Ermənistan KİV-i: İstintaq orqanları Karapetyanın ölkədən çıxışına qadağa qoymadıqlarını bildirirlər

2026/06/1781536549.jpg
Oxunub: 208     19:11     15 İyun 2026    
“Güclü Ermənistan” Partiyasının koordinatoru Narek Karapetyanın ölkədən çıxışına qadağa qoyulması ilə bağlı qərar istintaq orqanları tərəfindən qəbul edilməyib.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Pastinfo” nəşrinin sorğusuna cavab olaraq istintaq qurumlarından bildirilib.

Nəşr xatırladıb ki, bir neçə gün əvvəl Narek Karapetyanın Ermənistan-Gürcüstan sərhədini keçməsinə icazə verilməyib.

Karapetyan bildirmişdi ki, o, Lars keçid məntəqəsində yaranmış problemləri yerində işıqlandırmaq və ictimaiyyətə təqdim etmək məqsədilə səfərə çıxmaq istəyib.

“Onun ölkədən çıxışına qadağa qoyulmasının səbəbi kimi guya başqa ölkənin vətəndaşı olması ilə bağlı başlanmış icraat göstərilib. Lakin həmin cinayət işi çərçivəsində Karapetyan barəsində hər hansı qətimkan tədbirinin seçilməsi ilə bağlı məlumat yoxdur”, - deyə nəşr qeyd edib.

Ermənistan İstintaq Komitəsindən “Pastinfo”ya bildirilib ki, onların xətti ilə heç bir məhdudiyyət tətbiq edilməyib. Oxşar cavab Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən də verilib.

Ermənistan Baş Prokurorluğu isə məsələ ilə bağlı yazılı sorğu göndərilməsini istəyib.

Qeyd olunur ki, Mərkəzi Seçki Komissiyası da Narek Karapetyanın başqa ölkə vətəndaşlığına malik olması barədə məlumatları ictimai şəkildə təkzib edib.

Komissiya təqdim olunmuş məlumatların belə bir faktı təsdiqləmədiyini bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Karapetyan  


Bizi "telegram"da izləyin