açıldı. Zəngəzur dəhlizi və onun tərkib hissələri bu prosesin ən mühüm komponentini təşkil edir. 2025-ci il avqustun 25-də Qars-Naxçıvan dəmir yolunun təməli qoyuldu. Zəngəzur dəhlizinin mühüm hissəsi olan Qars-Naxçıvan dəmir yolu Cənubi Qafqazı Türkiyə və Aralıq dənizi ilə birləşdirəcək şəkildə layihələndirilib. Ümumi dəyəri 2,4 milyard dollar olan bu layihənin 2029-cu ildə tamamlanacağı gözlənilir.

Beləliklə, Azərbaycan ərazilərinin işğaldan azad edilməsindən sonra Türkiyə və Azərbaycan Şuşa Bəyannaməsi ilə müttəfiqlik münasibətlərini rəsmiləşdirərək Cənubi Qafqazda formalaşan yeni geosiyasi tarazlığı qorumaq, qonşu bölgələrdə əməkdaşlıq və koordinasiyanı dərinləşdirmək, müdafiə sənayesi sahəsində əməkdaşlığı inkişaf etdirmək, iki ölkə arasındakı birbaşa nəqliyyat və bağlantılılığı təmin etməklə üçüncü ölkələrdən asılılığı azaltmaq kimi yeni strateji hədəflər müəyyənləşdirib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü, doktor Cavid Vəliyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Azərbaycan   Şuşa-Bəyannaməsi  


Bizi "telegram"da izləyin